Onlayn ictimai-siyasi qəzet
Rusiyanın kriminal aləmində diqqət çəkən hadisə baş verib. “Prime Crime” portalının yaydığı məlumata görə, kriminal dairələrdə “Vyatlaq” ləqəbi ilə tanınan, 58 yaşlı Sergey Reznikov (əvvəllər Vasin soyadını daşıyıb) “qanuni oğru” statusundan könüllü şəkildə imtina etdiyini bəyan edib.
Musavat.com xəbər verir ki, bununla o, bundan əvvəl eyni addımı atan “Muxa” ləqəbli Oleq Muxametşinin yolunu davam etdirib. Məlumata görə, Sergey Reznikov Moskva Cinayət Axtarış İdarəsinin (MUR) əməkdaşlarının iştirakı ilə videomüraciət edərək kriminal aləmin nüfuzlu siması olmadığını və cinayət mühiti ilə heç bir əlaqəsinin qalmadığını bildirib. Bununla belə, yayılan görüntülərdə onun ifadəsində işlədilən bəzi sözlər səbəbindən "qanuni oğru" statusunu tam şəkildə inkar edib-etmədiyi barədə müxtəlif şərhlər səslənir. “Prime Crime” yazır ki, “Vyatlaq” 2003-cü ildə “qanuni oğru” tituluna layiq görülüb. O, əvvəlcə uzun illər postsovet məkanının ən nüfuzlu kriminal liderlərindən hesab olunan Aslan Usoyanın (“Ded Xasan”) tərəfdarlarından olub və onun maraqları naminə Ural bölgəsində fəaliyyət göstərən bir neçə kriminal avtoritetin statusdan məhrum edilməsində iştirak edib.
Lakin təxminən 5 il sonra kriminal aləmdə baş verən parçalanma zamanı Reznikov Tariel Oniani və Merab Canqveladze qrupunun tərəfinə keçib. Bundan sonra isə “Ded Xasan”ın göstərişi ilə onun “qanuni oğru” statusunun əlindən alındığı bildirilir.
Statusunu itirdikdən sonra Reznikov kriminal aləmdən uzaqlaşaraq motosiklet həvəskarları hərəkatına qoşulub və uzun müddət ictimaiyyətin diqqətindən kənarda qalıb.
2023-cü ildə isə o, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilib. Narkotik vasitələrin qanunsuz saxlanılması ittihamı ilə saxlanılan Reznikov bir neçə ay istintaq təcridxanasında qaldıqdan sonra şərti cəza alaraq azadlığa buraxılıb.
Mənbənin iddiasına görə, həmin vaxt o, Rusiya Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət iyerarxiyasında ali mövqe tutma maddəsi ilə məsuliyyətə cəlb edilməsə də, son illərdə bu maddə ilə çoxsaylı kriminal avtoritetlərin uzunmüddətli həbs cəzaları alması onun qərarına təsir göstərib.
Qeyd edək ki, son illərdə Rusiyada kriminal iyerarxiyanın yüksək pilləsində yer almağa görə cinayət məsuliyyəti sərtləşdirilib. Bu səbəbdən bir sıra tanınmış kriminal avtoritetlər ya fəaliyyətlərini dayandırdıqlarını bəyan edir, ya da “qanuni oğru” statusundan imtina etdiklərini açıqlayırlar.
Bu baxımdan Sergey Reznikovun addımı Rusiyanın kriminal aləmində müşahidə olunan yeni tendensiyanın növbəti nümunəsi kimi qiymətləndirilir.
E.Məmmədəliyev,
Musavat.com
10 Iyul 2026
09 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ