İnsanlara hürriyət, millətlərə istiqlal!

"İçərişəhər"də erməni-yəhudi davası

Qüdsdə 9 yaşlı erməni uşağın üzünə bibər qazı sıxılması İsraildə erməni və yəhudi icmaları arasındakı münasibətləri yenidən diqqət mərkəzinə gətirib.

Musavat.com xəbər verir ki, hadisə yəhudilərin müqəddəs Yom-Kippur bayramı zamanı Qüdsün  "İçərişəhər" və ya "Könhə şəhər" adlanan yerin yaxınlığında, Mamilla ticarət mərkəzinin ərazisində baş verib. Uilyam adlı erməni uşaq velosiped sürərkən musiqiyə qulaq asıb. Bu zaman ona yaxınlaşan kişi səsi azaltmasını tələb edib. Uşağın bildirdiyinə görə, o, həmin şəxslə ingilis dilində danışmağa çalışıb. Bundan sonra kişi “No English, Jews” ifadəsini işlədərək uşağın üzünə bibər qazı sıxıb.

Hadisənin məhz Yom-Kippur kimi yəhudilər üçün müqəddəs gündə baş verməsi də diqqət çəkib. Bununla belə, hücumun motivinin dini və ya milli zəmində olub-olmadığı hələlik istintaq tərəfindən tam müəyyən edilməyib. İsrail polisi hadisədən sonra şübhəlini saxlayıb. Onun 22 yaşlı israilli məskunlaşan olduğu və Qüds ətrafındakı Ganei-Modiin yaşayış məntəqəsində yaşadığı bildirilib.

Maraqlıdır ki, polis əvvəlcə işi bağlayıb, daha sonra media və ictimaiyyətin diqqətindən sonra araşdırmanı yenidən başladıb. İsrail hüquq-mühafizə orqanları isə azyaşlıya qarşı zorakılıq və təqib hallarına ciddi yanaşıldığını, xüsusilə mümkün irqçi və ya millətçi motivlərin araşdırıldığını açıqlayıb.
Lakin məhkəmənin qərarı müzakirələri daha da artırıb. 22 yaşlı şübhəli cəmi dörd günlük ev dustaqlığına buraxılıb və ona zərərçəkmiş uşağa yaxınlaşmaq qadağan edilib.
Bu hadisə fonunda İsraildə kiçik, lakin fəal erməni icmasının ölkənin yəhudi cəmiyyəti ilə münasibətləri də yenidən müzakirə mövzusuna çevrilib. Qüdsdə erməni icması əsrlərdir mövcud olsa da, son illərdə müxtəlif məsələlər ətrafında erməni və yəhudi qrupları arasında qarşılıqlı gərginlik hallarının yaşandığı bildirilir. Bu səbəbdən ayrı-ayrı insidentlər yalnız konkret hadisə kimi deyil, iki icma arasındakı münasibətlərin daha geniş kontekstində də qiymətləndirilir. Əsas sual isə istintaqın nəticəsində hücumun həqiqətən milli, dini və ya başqa motivlə törədilib-törədilmədiyinin müəyyənləşdirilməsidir.

Eyni zamanda, 9 yaşlı uşağın üzünə bibər qazı sıxılması kimi hadisə İsraildə azyaşlıların təhlükəsizliyi və hüquq qarşısında hamının bərabərliyi məsələsini də gündəmə gətirib. Şübhəlinin cəmi dörd günlük ev dustaqlığına buraxılması isə bu məsələnin ətrafında müzakirələri daha da qızışdırıb.

Musavat.com xəbər verir ki, İsraildə yaşayan erməni icmasının tarixi qədimdir.Ermənilərin bölgəyə ən böyük köç dalğalarından biri isə XX əsrin əvvəllərində baş  verib. 1915-ci ildən sonra Osmanlı ərazisindən qaçan minlərlə erməni Fələstinə sığınıb və onların böyük hissəsi Qüdsdə məskunlaşıb. Mənbələr 1915–1920-ci illərdə Fələstinə təxminən 10 min erməni qaçqının gəldiyini bildirir. 1948-ci ildə İsrail dövləti yaradıldıqdan sonra erməni icmasının bir hissəsi İsrail vətəndaşlığını qəbul edib. Qüdsün Erməni məhəlləsində yaşayanların böyük hissəsi isə həmin dövrdə İordaniya nəzarətində qalıb. 1967-ci ildən sonra icmanın sayı əhəmiyyətli dərəcədə azalmağa başlayıb.

Hazırda müxtəlif mənbələr İsrail və Fələstin ərazilərində ümumilikdə 5–10 min erməninin yaşadığını bildirir. Son illərdə Ermənistandan və keçmiş SSRİ ölkələrindən İsrailə köçənlər hesabına icmanın tərkibi də dəyişib. Qüdsdəki tarixi "Erməni məhəlləsi" isə bu icmanın əsas mərkəzi olaraq qalır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR