İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO baş katibi müharibənin bitəcəyi tarixi açıqladı - İLGİNC DETALLAR

Rusiya-Ukrayna müharibəsinin getdiyi 3 il 9 ay ərzində hazırda heç vaxt olmadığı qədər tərəflər atəşkəsə çox yaxınlaşıb. Xüsusilə, ABŞ prezidenti Donald Trampın və Avropa İttifaqı liderlərinin ayrı-ayrılıqda hazırladıqları sülh bəndləri müharibənin tezliklə başa çatacağına olan ümidləri keçən hər gün artırmaqdadır.

Son olaraq, bu barədə NATO baş katibi Mark Rütte danışıb. Onun açıqlamalarından aydın olur ki, Rusiya-Ukrayna müharibəsi gələn ilə keçməyə də bilər.

"Cenevrə danışıqlarından sonra daha çox görüşə, eləcə də Aİ və NATO ilə müəyyən məsələlər üzrə ayrı-ayrı, paralel müzakirələrə ehtiyac var. Və biz hələ ora çatmamışıq".

"AzPolitika" xəbər verir ki, bunu NATO baş katibi Mark Rütte İspaniyanın "El País" qəzetinə verdiyi müsahibədə deyib.

Ukraynadakı münaqişənin bu ilin sonuna qədər bitib-bitməyəcəyi ilə bağlı suala cavab olaraq Rütte "Əlbəttə, mümkündür" cavabını verib.

"Proqnozlaşdırmaq həmişə çətindir, amma ümid edirəm ki, tezliklə sülh gələcək", - deyə o əlavə edib.

Mark Rütte vurğulayıb ki, sülh planı Rusiyanın Avropa üçün uzunmüddətli təhdid kimi qiymətləndirilməsini dəyişdirmir.

ORUCOV SON.jpeg (33 KB)

Politoloq Əli Orucov Musavat.com-a açıqlamasında hələ savaşın bitməsi ilə bağlı konkret fikir söyləməyin mümkünsüz olduğunu qeyd edib:

"Beynəlxalq ictimaiyyətin istəyi və arzusu XXI əsrin ən böyük və dağıdıcı müharibəsi olan Ukrayna-Rusiya müharibəsi tezliklə bitsin. Bunun üçün də indiyədək saysız-hesabsız təşəbbüslər, cəhdlər edilib, müxtəlif təkliflər irəli sürülüb.

Lakin təəssüflər olsun ki, indiyədək Rusiya təcavüzü və hərbi maşınını durdurmaq mümkün olmayıb. Müharibə bütün dünyanı təsirləndirib və bunun də sonucu beynəlxalq münasibətlər sistemində kardinal dəyişikliklərə gətirib çıxaracaq. Odur ki, böyük dövlətlər, güc mərkəzləri müxtəlif platformalardan və fərqli mövqelərdən çıxış edirlər.

ABŞ prezidenti Donald Trampın təklif etdiyi 28 bənddən ibarət son təklif diplomatik hərəkətliyi xeyli dərəcədə artırdı. Doğrudur, həmin plana münasibət birmənalı olmadı. Hətta ciddi etirazlar da yaratdı. Ancaq diqqətçəkən məqam ondan ibarətdir ki, hamı yorulub, müharibəni aparan da, müdafiə olunan da tezliklə bunun bitməsini istəyir. Ancaq bu heç də o demək deyil ki, müharibəni ilin sonunadək bitirmək mümkün olacaq.

Müharibəyə bais olan işğalçı daha çox ərazilər və güzəştlər istəyir, üstünlüklər əldə etməkdən geri addım atmır. Kompromislərə hazır deyil. Belə olan halda 4 ilə yaxın davam edən dağıdıcı və qanlı müharibənin durdurulması tezliklə mümkün görünmür. Diplomatik trafikin artması, müharibə ətrafında təşəbbüslərin intensivləşməsi bir qədər ümidvericidir. NATO baş katibi də məhz bu prizmadan yanaşıb.

Fikrimcə, sülhün tezliklə əldə olunması indiki halda Kremlin davranışlarına bağlıdır. Belə bir niyyət isə hələ tam aydın deyil".

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2026

01 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR