Onlayn ictimai-siyasi qəzet
ABŞ-İran münaqişəsinin həlli sazişi İsrail, Livan və Fars körfəzi dövlətlərini də əhatə edəcək. Bunu ABŞ-ın vitse-prezidenti J.D.Vens deyib.
O, bildirib: "Bu, regional sülh sazişidir. Buraya Körfəz, İsrail və Livan daxil olacaq. Məsələ burasındadır ki, bu, əsl regional sülh sazişidir".
Bəs, İsrail ABŞ-la İran arasında imzalanacaq sənədi qəbul edəcəkmi?
Siyasi şərhçi Aydın Quliyev Musavat.com-a bildirib ki, əgər sülh sazişinin taleyi təkcə ABŞ-nin və İranın mövqeyindən asılı olsaydı onun taleyi ilə əlaqədar hökm vermək asan olardı:
“Məsələ burasındadır ki, sülh sazişinin, sülh razılaşmasının taleyi təkcə ABŞ-dən və İrandan yox, həm də xeyli dərəcədə İsrailin mövqeyindən asılıdır. İsrailin isə hazırda ortada olan memoranduma olan münasibəti mənfi xarakter daşıyır. İsrail bu memorandumu, sülh sazişini qəbul etmir:
“Xüsusilə də İsrail sülh sazişinin Cənubi Livanı əhatə etməsini qətiyyən istəmir. Çünki İsrail baş nazir və nazirlər səviyyəsində qoşunlarının Cənubi Livandan, Suriyadan və Qəzzadan çıxmayacağını birmənalı şəkildə bəyan edir. Bu da o deməkdir ki, əgər İsrailin qoşunları xüsusilə Cənubi Livanı tərk etməsələr bu, İran müttəfiqi olan Hizbullahın daim təzyiq və təhdid altında qalması deməkdir. Cənubi Livanda İsrail qoşunlarının qalması ilə İranın razılaşacağını bu başdan söyləmək çox çətindir. Eyni zamanda həmin ərazidə İsrail qoşunlarının mövcudluğu daim Hizbullahla real müharibə vəziyyətinin qalması anlamına gəlir. Beləliklə, atəşkəs razılaşmasının həm Livanı, həm Qəzzanı, həm də körfəz ölkələrini əhatə edəcəyi ilə bağlı Amerika və İranın razılaşmasının Tələ-Əviv tərəfindən qəbul ediləcəyi gözlənilmir. Çünki bu, İsrailin tələblərinə cavab vermir”.
Ekspertin fikrincə, belə şəraitdə Təl-Əvivin əldə olunan sülh sazişini sonadək qəbul edəcəyini heç cür gözləmək olmaz:
“Bu isə o deməkdir ki, razılaşmanın ilkin mərhələ üçün nəzərdə tutulmuş 60 gün ərzində qüvvədə qalacağına belə inanmaq o qədər asan deyil. İsrail sülh razılaşmasının hazırda ortada olan bəndlərinə sona qədər əməl edərsə o zaman uzun müddətli qalıcı sülhün olacağını söyləmək mümkündür. Amma təəssüf ki, İsrail hələlik ABŞ-dən kənarda özünün planlarını icra etmək niyyətindədir. Trampın da İsrailin bu siyasətinə müqaviməti və təzyiqi hələlik yetərli deyil”.
Etibar Seyidağa,
Musavat.com
17 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ