Onlayn ictimai-siyasi qəzet
Azərbaycan daha bir Milli Qəhrəmanını itirib.
Musavat.com xəbər verir ki, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Şahin Tağıyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Məlumata görə, mərhum son illər İsveçin Malmö şəhərində yaşayırdı.
Bildirilir ki, Şahin Tağıyev bir müddət əvvəl ağır xəstəlik səbəbindən müalicə alırdı və son günlər vəziyyəti kəskin pisləşmişdi.
Milli Qəhrəman Şahin Tağıyevin yaxınlarının Musavat.com-a verdiyi məlumata görə, onun nəşi İsveçin Malmö şəhərindən Bakıya gətiriləcək.
Məlumata əsasən, mərhumun nəşinin Azərbaycana gətirilməsi üçün Azərbaycanın İsveçdəki səfirliyinə rəsmi müraciət olunub və müvafiq prosedurlar artıq başlanıb. İsveç qanunvericiliyinin tələblərinə uyğun olaraq, bu proses təxminən 10 gün ərzində tamamlanacaq.
Qeyd edək ki, Şahin Tağıyev 1988-ci ildən milli azadlıq hərəkatının fəal iştirakçısı olub. 1991-ci ildə könüllü olaraq Qarabağ müharibəsinə gedib, leytenant rütbəsində bölük komandiri kimi döyüşlərə atılıb.
1992-ci ildə həmin bölüyün bazasında yaradılan “Qurtuluş” batalyonunun komandiri olub. Özü və rəhbərlik etdiyi batalyon bir sıra döyüşlərdə, o cümlədən Ağdərə istiqamətində düşmən cəbhəsinin yarılmasında xüsusi qəhrəmanlıq göstərib.
Tərtər, Seysulan, Yarımca, Levonarx döyüşlərində iştirak edib.
Azərbaycan Respublikası prezidentinin 23 iyun 1992-ci il tarixli fərmanı ilə Milli Qəhrəman adına layiq görülüb.
Allah rəhmət eləsin!
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ