Onlayn ictimai-siyasi qəzet
“İran cavab zərbələrini axşama saxlayıb. Heç bir ölkə bir yaylım atəşi ilə süqut etmir. Xüsusilə də illərdir mümkün müharibə ssenarilərinə hazırlaşan İran kimi böyük bir dövlət üçün belə bir nəticə real görünmür”.
Musavat.com xəbər verir ki, bu fikirləri Yaxın Şərq məsələləri üzrə siyasi şərhçi Kənan Rövşənoğlu deyib.
Onun sözlərinə görə, hərbi əməliyyatların yaxın vaxtlarda dayanacağı gözlənilmir və proses hələ davam edəcək:
“Zərbələrin məhz səhər saatlarında başlanmasının əsas məqsədi İranı dərhal cavab atəşi açmağa məcbur etmək idi. Belə olan halda ballistik raket buraxılış qurğuları kosmosdan — kəşfiyyat peykləri vasitəsilə qeydə alınaraq operativ şəkildə vurula bilərdi. Lakin görünən odur ki, iranlılar cavab addımını tələsik atmayıb və zərbələri axşam saatlarına saxlayıblar.
Ümumilikdə əməliyyatların taleyi ABŞ-ın hərbi fəaliyyətini nə qədər davam etdirməsindən birbaşa asılı olacaq”.
Kənan Rövşənoğlu müqayisə üçün 2025-ci ilin mart ayında Yəmənə qarşı həyata keçirilən əməliyyatları da xatırladıb:
“2025-ci ilin martında Yəmənə qarşı başlayan əməliyyat miqyas baxımından daha dağıdıcı idi. Halbuki Yəmən çox kiçik əraziyə malikdir, ciddi raket və aviasiya gücü yoxdur. Buna baxmayaraq, cəmi iki həftə sonra Donald Tramp birtərəfli qaydada əməliyyatların dayandırıldığını elan etdi.
İrana qarşı əməliyyatların həftələrlə davam edəcəyinə inanmıram. Burada əsas amil İranın cavab zərbələrinin miqyası və onların yaratdığı təsirin səviyyəsi olacaq”.
Siyasi şərhçi əlavə edib ki, qarşıdurmanın genişlənməsi regiondakı ABŞ hərbi infrastrukturuna da ciddi təsirlər göstərə bilər:
“Bu dəfə nəticələr əvvəlkilərlə müqayisədə daha ağır ola bilər və bölgədə yerləşən ABŞ hərbi infrastrukturu da ciddi zərər görə bilər. Əməliyyatlar çox qısa müddətdə başa çata da bilər, müəyyən qədər uzana da bilər. Lakin prosesin uzunmüddətli müharibəyə çevrilməsi ehtimalı yüksək görünmür”.
Xalidə Gəray
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ