Onlayn ictimai-siyasi qəzet
Hudson İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doranın “Washington Post”dakı yazısının tam mətnini oxuculara təqdim etmişdik. Tanınmış ekspertin qısa olaraq “İran üçün kabus ssenarisi” adlanan, xüsusilə İranın taleyində azərbaycanlıların rolu, Yuqoslaviya kimi etnik zəmində parçalanması ssenarisi haqda dedikləri ciddi rezonans doğurub.
“Yeni Müsavat” bildirir ki, İran çoxmillətli dövlətdir, yoxsa farsların dominantlıq etdiyi imperiya" sualı ətrafında hazırlanmış analitik yazıda Yuqoslaviya ilə müqayisə xüsusilə diqqət çəkib.
“Yuqoslaviya uzun müddət özünü plüralist, çoxmillətli bir dövlət kimi təqdim etdi. Bir çox yuqoslaviyalı kimliyini səmimi qəlbdən qəbul etdi. Lakin 1990-cı illərin əvvəllərində rejim süqut etdikdə, yuqoslaviyalı kimliyi demək olar ki, bir gecədə yox oldu. İnsanlar bir gün özlərini yuqoslaviyalı adlandırırdılar, ertəsi gün isə yuxudan serblər, xorvatlar və ya bosniyalılar kimi oyandılar. Uzun müddətdir basdırılan etnik kimliklər üzə çıxdı və siyasət zorakılığa çevrildi”, - deyə Doran məqaləsində yazır. Müəllif qeyd edir ki, Yuqoslaviyada hegemon serblər əhalinin təxminən 36 faizini təşkil edirdi, İranda isə farslar daha böyük paya malikdirlər, lakin demək olar ki, hələ də azlıq hesab olunurlar.
“İran hökumətinin 2010-cu ildə apardığı araşdırma onların 47 faiz olduğunu göstərib. İranda etnik azərbaycanlıların sayı Azərbaycandan daha çoxdur. İran hökumətinin eyni araşdırmasına görə, İran əhalisinin təxminən 23 faizini azərbaycanlılar təşkil edir (əsl rəqəm daha yüksək ola bilər) və coğrafi cəhətdən bitişik bir ərazidə cəmləşiblər. Azərbaycanlılar İran dövlətinə digər azlıq qruplarından daha yaxşı inteqrasiya olunsalar da, narahatlıq əlamətləri artır. Onlar getdikcə Türkiyə və Azərbaycan mediasını oxuyur, türk-azərbaycanlı köklərinə daha çox maraq göstərir və öz dillərində təhsil tələb edirlər. Bunun səbəbini anlamaq çətin deyil. Türkiyə və Azərbaycan Avropa səviyyəsində inkişafdadır. İslam Respublikasında isə iqtisadi uğursuzluq var və dünyaya inteqrasiyadan təcriddir”. Maykl Doran yazır ki, bu gün Azərbaycan NATO standartlı ordusu, Türkiyə ilə dərin əlaqələri və İsraillə sıx təhlükəsizlik tərəfdaşlığı olan yüksələn regional gücdür. O, Yuqoslaviya variantının da etnik baxımdan təhlükələrə yol aşacağını, Ayətullah Əli Xamenei rejimi dəyişərsə əvəzində daha qəddar fars diktaturası qurula biləcəyi təhlükəsindən yazır. “Ona görə Vaşinqton bütün etnik mənşəli iranlılarla geniş məsləhətləşmələr aparmalıdır. Həmçinin qarşıdan gələn böhranın nəticələri ilə yaşayacaq qonşuluqdakı liderlərlə - xüsusən də Bakıda, Azərbaycandakı Prezident İlham Əliyevlə məsləhətləşməlidir”, - deyə ekspert bildirib.
Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında öncə bunları söylədi:

“Bəlli mərkəzlərin İranın Yuqoslaviya kimi asanlıqla dağıla biləcəyi haqda proqnozlarını mən daha çox azərbaycanlıları oyuna qoşmaq üçün təlqin sayıram. İlk növbədə ona görə ki, Yuqoslaviyadan fərqli olaraq, İranın parçalanmasını oradakı proseslərə az-çox təsir edə biləcək aktorlardan heç biri istəmir. Hətta ABŞ və İsrailə belə parçalanmış yox, sözəbaxan İran lazımdır. Hər iki ölkə məhz ona görə İran əhalisinin çoxunun, ilk növbədə də azərbaycanlıların, yumşaq desək, elə də müsbət yanaşmadıqları, xarizması, liderlik keyfiyyəti olmayan Rza Pəhləvini alternativ kimi göstərirlər”. S.Alıyev hesab edir ki, burada məqsəd nə cür olursa-olsun, onu şah taxtına əyləşdirmək deyil: “Hər iki dövlət üçün ən ideal variant İranda rejimin dəyişməsi yox, rejimin davranışının dəyişməsi, şah dönəmindəki siyasəti yeritməsi olardı. Pəhləvi o səbəbdən alternativ olaraq göstərilir. Rusiya da İranın parçalanmasını özü üçün təhlükə sayır və bu baş verdiyi halda, onun necə davranacağı problemi var. Eyni zamanda açıq görünən budur və Tehrandakılara da bəllidir ki, İranın parçalanmasını hazırda nə Azərbaycan istəyir, nə Türkiyə. Və çox sevindiricidir ki, bu məsələdə də hər iki qardaş dövlət koordinasiyalı siyasət yeridir. Hazırda rəsmi Bakı da, Ankara da bütün səylərini ona səfərbər ediblər ki, savaş riskini azaltsınlar və ziddiyyətlər diplomatik yolla çözülsün. Beləliklə, yaxın perspektivdə bizim üçün ən arzulanan variant budur ki, savaş olmasın. Tərəflər razılığa gəlmədiyi təqdirdə, bu savaşdan oradakı soydaşlarımıza mümkün qədər az zərər dəysin, İranda xaos yaranmasın. Yox, əgər xaos yaranarsa, o, qonşu ölkənin sərhədlərindən kənara sıçramasın”.
E.PAŞASOY,
“Yeni Müsavat”
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ