Onlayn ictimai-siyasi qəzet
Rusiya Ukraynada mövcud təmas xətti boyunca döyüşlərin dayandırılması və münaqişənin “dondurulması” variantını qəbul etmir.
Musavat.com xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov avqustun 14-də “Vesti” informasiya xidmətinə müsahibəsində Moskvanın yalnız “uzunmüddətli, etibarlı və davamlı nizamlama” əldə edildikdən sonra hərbi əməliyyatları dayandıra biləcəyini bildirib.
“Getdikcə daha çox dairədən dərhal dayanmaq çağırışları eşidilir. Ancaq belə alınmayacaq. Yalnız uzunmüddətli, etibarlı və davamlı nizamlama olduqda dayanmaq mümkündür”, – Lavrov deyib.
Nazir mövcud təmas xəttində dayanmağın Rusiya üçün qəbuledilməz olduğunu iddia edib:
“Əgər indi təmas xəttində dayansaydıq, nasizmə qalib gəlmiş babalarımızın və ulu babalarımızın qəhrəmanlığının üzərindən xətt çəkmiş olardıq. Belə variantı nəzərdən keçirmək mümkün deyil”.
Lavrov eyni zamanda Rusiyanın Kiyevin hərbi potensialını Qərbdən təmin edən infrastruktura qarşı daha sərt üsullardan istifadə edəcəyini açıqlayıb. Onun sözlərinə görə, Moskva artıq bu istiqamətdə fəaliyyət göstərir və Qərbdə bunun təsirləri hiss olunur.
Rusiya XİN rəhbəri ABŞ prezidenti Donald Trampın vasitəçilik təşəbbüslərinə də toxunub. O bildirib ki, Vladimir Putin Ankoric görüşündə Trampın təkliflərini qəbul etsə də, sonradan proses dayanıb və Vaşinqton yenidən Ukraynaya fəal hərbi-kəşfiyyat dəstəyi verməyə başlayıb.
Lavrovun sözlərinə görə, Moskva ABŞ Dövlət Departamentinə Ukraynanın uzaqmənzilli zərbələrində Amerika kəşfiyyatının mümkün rolu ilə bağlı suallar göndərib və hazırda cavab gözləyir.
Nazir Qara dənizdə tankerlərə, o cümlədən Türkiyə ilə əlaqəli gəmilərə hücumlardan da danışıb. O, Moskvanın Ankara və Vaşinqtona müraciət etdiyini, lakin tərəflərin açıq mövqe bildirmədiyini söyləyib.
Lavrov Avropa İttifaqının Rusiyanın “kölgə donanması” adlandırdığı gəmilərə qarşı tədbirlərini isə “dəniz quldurluğu” kimi qiymətləndirib və Moskvanın buna cavab verəcəyini bildirib.
Bütövlükdə Lavrovun müsahibəsi göstərir ki, Rusiya indiki cəbhə xəttini müharibənin yekun sərhədi saymır, sadə atəşkəsi qəbul etmir və hərbi təzyiqi davam etdirmək niyyətindədir.
@@TVmusavat/152965@@
Musavat.com
18 Avqust 2026
17 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ