İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremlin erməniyə qarğışı Bakıya alqış deyil! - Rusiya ərazi bütövlüyümüzü tanıyır, ya yox?

Ermənistan baş naziri Nikol Paşinyanın İtaliyanın “La Repubblica” qəzetinə bu günlərdə verdiyi müsahibədə Rusiya üzərinə getməsi erməniyönlü rus siyasətçiləri də özündən çıxarıb. Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini, Putinin rəhbəri olduğu hakim “Vahid Rusiya” partiyasının üzvü Konstantin Zatulin də təbii ki, o sıradandır.

O Zatulin ki, Azərbaycan dövləti əleyhinə təxribatçı çıxışları və mövqeyinə görə çoxdan “qara siyahımız”dadır və maraqlıdır ki, aylar öncə onun Ermənistana girişi də yasaqlanıb - Paşinyan hökumətini təhqir elədiyi üçün...

Həmin bu şarlatan Zatilinin ermənidən çox erməni olmaq sevdasına düşərək, yenə iddia edib ki, guya N.Paşinyan Qarabağ ermənilərini “taleyin ümidinə” buraxıb, onların “öz müqəddəratını təyinetmə hüququndan imtina edib”. Halbuki ərazimizdəki separatçı-xunta rejimi 2-ci Qarabağ müharibəsindən sonra da İrəvandan maliyyələşir (bu il üçün ayrılam məbləğ 400 milyon dollara yaxındır!). Plyus, işğalçı ordunun qalıqları indiyədək Azərbaycandan çıxarılmayıb!

“Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin, ardınca isə Respublikanın erməni sakinlərinin müdafiə etdiyi öz müqəddəratını təyinetmə haqqı kiminsə konyunkturasına görə güzəşt edilə bilməz. Onilliklər ərzində Rusiyanın iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda məhz bu müzakirə edilib”.

Sitat Zatulinin mətbuat xidmətinin dünən yaydığı açıqlamasındandır.

Bir daha vurğulayaq: deputat, Dumanın komitə sədrinin müavini K.Zatulin Rusiyadakı hakim partiyanın ünlü simalarındandır, rəsmi şəxs sayılır...

Konkret yuxarıdakı sitata gəlincə, yaxşı deyiblər, “dil çaşıb sözün düzünü deyər”. Əslində isə təzə söhbət deyil. Biz bütün bu “diplomatik” hoqqalardan çoxdan xəbərdarıq. Bilirik ki, Rusiyanın da daxil olduğu bədnam “Minsk üçlüsü” onilliklər boyu qərəzsiz vasitəçiliklə yox, Bakını işğalla barışdırmağa yönəlik fəaliyyətlə məşğul olub.

Sonrası hamıya məlum. Minsk Qrupunun, status məsələsinin indi harada “külləndiyi” də artıq hər kəsə bəlli. Odur ki Zatulinin Makronsayağı haylara (daha dəqiqi, Rusiyaya) görə yaxa cırması əbəsdir. Eyni zamanda, gülüncdür. Çünki qatar çoxdan gedib.

Ağlı başında olanlar tam əmindirlər ki, əgər Azərbaycan işğal dönəmində öz ərazisində “ikinci erməni dövləti” qurmağa hesablanmış məkrli “həll” modellərini yaxına buraxmayıbsa, 44 günlük savaşdakı möhtəşəm hərbi qələbədən sonra, qardaş Türkiyə ilə “ət-dırnaq” olandan sonra Bakının güzəştə gedəcəyini xəyal eləmək avamlıq və quşbeyinlikdir!..

Hər şey qırağa, görəsən K.Zatulin “xalqlar həbsxanası” Rusiyada çeçenlərə, tatarlara, başqırdlara, tuvalılara, yakutlara, 500 illik imperiya ərazisində yaşayan digər aborigen xalqlara da eyni dərəcədə öz müqəddəratını təyinetmə haqqı tanıyırmı? Yoxsa belə “lütfkarlığı” yalnız başqa dövlətlərə rəva görür?

Üstəlik, “Qafqaz qaraçıları”ndan, köçmən Qarabağ ernənilərindən fərqli olaraq, bu xalqlar öz tarixi vətənlərində yaşayır və Qarabağdakı bir ovuc haydan sayca əlli-yüz dəfələrlə çoxdurlar. Ötə yandan, ermənilərin pis-yaxşı öz dövlətləri var. Bir millət öz müqəddəratını neçə dəfə təyin etməlidir ki?

Bəllidir ki, Rusiya siyasi isteblişmentində belə “köntöy” suallardan xoşlanmırlar. Amma gəl ki, “şüşəli otaq”dan başqalarına həyasızcasına daş atmağa davam edirlər...

Bu yerdə yada Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarovanın son zamanlar sanki ermənilərə acıq verirmiş kimi, əslində isə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə həqarət xarakterli bir fitnəkar ifadəsi düşür: “Laçın dəhlizindəki mövcud vəziyyətin səbəbi İrəvanın Qarabağı Azərbaycanın tərkib hissəsi sayması ilə bağlıdır”.

İşə bax, məgər regionda ədalətli sülh Ermənistanın Qarabağ üzərində Azərbaycanın suverenliyini tanımasından keçmir? Rusiya özü ölkəmizin ərazi bütövlüyümüzü tanımır ki? Yanılmırıqsa, tanıyır. Ən azından 22 fevral (2022) Moskva Bəyannaməsi var (bax: giriş və 1-ci bənd).

O zaman eyni mövqeni Ermənistan bəyan edəndə Rusiya niyə qıcıqlanır? Axı Zaxarova da sıradan biri deyil. Məgər o, eləcə də onun təxribat ortağı Zatulin Putinin imzası duran Moskva sənədini oxumayıb? Hərçənd Azərbaycanın ərazi bütövlüyü məsələsində Paşinyan və komandası da axıradək səmimi deyil və nala-mıxa vurur...

Nəhayət, yada salanda ki, ötən il Putinin özü “Valday” diskussiya klubunun toplantısında oxşar fikir səsləndirib və dolayisıyla Paşinyanı “Praqa anlaşması” ilə Azərbaycanın ərazi bütövlüyünü tanıdığı üçün məzəmmət edib, üstəgəl, torpaqlarımızda müvəqqəti yerləmiş Rusiya “sülhməramlı” kontingenti qanunsuz erməni silahlı dəstələri ilə az qala vahid ordu kimi hərəkət edir, o zaman Ermənistan üzərinə kükrəyən zaxarovaları, zatulinləri qınamağa dəymir.

Bütün hallarda rusun erməniyə qarğışı əlbəttə ki, bizə alqış anlamına gəlməz. Eyforiyaya qapılmayaq. Azərbaycan qardaş Türkiyə ilə, digər sadiq dost-müttəfiqləri ilə öz işini möhkəm tutmalı, ayıq-sayıq olmalı, barıtı həmişə quru saxlamalıdır...

Siyasət şöbəsi,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR