Onlayn ictimai-siyasi qəzet
Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin İrəvana səfəri Rusiya-Ermənistan münasibətlərində gərginliyi daha da artıracaq
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyevin Ermənistanın "Çiçəklənən Ermənistan" Partiyası və müxalifət lideri Qaqik Sarukyanla bağlı səsləndirdiyi bəyanat Moskvanın İrəvana münasibətdə yeni və daha sərt mərhələyə keçdiyini göstərir.
Musavat.com erməni mediasına istinadən xəbər ki, siyasi müşahidəçilərin fikrincə, bu açıqlama təkcə "Vahid Rusiya" partiyasının xarici tərəfdaşına dəstək mesajı deyil, həm də rəsmi Kremlin Nikol Paşinyan hökumətinin son dövrlərdə həyata keçirdiyi daxili və xarici siyasət kursuna açıq etirazıdır.
Moskva hesab edir ki, Ermənistanda müxalifətə qarşı hüquqi və siyasi təzyiqlər artır, Rusiya ilə strateji münasibətlərin qorunmasını müdafiə edən siyasi qüvvələr isə məqsədli şəkildə siyasi proseslərdən kənarlaşdırılır. Kreml eyni zamanda iddia edir ki, Paşinyan hakimiyyəti Qərbin siyasi dəstəyi ilə hərəkət edir və ABŞ ilə Avropa İttifaqının Ermənistanın daxili siyasi proseslərinə təsiri son illərdə nəzərəçarpacaq dərəcədə güclənib.

Ekspertlərin fikrincə, Moskvanın sərt ritorikası artıq konkret iqtisadi addımlarla müşayiət olunur. Rusiyanın Ermənistandan balıq məhsullarının idxalına tam qadağa qoyması Kremlin xəbərdarlıqlardan real iqtisadi təzyiq mexanizmlərinə keçdiyini göstərən ilk ciddi siqnallardan biri hesab edilir.
Medvedyev çıxışında bildirib ki, onilliklər ərzində formalaşmış Rusiya-Ermənistan iqtisadi əlaqələrinin pozulması ilk növbədə Ermənistan vətəndaşlarının sosial rifahına mənfi təsir göstərəcək. Onun sözlərinə görə, Rusiya bazarının itirilməsi, ticarət dövriyyəsinin azalması və iqtisadi əməkdaşlığın zəifləməsi Ermənistan iqtisadiyyatı üçün ciddi nəticələr doğura bilər. Moskvanın mesajı kifayət qədər açıqdır: Avrasiya İqtisadi İttifaqının təqdim etdiyi iqtisadi üstünlüklərdən istifadə etməklə yanaşı, paralel olaraq Avropa İttifaqı ilə inteqrasiyanı sürətləndirmək artıq mümkün olmayacaq. Kreml hesab edir ki, belə siyasət Rusiyanın maraqlarına zidd addım kimi qiymətləndirilməlidir.

Alphanews.am isə yazır ki, Rusiya-Ermənistan münasibətlərində gərginliyin daha da yüksələcəyi ehtimal edilir. Buna səbəb Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin İrəvana planlaşdırılan səfəri və Ermənistan üçün yeni maliyyə yardım paketinin açıqlanacağı ilə bağlı məlumatlardır.
Moskvada hesab edirlər ki, bu səfər təkcə iqtisadi əməkdaşlıq məqsədi daşımır. Kreml bunu Ermənistanın Avropa İttifaqına inteqrasiyasını sürətləndirən və Qərblə siyasi yaxınlaşmanı institusional səviyyəyə qaldıran addım kimi qiymətləndirir. Rusiya rəsmilərinin fikrincə, Avropa İttifaqının ayıracağı maliyyə yardımları Ermənistanın Rusiya bazarını itirməsi, enerji təchizatında yarana biləcək problemlər və təhlükəsizlik sahəsində mümkün dəyişikliklər nəticəsində üzləşəcəyi itkiləri tam şəkildə kompensasiya edə bilməyəcək.
Moskvanın mövqeyini Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin də təsdiqləyib. Onun sözlərinə görə, Ermənistanın eyni vaxtda həm Avropa İttifaqına inteqrasiya kursunu qanunvericilik səviyyəsində təsdiqləməsi, həm də Avrasiya İqtisadi İttifaqının bütün iqtisadi üstünlüklərindən yararlanması mümkün deyil. Qaluzin bildirib ki, Ermənistanın Avropa İttifaqına üzvlük prosesinin başlanmasına dair qəbul etdiyi qanun Moskva üçün artıq siyasi seçim deməkdir. Buna görə də İrəvanın "Aİ-yə rəsmi müraciət edilməyib" arqumenti Rusiyada ciddi əsas kimi qəbul olunmur.
Məlumatlara görə, Rusiya, Qazaxıstan, Qırğızıstan və Belarus rəhbərləri Ermənistanın gələcək inteqrasiya kursunun müəyyənləşdirilməsi üçün Avrasiya İqtisadi İttifaqı ilə Avropa İttifaqı arasında seçim edilməsinin vacibliyini vurğulayırlar. Hətta bu məsələnin referendum vasitəsilə həll olunması ilə bağlı fikirlər də gündəmdədir.
Eyni zamanda, Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı gələcək statusu ilə bağlı hüquqi və iqtisadi mexanizmlərin hazırlanmasının ilin sonunadək yekunlaşdırılacağı bildirilir. Bu isə onu göstərir ki, Moskva yaxın zamanda İrəvandan konkret siyasi qərar gözləyir.
Son hadisələr fonunda görünən odur ki, Rusiya Ermənistanın balanslaşdırılmış xarici siyasət yürütmək imkanlarının artıq məhdudlaşdığını düşünür. Kreml hesab edir ki, İrəvan yaxın perspektivdə ya Avrasiya İqtisadi İttifaqında qalaraq Rusiya ilə strateji tərəfdaşlığı davam etdirməli, ya da Avropa İttifaqına inteqrasiya yolunu seçərək bunun siyasi və iqtisadi nəticələrini qəbul etməlidir. Bu baxımdan qarşıdakı aylar Rusiya-Ermənistan münasibətlərinin gələcək istiqamətini müəyyənləşdirəcək ən həlledici dövrlərdən biri hesab olunur.
Musavat.com
01 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ