Onlayn ictimai-siyasi qəzet
Rusiya–Ukrayna müharibəsinin davam etdiyi, Moskvanın isə Qərbin sanksiya və təzyiqləri ilə üzləşdiyi bir dövrdə Kazanda keçirilən Rusiya–ASEAN sammiti yalnız iqtisadi və diplomatik platforma kimi deyil, həm də Kremlin xarici siyasət prioritetlərini nümayiş etdirən mühüm hadisə kimi diqqət çəkdi.
Maraqlıdır ki, sammitin keçirildiyi günlərdə Ukrayna dronları Rusiya ərazisində, o cümlədən paytaxt Moskva istiqamətində hücumlar həyata keçirirdi. Buna baxmayaraq, Kreml beynəlxalq təcriddə olmadığını nümayiş etdirmək üçün Asiya ölkələri ilə əlaqələrin genişləndirilməsinə xüsusi önəm verdi. Rusiya bir tərəfdən Çinlə strateji tərəfdaşlığını qoruyarkən, digər tərəfdən Pekinin rəqibləri ilə əlaqələri genişləndirməklə hansı məqsədi güdür?

Politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında deyib ki, bu sammit ekspertlərin də diqqətini çəkib: “Çünki Putin Kazanda sammit iştirakçıları ilə görüşərkən, Ukrayna Moskvaya dron zərbələri endirirdi. Sammitdə Bruney, Vyetnam, İndoneziya, Kamboca, Laos, Malayziya, Myanma, Sinqapur, Tailand, Filippin, Şərqi Timor kimi ölkələrin rəsmiləri iştirak edib.
Putin sammitdən əvvəl Kazanda Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb. Fidan Putinlə görüşdən bir gün əvvəl rusiyalı həmkarı Sergey Lavrovla Moskvada müxtəlif mövzuları müzakirə edib. Fidan Lavrovla yanaşı Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə də danışıqlar aparıb. Putin Kazandakı sammitə xüsusi əhəmiyyət verir. Bu kimi forumlar Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiyanın beynəlxalq aləmdən tam izolyasiya olunmamasına dəlalət etməlidir”.
Ekspert yada salıb ki, Putin bundan əvvəl Sankt-Peterburqda keçirilən iqtisadi forumda iştirak etmişdi: “Sankt-Peterburqda forum keçirilərkən Ukrayna dronları bu şəhərin yanacaq mərkəzlərinə zərbələr endirirdi. Putin Kazanda keçirilən forum çərçivəsində Asiya ölkələrinin bir neçə lideri ilə görüşüb. Rusiya prezidenti Kazan forumunda ASEAN-a daxil olan ölkələrin aparıcı biznes nümayəndələrinin iştirakını da fəxrlə bildirib".

Politoloq qeyd edib ki, Kazandakı sammit Pekinin diqqətini çəkib: "Sammitdə Filippin Prezidenti Ferdinand Markos da iştirak edib və o Putinlə ikitərəfli görüş keçirib. Pekin Filippin Prezidentinin Kazana səfərindən və Putinlə görüşündən narahat olub. Çünki Çinlə Filippin arasında münasibətlər gərgindir. Çin və Filippin arasındakı münasibətlər Cənubi Çin dənizindəki qarşıdurma səbəbindən gərginləşib. Çinlə Filippinin hərbi gəmiləri arasında tez-tez atışmalar olur.
Təsadüfi deyil ki, Çin Filippinin müdafiə nazirinə qarşı sanksiya tətbiq edib. Nazir və onun ailə üzvlərinin Çin Respublikasına girişi qadağan olunub. Münasibətləri gərginləşdirən digər amil Çinin dənizdə Filippin sahillərinə yaxın mobil platformaların yerləşdirməsidir. Filippin hedab edir ki, Çin mobil platformalar vasitəsilə Cənubi Çin dənizində süni adalar yaratmağa çalışır".
Elxan Şahinoğlunun fikrincə, Putinin Filippin Prezidenti ilə görüşü və onunla müzakirə aparması Moskvanın Pekinə ismarıcı kimi qiymətləndirilə bilər: "Moskva Pekinin strateji tərəfdaş sayılsa da, Kreml Çinin Ukrayna müharibəsi fonunda Rusiyaya kifayət qədər dəstək verməməsindən narazıdır. Digər tərəfdən Çin Rusiyadan neft və qaz alışını şaxələndirir və enerji daşıyıcılarını ucuz qiymətə alır. Bu amil də Kremlin xoşuna gəlmir. Digər tərəfdən, Kreml Pekinin Brüssel və Vaşinqtonla artan dialoqunu narahatlıqla izləyir. Belə olan halda Kreml də Pekinin regional rəqibləri ilə dialoqu genişləndirməyə qərar verib".
Xalidə Gəray
Musavat.com
22 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ