İnsanlara hürriyət, millətlərə istiqlal!

Hirkan meşələrində bəbir, ayı, maral “ovu" - maraqlı gəzintinin təəssüratları

Hirkan Milli Parkı ilə tanışlıq təklifini böyük məmnuniyyətlə qəbul etdim. Çünki indiyədək Cənub bölgəmizdə bir neçə dəfə olsam da, yalnız şəhərləri görə bilmişdim. Buna görə də bölgənin gözəl dağlarını, meşələrini görmək fürsətini əldən vermək olmazdı.
Evdə səfərlə bağlı danışdım, dərhal yol yoldaşım olacaq oğlanlar hazırlığa başladılar. Böyük internetə baş vurub, Hirkan Milli Parkı ərazisində yaşayan heyvanlar, quşlar haqqında məlumat topladı və böyük həvəslə oralarda bəbir, ayı, xallı maral olduğunu elan etdi. Kiçiklə müzakirələrə başladılar: ayı görsələr nə edəcəklər, bəbirlə, maralla “münasibətləri” necə quracaqlar...

20190712163256_47053400.jpg (378 KB)

Səhər saatlarında Bakıdan çıxıb üzü Cənuba doğru yol aldıq. Çox əla yol yoldaşlığı olduğunu öyrəndiyimiz Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva yolboyu bizə çox maraqlı məlumatlar açıqladı.

Qlobal iqlim dəyişikliyinin nəticələri olan anomal təbiət hadisələrinin getdikcə artmasını xüsusi qeyd edən Umayra xanım bu hadisələrin insan həyatına ciddi problemlər yaratdığını bildirdi. Onun verdiyi məlumata görə, 1961-1990-cı illərdə yağıntıların miqdarı indikindən xeyli çox olsa da, Azərbaycanda il ərzində ən çoxu 3 daşqın və sel hadisəsi qeydə alınıb. Lakin yalnız bu ilin iyun ayında ölkənin əsasən, şimal və qərb rayonlarında yağan intensiv leysan yağışları nəticəsində respublika çaylarında 13 daşqın və sel hadisəsi qeydə alınıb. Və bu, son 20 il üzrə rekord göstəricidir, növbəti illərdə yeni rekordların qeydə alınması istisna deyil, çünki qlobal istiləşmə davam edir: “Ən təhlükəli daşqın hadisəsi iyunun 10-da Daşkəsən rayonu ərazisindən axan Gəncəçay-Alaxançallı və iyunun 22-də Goranboy rayonu ərazisindən axan Gorançay-Yuxarı Ağcakənd məntəqələrində qeydə alınıb".

20190712165518_35984500.jpg (205 KB)

Xidmət rəisi qeyd etdi ki, əvvəlki illərlə müqayisədə 2016-cı ildə 9, digər illərdə isə orta hesabla 5-6 daşqın və sel hadisəsi qeydə alınıb: “Dəyişən iqlim fonunda yağıntıların qeyri-bərabər paylanması daha qabarıq özünü göstərir. Bəzi dövrlərdə quraqlıq daha uzun çəkir, bununla yanaşı lokal ərazini əhatə edən güclü yağış, bəzən bir neçə saat ərzində iki aylıq norma miqdarında düşür. Nəticədə sel-daşqın hadisələrinin təkrarlanması artır". 

Yağıntıların qeyri-bərabər paylanması ilə yanaşı, insan orqanizminin davam gətirməsi çətin olan isti havaların davamiyyət müddəti də artıb. Belə ki, əvvəllər yüksək temperaturlu hava 1-2 gün davam edirdisə, indi bu müddət 1 həftəyə qədər çəkir. Bu isə insan orqanizmində fəsadlar yaradır.

20190712164122_47075800.jpg (302 KB)

U.Tağıyevə bir çox hallarda yerli hidrometeoroloqların verdiyi hava proqnozlarına inamın az olduğundan da danışdı. Onun sözlərinə görə, məsələn, Bakı şəhərində temperatur bir neçə yerdə quraşdırılan stansiyalarda kölgədə qoyulan termometrlərlə ölçülür və orta göstərici elan olunur: “Yəni bu gün biz deyiriksə, Bakıda 35 dərəcə isti olacaq, bu, o deməkdir ki, şəhərin hansısa ərazisində temperatur 33, digər ərazisində 37-38 dərəcə ola bilər. Çünki biz bir neçə stansiyanın göstəricisi əsasında orta göstərici çıxarırıq. Aydın məsələdir ki, şəhərin ortasında – asfalt örtüyü, binalar sıx olan yerlərdə temperatur şəhərin kənarından daha yüksək olacaq”.

20190712165634_14632800.jpg (213 KB)

Azərbaycanda lokal ərazilərdə güclü yağıntıları bir neçə saat əvvəldən müəyyənləşdirməyə imkan verən radar sistemi yaradılıb. U.Tağıyevanın sözlərinə görə, müasir dopler radarları vasitəsilə hava kütlələrinin hərəkəti izlənilir və yağıntıların xarakteri barədə 2-3 saat öncədən yerli icra orqanları məlumatlandırılır. 

Umayra xanımın maraqlı məlumatları və qlobal iqlim dəyişikliklərinin fəsadları barədə müzakirələrlə yolu necə getdiyimizi belə hiss etmədən, yeni və rahat yolla qısa müddətə Lənkərana çatıb, üzüyuxarı dağlara qalxmağa başladıq. Bura qədər yatan uşaqlar da canlanaraq yolboyu meşələrə, artıq yaxın görünən dağlara baxmağa, nəhəng ağacların arasından ayı, bəbir, maral axtarmağa başladılar...

20190712164002_57567900.jpg (347 KB)

Qeyd edim ki, Hirkan Milli Parkı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2004-cü ildə yaradılıb. Milli Park Azərbaycanın cənubi-şərqində, Lənkəran inzibati rayonunun ərazisində yerləşir. Milli Parkın yaradılmasında əsas məqsəd həmin ərazidə təbiətin kompleks şəkildə qorunması, Üçüncü dövrün relikt və endemik bitki növlərinin mühafizəsi, Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilmiş tipik flora və fauna növlərinin qorunub saxlanılması, ətraf mühitin monitorinqinin həyata keçirilməsi, ictimaiyyətin məlumatlandırılması, eləcə də tədqiqatlar, turizm və istirahət üçün şəraitin təşkilidir.

20190712164141_64636400.jpg (197 KB)

Milli Parkın meşələrində əksəriyyətinin adı “Qırmızı kitab”da olan ayıdöşəyi, Hirkan bigəvəri, Hirkan şümşadı, pırkal, müxtəlif lianlar geniş yayılıb. Parkda həmçinin “Qırmızı kitab”da olan qara leylək, məzar qartalı, qıvrımlələk qutan, turac, mərmər cürə, Talış qırqovulu, Hirkan arıquşu, toğlugötürən və s. quşlar, bəbir, xallı maral, vaşaq, porsuq, qaban, cüyür, yenot və sair heyvanlar yaşayr.

Xanbulan gölünün yanından keçib üzüyuxarı qalxdıqca istər-istəməz gözümüz meşəliklərdə qaldı, bəlkə bu heyvanlardan hansınısa görə bildik deyə. Canlı olaraq görə bilməsək də, qoruq idarəsinin quraşdırdığı ekranlarda onların müşahidə kameralarına düşən görüntülərini izlədik. Xüsusilə səfərdə iştirak edən uşaqlar görüntüləri uzun müddət təkrar-təkrar izləyib, öz aralarında müzakirələr apardılar. Düzü, uşaqların heyvanlar aləminə belə böyük maraq göstərməsi mənim üçün gözlənilməz oldu... Onların bir çoxunun ətrafında güzərgahlandığımız kiçik dağ çayı boyunca hərəkət edərək ağacların, kolların dibinə diqqətlə baxıb, hansı heyvanı görsələr necə hərəkət etməli olduqları barədə qızğın şəkildə mübahisə etmələrini görmək maraqlı idi.
Qeyd edim ki, Xanbulan 1970-ci illərdə süni göl kimi yaradılsa da, ətrafındakı əsrarəngiz mənzərələr nəticəsində tezliklə yalnız Cənub zonasının deyil, Azərbaycanın ən məşhur istirahət ərazisinə çevrilib. Gölün ümumi su tutumu 52 milyon m³-dir, ən dərin nöqtəsi 75 metr, uzunluğu 5 km-ə yaxın, eni isə 2 km-dən çoxdur. Deyilənə görə, Xanbulan gölü Sovet İttifaqı zamanı çox məşhur olub. Hətta vaxtilə Leonid İliç Brejnevin gölə balıq tutmağa gəldiyi bildirilir. Yayılan məlumata görə, Brejnev balıq tutan zaman xüsusi hazırlanmış dalğıc gölə düşüb, onun qırmağına canlı balıq salırmış ki, rəhbər razı qalsın...

http_95.86.135.60_bpictures_pict.jpg (42 KB)

Gəzdiyimiz ərazilərdəki təmizliyi xüsusi qeyd etməyə ehtiyac duyuram. Milli Parkın gəzdiyimiz ərazilərində tullantılara demək olar ki, rast gəlmədik. Qoruq idarəsinin bu məsələyə xüsusi önəm verməsi diqqətimi cəlb etdi.

Nəhayət, onu da bildirim ki, Hirkan Milli Parkının yerləşdiyi ərazi təbii iqliminə görə rütübətli subtropik xüsusiyyətinə malikdir. Bu iqlimin yaratdığı diskomfortu qoruq ərazisində olarkən öz üzərimizdə hiss etdik. Dənizə yaxınlıq meşənin ən qalın yerində də rütubətin yüksək olmasına səbəb olur. Səfər zamanı diqqətimi cəlb edən bir məqamı da bölüşüm. Belə ki, dağlarda axan kiçik çayların bir sahilində rütubətli, boğanaq hava insanı narahat etdiyi halda, digər sahilində əsən sərin meh rahatladır... Çayın eni isə 1-2 metrdən o tərəfə keçmir, bəlkə də ona heç çay da demək olmaz – dağ bulaqlarının suyundan yaranan kiçik axıntı daha uyğun gəlir. Amma bu kiçik axıntı 2 metrlik məsafə aralığında havanın kəskin dəyişməsini təmin edir...

1626097577.i.jpg (74 KB)

Hirkandan çox gözəl təəssüratlarla ayrıldıq. Xüsusilə səfərin təşkilatçısı olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kiçik hədiyyələrlə sevindirdiyi uşaqların təəssüratları bitib-tükənmir. İki gündür evdə Lənkəran dağları, göl, bəbir, ayı müzakirələri bitmir... Əminəm ki, səfərdə iştirak edən digər uşaqlarda da belədir.

Hirkan səfərində bir daha əmin oldum ki, Azərbaycanın dağları, meşələri çox gözəldir. Bu gözəlliyi qoruyanlara təşəkkürlər...
 
Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyun 2024

27 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR