Onlayn ictimai-siyasi qəzet
Bütün Ermənilərin Katolikosu və Erməni Həvari Kilsəsinin 6 iyerarxı məhkəmənin bu gün keçirilən iclasında yenidən iştirak etməyəcəklər. Musavat.com bildirir ki, bu barədə Müqəddəs Eçmiədzin Taxt-Tacının mətbuat dəftərxanası erməni mediasına məlumat verib.
Məlumata görə, növbəti iclas Eçmiədzin məhkəməsində keçiriləcək. II Qareginin və yüksəkrütbəli iyerarxların maraqlarını onların vəkilləri təmsil edəcəklər. Erməni Həvari Kilsəsinin rəhbəri və digər din xadimləri avqustun 28-də keçirilən iclasda da iştirak etməmişdilər. İş 2026-cı il iyulun 27-də Armavir vilayətinin birinci instansiya məhkəməsinə daxil olub. İyulun 30-da hakim Hakop Manukyan işi icraata qəbul edib və ilkin məhkəmə baxışını təyin edib. Lakin avqustun 7-də o, özünə etiraz etdiyini bəyan edib. Avqustun 10-da iş hakim Serj Ruşanyana verilib.
Avqustun 14-də məhkəmə icraatı yenidən baxılması üçün qəbul edib və ilkin baxış təyin edib. Avqustun 28-də Armavir vilayətinin birinci instansiya məhkəməsi işin Yerevanın birinci instansiya cinayət məhkəməsinə verilməsi barədə qərar çıxarıb.
Lakin sentyabrın 3-də Yerevan birinci instansiya cinayət məhkəməsinin hakimi Vahaqn Melikyan işin aidiyyəti üzrə yekun qərar çıxarılması üçün icraatı Kassasiya Məhkəməsinə göndərib. Kassasiya Məhkəməsi belə qənaətə gəlib ki, icraat məhz Armavir vilayətinin birinci instansiya ümumi yurisdiksiya məhkəməsinin aidiyyətindədir.

Xatırladaq ki, Ermənistanın İstintaq Komitəsi II Qareginin yepiskop Qevork Saroyanını (mülki həyatda - Arman Saroyan) kilsə rütbəsindən məhrum etmək qərarından sonra cinayət işi qaldırıb. Saroyan Erməni Həvari Kilsəsi ilə münaqişədə hakimiyyəti dəstəkləyib. İcraat məhkəmə aktını icra etməmə, onun icrasına mane olma və icra etməməyə təhrik etmə maddələri üzrə aparılır. II Qaregindən başqa, Erməni Həvari Kilsəsinin Ali Dini Şurasının daha altı üzvü iş üzrə təqsirləndirilən şəxs qismində tanınıb.
Beləliklə, kilsə təmsilçləri də Paşinyanın məhkəmə sisteminə dirəniş göstərirlər. Xüsusilə də Rusiyadan verilən mesajların və dəstəyin fonunda II Qareginin və tərəfdarlarının müqaviməti diqqət çəkir.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinq zamanı hakimiyyət tərəfindən Erməni Apostol Kilsəsinə qarşı həyata keçirilən təqiblərdən bəhs edərkən “Bütün vasitələrlə həyata keçirilən allahsızlıq və əsl təqib kampaniyası əsrlər boyu davam edən lənətdir”, - demişdi.
Rusiya XİN təmsilçisi daha sonra bunları vurğulamışdı: “Dəhşətli cinayətlər var, amma allahsızlıq və bütün vasitələrlə həyata keçirilən əsl təqib kampaniyası əsrlər boyu davam edən lənətdir. Tarix bunu sübut edir.
Rusiya XİN-in nümayəndəsi kilsənin əhəmiyyətindən danışarkən müqəddəs kitablara və Müqəddəs Kitaba müraciət etməyə çağırmışdı. “İndi bunu təkrar etməyəcəyəm, müqəddəs kitabları və Müqəddəs Kitabı özünüz oxuyun. Kilsəyə qarşı mübarizə, şübhəsiz ki, allahsızlığın sərhədində olan və birbaşa allahsızlığa gedib çıxan mübarizədir.
Əlbəttə, bütün bunlarda iştirak edənlər əsrlər boyu davam edən lənətin altına düşəcəklər. Bunu belə də çatdırın”, - deyə Zaxarova əlavə etmişdi. “Düşünmək lazım deyil ki, mütləq hansısa mistik hadisə baş verməlidir. Onlar məhz öz vətəndaşları, öz xalqları tərəfindən lənətlənəcəklər. Təəssüf ki, belədir”, - deməklə Zaxarova faktiki şəkildə Paşinyana qarşı üsyana çağırmışdı. Bütün bunlardan sonra kilsə təmsilçilərinin hətta məhkəməyə belə, müqaviməti təəccüblü deyil.
Cavid Turan,
Musavat.com
18 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ