Onlayn ictimai-siyasi qəzet
Hazırda bütün ABŞ yalnız bir hadisəyə köklənib. Bu da Minnesota ştatında, Minneapolis şəhərində İmmmiqrasiya və Gömrük Xidməti əməkdaşlarının bir qadını maşında güllələməsi ilə bağlıdır.
Musavat.com CNN telekanalına istinadən həmin hadisə ilə bağlı maraqlı təfərrüatları təqdim edir.
Məlum olub ki, Minneapolisdə ABŞ İmmiqrasiya və Gömrük Xidməti (ICE) əməkdaşı tərəfindən güllələnərək öldürülən qadın yaxınlarının dediyinə görə mehriban ana və həyat yoldaşı olub.. Ailəsi onun ölümünün başvermə şəraitini hələ də şokla qarşılayır və cavab axtarır.
37 yaşlı ABŞ vətəndaşı Rene Nikol Qud çərşənbə günü səhər saatlarında ICE əməkdaşının avtomobilinə atəş açması nəticəsində öldürülüb. Hadisənin baş verdiyi küçə qarla örtülü olub və Daxili Təhlükəsizlik naziri Kristi Noemin sözlərinə görə, ICE maşınlarından biri qarda ilişib. Noem həmin anda “əməliyyata mane olmaq istəyən təxribatçı qrupun” ICE əməkdaşlarını blokladığını iddia edib.
Nazirin sözlərinə görə, həmin maşınlardan birini idarə edən Qud avtomobilini “silaha çevirib” ICE əməkdaşını əzməyə cəhd edib və bundan sonra əməkdaş atəş açıb. Noem həmçinin əməkdaşı müdafiə edərək onun hərəkətlərinin özünümüdafiə xarakteri daşıdığını bildirib.
Bu versiya ştat və şəhər rəsmilərinin etirazına səbəb olub. Yerli qurumlar və hüquq-mühafizə nümayəndələri videoya istinad edərək hadisənin özünümüdafiə kimi təqdim edilməsinin “əsassız” olduğunu deyiblər. Hadisənin qeydə alındığı videolarda qadının avtomobillə əməkdaşlardan uzaqlaşmağa çalışdığı görünür.
Hadisə Minneapolisdə onsuz da gərgin olan siyasi və sosial atmosferi daha da kəskinləşdirib. Bu həftə Tramp administrasiyasının immiqrasiya siyasətinin növbəti mərhələsi çərçivəsində təxminən 2.000 federal agent şəhərə yerləşdirilmişdi. Bu addım Somali icmasında sosial yardım sui-istifadəsi ilə bağlı bir konservativ bloqqerin YouTube-da ortaya atdığı iddialardan sonra atılmışdı.
Rene Nikol Qud kim olub?
Minnesota Star Tribune-un yazdığına görə, xanım Qud “Twin Cities” bölgəsində bir adamla yaşayırdı. Anası Donna Qanger qızını belə təsvir edib:
“Renee tanıdığım ən şəfqətli insanlardan biri idi. Ömrü boyu insanlara baxıb. Sevən, bağışlayan və nəvazişli idi. Əslində o, həmişə başqaları üçün yaşayıb.”
Qud 6 yaşlı oğul anası idi. Uşağın atası 2023-cü ildə vəfat edib. Uşağın babası Star Tribune-a deyib:“Onun həyatında başqa heç kim yoxdur.”
Qud həyatının böyük hissəsini Koloradoda keçirib. Daha sonra həyat yoldaşı – hərbi veteran – vəfat etdikdən sonra bir müddət Kanzasda valideynləri ilə yaşayıb. Atası Tim Qanger The Washington Post-a bildirib:
“Yaxşı həyatı var idi, amma çətin həyatı da var idi. O çox gözəl insan idi".
CNN-in regional müxbirinə danışan əmisi Robert Qanger bildirib ki, bu ölüm xəbəri ailə üçün daha ağır olub, çünki həmin gün Qudun bacısı ad gününü qeyd edirmiş.
Kanzasdan keçmiş qonşusu isə CNN-in yerli partnyorlarına deyib:
“Onlar çox gözəl ailə idilər. O nə terrorçu idi, nə də ekstremist. O sadəcə övladını sevən anadır".
Old Dominion Universitetinin məlumatına görə, Good 2020-ci ildə bu universiteti bitirərək İngilis dili üzrə bakalavr dərəcəsi alıb. Universitetin rektoru Brian O. Hemphill açıqlamasında bunları yazıb:
“Renee-nin həyatı bizi birləşdirən dəyərləri – azadlıq, sevgi və sülhü xatırlatsın. Ümid edirəm ki, bu qaranlıq və qeyri-müəyyən dövrdə biz bu həyat hekayəsindən mərhəmət və ibrət götürə bilərik".
Hadisə yeri anım məkanına çevrildi
Hadisədən sonra Minneapolis sakinləri Rene Nikol Qudun öldürüldüyü küçənin kənarında toplaşaraq həm onu anıb, həm də baş verənlərə etiraz ediblər. Qar qarışıq səssiz və ağır havada qurulan improvizə edilmiş kiçik ziyarət guşəsində şamlar yandırılıb, güllər düzülüb və mərhumun adı ardıcıl şəkildə səsləndirilib.
Mitinqdə iştirak edənlər ICE-ə qarşı sərt şüarlar səsləndiriblər. Ən çox eşidilən şüarlardan biri belə idi: “Bir dəfə də deyin, iki dəfə də deyin — ICE-ə dözməyəcəyik!” Digər nümayişçilər isə “Katil ICE-i küçələrimizdən çıxarın” sözlərinin yazıldığı plakatlar qaldırıb.
Minneapolisin meri Ceykob Frey mitinqin fonunda jurnalistlərə açıqlamasında şəhər sakinlərini sakitliyə çağırıb. Frey həm də baş verənlər barədə federal qurumların açıqlamalarının reallıqla üst-üstə düşmədiyini bildirib və prosesin tam şəffaf araşdırılmasının vacibliyini vurğulayıb.
Minnesota qubernatoru Tim Vals isə Qudun ailəsinə başsağlığı verərək, hadisənin dövlət səviyyəsində ciddi şəkildə araşdırılacağını açıqlayıb. O, administrasiyasının “hesabatlılıq və ədalət uğrunda heç nəyi yarımçıq qoymayacağını” bəyan edib.
Musavat.com
10 Iyun 2026
09 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ