İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiminsə mesajlarına başqası baxa bilərmi?

Cütlüklər arasında qarşı tərəfi nəzarətdə saxlamaq məqsədilə onun mobil telefonuna gizli şəkildə izləmə proqramları və ya digər texniki vasitələrin quraşdırılması ilə bağlı iddialar tez-tez gündəmə gəlir. Belə hallarda şəxsi yazışmaların oxunması, zənglərin izlənilməsi, yerləşmə məlumatlarının əldə edilməsi və digər şəxsi məlumatlara icazəsiz giriş ciddi hüquqi və etik müzakirələrə səbəb olur.

Həqiqətən kiminsə mesajlarını başqası baxa bilər mi, yoxsa bu kimi üsullarla insanları yanlış linklərə yönləndirib onların pullarını çəkirlər?

Mövzu ilə bağlı açıqlama verən İnformasiya Texnologiyaları üzrə Mühəndis-Tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev bildirib ki, mobil telefona gizli şəkildə izləmə proqramlarının quraşdırılması ilə bağlı iddialar daha çox müzakirə olunur:

“Mütəxəssislər bildirirlər ki, texniki baxımdan kiminsə mobil cihazına onun xəbəri olmadan casus proqram quraşdırılarsa və ya elektron hesablarına icazəsiz giriş əldə edilərsə, şəxsi yazışmaların, zəng qeydlərinin, kontaktların, foto və videoların, hətta yerləşmə məlumatlarının izlənilməsi mümkün ola bilər. Lakin bu, adətən telefona fiziki girişin olması, istifadəçinin aldadılaraq zərərli proqram yükləməsi və ya giriş məlumatlarını paylaşması kimi hallarda baş verir. Bununla yanaşı, internetdə və sosial şəbəkələrdə "istənilən nömrənin “WhatsApp” yazışmalarını oxuyuruq", "telefonu uzaqdan izləyirik", "bir neçə dəqiqəyə bütün mesajları təqdim edirik" kimi vədlərlə çıxış edən şəxslərin böyük əksəriyyəti dələduzluqla məşğuldur. Onlar adətən istifadəçilərdən müəyyən məbləğdə pul tələb edir, bank kartı məlumatlarını və ya sosial şəbəkə hesablarının şifrələrini ələ keçirməyə çalışırlar. Bəzi hallarda isə qurbanlara göndərilən saxta keçidlər vasitəsilə onların öz telefonlarına zərərli proqram yüklənir və nəticədə şəxsi məlumatları təhlükə altına düşür”.

Ekspert əlavə edib ki, müasir mesajlaşma platformaları, o cümlədən “WhatsApp”, “Signal” və digər məşhur tətbiqlər şifrələmə texnologiyasından istifadə edir:

“Bu səbəbdən sadəcə telefon nömrəsini bilməklə və ya hansısa "xidmət" üçün ödəniş etməklə həmin şəxsin yazışmalarını oxumaq mümkün deyil. Əgər kimsə belə bir xidmət təklif edirsə, bu, böyük ehtimalla dələduzluq cəhdidir. Vətəndaşlara naməlum mənbələrdən gələn linklərə daxil olmamağı, etibarsız tətbiqləri yükləməməyi, bütün hesablarında iki mərhələli doğrulamanı aktiv etməyi və telefonun əməliyyat sistemini mütəmadi yeniləməyi tövsiyə edirik. Telefonun səbəbsiz yerə sürətlə enerji sərf etməsi, həddindən artıq qızması, internet trafikinin artması və ya istifadəçinin xəbəri olmadan bəzi icazələrin aktivləşməsi kimi hallar da cihazda zərərli proqramın olmasına işarə edə bilər.

Şəxsin razılığı olmadan onun telefonuna müdaxilə etmək, yazışmalarını izləmək və ya şəxsi məlumatlarını əldə etmək yalnız etik baxımdan deyil, hüquqi baxımdan da ciddi pozuntu hesab olunur və qanunvericiliyə uyğun olaraq məsuliyyət yarada bilər. Bu səbəbdən vətəndaşlara belə vədlərə inanmamaq, şübhəli xidmətlərdən uzaq durmaq və şəxsi məlumatlarının təhlükəsizliyinə xüsusi diqqət yetirmək tövsiyə olunur”.

Məsələ ilə bağlı saytımıza danışan İT mütəxəssis Elvin Abbasov deyib ki, münasibətlərdə etimadsızlıq zəminində yaşanan bu məsələnin həm texniki, həm də psixoloji tərəfləri var:

“Həqiqətən də başqasının mesajlarını oxumaq texniki olaraq mümkündür, lakin bu, reklamda iddia edildiyi kimi "sadəcə nömrə yazmaqla" baş vermir. Kiminsə telefonunu izləmək üçün həmin cihaza fiziki olaraq müdaxilə etmək, kilid kodunu bilərək gizlice casus proqramlar quraşdırmaq və ya “WhatsApp”, “Telegram” kimi tətbiqlərin parametrindəki "Bağlı cihazlar" bölməsindən QR kod oxutmaq lazımdır. Yəni qarşı tərəfin telefonuna fiziki çıxış olmadan uzaqdan izləmə aparmaq praktiki olaraq qeyri-mümkündür. Üstəlik, kiminsə şəxsi yazışmalarını və ya yerləşdiyi yeri onun icazəsi olmadan izləmək Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən şəxsi həyatın toxunulmazlığının pozulması hesab olunur və ciddi hüquqi məsuliyyət yaradır.

Mütəxəssis vurğulayıb ki, sosial şəbəkələrdə və ya internetdə rast gəlinən "istənilən nömrənin mesajlarını oxu" və ya "həyat yoldaşını izlə" kimi vədlər verən proqramların, linklərin 99 faizi tamamilə insanları aldatmağa yönəlmiş dələduzluq tələləridir:

“Dələduzlar insanların qısqanclıq, şübhə və ya maraq hisslərindən istifadə edərək onları xüsusi hazırlanmış keçidlərə yönləndirirlər. Bu linklərə daxil olduqda izləmək istədiyiniz şəxsin deyil, məhz öz telefonunuzun bank kartı məlumatları, parolları və şəxsi faylları oğurlanır, yaxud da guya məlumatları göstərmək adı altında sizdən pul tələb olunur. Bir sözlə, uzaqdan sadəcə nömrə ilə izləmə vəd edən bütün vasitələr maliyyə dələduzluğudur və bu tür linklərə keçid etmək böyük risk daşıyır”.//Demokrat.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR