Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampın İrana qarşı endirdiyi son zərbələr Vaşinqtonda siyasi müzakirələri daha da kəskinləşdirib.
Musavat.com xəbər verir ki, Politico saytında dərc olunan təhlildə Trampın bu qərardan sonra öz seçicilərini necə inandırmalı olacağı məsələsi geniş şəkildə analiz edilir.
Məqalə müəllifinə görə, Trampın gecə saatlarında həyata keçirdiyi hərbi əməliyyatlar əvvəlcə hipotetik müzakirə mövzusu olan məsələni reallığa çevirib. Respublikaçı seçici bazası üzərində böyük təsir imkanlarına malik prezident indi elektoratının nə dərəcədə onun arxasınca gedəcəyini sınağa çəkir.
Keçən ay keçirilmiş Politico sorğusuna görə, 2024-cü ildə Trampa səs vermiş seçicilərin yalnız 50 faizi İrana qarşı hərbi əməliyyatı dəstəkləyib, 30 faizi isə buna qarşı çıxıb. Bu parçalanma və demokratların demək olar ki, vahid şəkildə müdaxiləyə qarşı olması ABŞ cəmiyyətində ümumi olaraq İranla müharibəyə dəstəyin zəif olduğunu göstərib.
Yanvar ayında keçirilmiş başqa bir Politico sorğusunda amerikalıların 45 faizi ABŞ-ın İrana qarşı hərbi addım atmamalı olduğunu bildirib. Yalnız 31 faiz belə addımı dəstəkləyib. The Economist/YouGov-un keçirdiyi sorğu da ictimai rəyin əsasən müdaxiləyə qarşı olduğunu göstərib.
Məsələnin siyasi riski xüsusilə Respublikaçılar Partiyası üçün yüksək qiymətləndirilir. Qarşıdan gələn aralıq seçkilər fonunda 2024-cü il seçki koalisiyasında kiçik çatlar belə ciddi nəticələr doğura bilər.
Sorğular göstərir ki, hərbi müdaxiləyə ən güclü dəstək Trampın öz əsas bazası – özünü “MAGA Respublikaçıları” adlandıran seçicilər arasında olub. Yanvarın 16-19-da keçirilmiş Politico sorğusuna görə, bu qrupun 61 faizi İrana qarşı hərbi əməliyyatı dəstəkləyib. Lakin özünü MAGA hesab etməyən Tramp seçiciləri arasında bu göstərici cəmi 42 faiz olub.
Bu isə o deməkdir ki, Trampın koalisiyası daxilində dəstək mövcud olsa da, o, tam və birmənalı deyil. Üstəlik, demokrat seçicilər demək olar ki, yekdilliklə müdaxiləyə qarşı çıxırlar. 2024-cü ildə Kamala Harrisə səs verənlərin üçdə ikisi İrana müdaxiləyə qarşı olduğunu bildirib. The Economist/YouGov sorğusunda isə demokratların 76 faizi mümkün hücuma etiraz edib.
Politico qeyd edir ki, bu birlik Respublikaçılar üçün xəbərdarlıq siqnalıdır: müdaxiləni dəstəkləyən demokratların sayı Respublikaçılar daxilindəki tərəddüdü kompensasiya etməyə kifayət etmir.
Tramp indiyədək ticarət və xarici siyasət kimi məsələlərdə Respublikaçı elektoratın mövqeyini dəyişməyi bacarıb. Lakin bu dəfə nəticə münaqişənin necə inkişaf edəcəyindən asılı olacaq.
Miçiqanlı Respublikaçı strateq Ceyson Ro Politico-ya bildirib ki, siyasi risk birbaşa nəticədən asılıdır: əgər İran zəiflədilər və ABŞ-a və ya müttəfiqlərə ciddi zərbə dəyməzsə, bu, Tramp üçün siyasi qələbə olacaq. Lakin münaqişə uzanarsa və ya quru qoşunları cəlb olunarsa, bu, ciddi siyasi yükə çevrilə bilər.
Bu vəziyyət Respublikaçılar Partiyası daxilində uzun illərdir davam edən mübahisəni də yenidən aktuallaşdırır – dünya siyasətində daha aqressiv mövqe tərəfdarları ilə xarici müdaxilələrə skeptik yanaşan qanad arasında bölünmə.
CPAC-ın yüksək vəzifəli nümayəndəsi Mercedes Şlapp C-SPAN efirində bildirib ki, MAGA bazasının reaksiyası münaqişənin müddəti və miqyasından asılı olacaq. Onun sözlərinə görə, əgər proses uzunmüddətli müharibəyə çevrilərsə, baza bunu açıq şəkildə qəbul etməyə bilər.
Fevral ayında keçirilmiş başqa bir Politico sorğusu göstərib ki, amerikalıların 47 faizi ABŞ hökumətinin beynəlxalq məsələlərə həddindən artıq fokuslandığını, daxili problemlərə isə kifayət qədər diqqət yetirmədiyini düşünür. Trampın 2024-cü il seçicilərinin 41 faizi də eyni fikirdədir. Özünü MAGA hesab etməyən Tramp seçiciləri arasında bu göstərici 49 faizə çatır.
Politico-nun qənaətinə görə, məhz bu qrup – MAGA olmayan Tramp seçiciləri – qarşıdakı aralıq seçkilərdə həlledici rol oynaya bilər. Əgər onlar mövqelərini dəyişər və ya seçkilərdə passiv qalarlarsa, təkcə sərt Tramp bazası Respublikaçılara Konqresdə üstünlük qazandırmaq üçün yetərli olmaya bilər.
Musavat.com
06 Iyun 2026
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ