İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa Kiprə yerləşir – Türkiyəyə gizli mesaj?

Fransanın iyunun 8-də Cənubi Kiprlə imzalamağa hazırlaşdığı yeni hərbi saziş (SOFA) regionda diqqətlə izlənilir. Qeyd edək ki, bu saziş Fransa hərbçilərinə Kipr ərazisində daha geniş fəaliyyət imkanları yaradacaq, hərbi əməkdaşlığı və birgə təlimləri gücləndirəcək. Lakin bu addımın Şərqi Aralıq dənizində qüvvələr balansına necə təsir göstərəcəyi, xüsusilə də Türkiyənin təhlükəsizlik maraqları baxımından hansı nəticələr doğuracağı müzakirə mövzusuna çevrilib.

Bəs Fransanın Kiprdə artan hərbi mövcudluğu Ankaraya mesajdırmı, yoxsa bu addım yalnız regional təhlükəsizlik və müdafiə əməkdaşlığı çərçivəsində qiymətləndirilməlidir? SOFA sazişi Ankarada narahatlıq yaradırmı? Makron administrasiyasının Kipr siyasəti Türkiyə-Fransa münasibətlərinə mənfi təsir göstərə bilərmi?

Mövzu ilə bağlı Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz Musavat.com-a danışıb: “Bu SOFA sazişi təkcə texniki-hüquqi hərbi əməkdaşlıq sənədi deyil, Şərqi Aralıq dənizində siyasi mesaj daşıyan strateji addımdır. Fransa və Cənubi Kipr bunu “daimi baza yaratmayan, hərbi personalın fəaliyyəti, təlimlər, logistika və böhran anında reaksiya üçün hüquqi çərçivə” kimi təqdim edir. Lakin saziş Fransa hərbçilərinin Kipr ərazisində daha rahat yerləşməsi, hərəkəti və infrastrukturdan istifadəsinə imkan yaradır.

Ankara baxımından əsas narahatlıq budur ki, Cənubi Kipr təkbaşına bütün adanı təmsil edən dövlət kimi davranaraq, adanın təhlükəsizlik balansına üçüncü tərəf hərbi aktorlarını daxil edir. Şimali Kipr Türk Cümhuriyyəti də bu sazişi “narahatlıqla izlədiyini” və Fransa hərbi elementlərinin adaya yerləşdirilməsi, müdafiə sənayesi əməkdaşlığı, təlimlər və logistika dəstəyi kimi bəndlərin gündəmdə olduğunu bildirib”.

General Yücel Karauz: Son hadisələr zamanı Azərbaycanda xalq-ordu,  xalq-Prezident birliyinin şahidi olduq - AZƏRTAC

Türkiyəli general hesab edir ki, bu saziş Ankaraya dolaylı mesajdır: “Fransa son illərdə Yunanıstan və Cənubi Kiprlə müdafiə xəttini gücləndirir. 2017-ci il Fransa-Kipr müdafiə sazişi, Fransa donanmasının müntəzəm təlimləri və Fransanın Kiprə silah tədarükündə aparıcı ölkələrdən olması bu xəttin davamıdır. Amma bu, yalnız Türkiyəyə qarşı qurulmuş addım kimi də oxunmamalıdır. Paris bunu Livan, Suriya, İsrail-İran gərginliyi, enerji yolları, təxliyə əməliyyatları və Avropa İttifaqının Şərqi Aralıq təhlükəsizliyi kontekstində əsaslandırır. Kipr artıq Avropa üçün Yaxın Şərqə açılan hərbi-logistik platformaya çevrilir”.

Yücel Karauz həmçinin qeyd edib ki, Türkiyə üçün qırmızı xətt “daimi fransız bazası” və “Türkiyə/TRNC-ni hədəfləyən əməliyyat infrastrukturu”dur: “Əgər saziş sadəcə təlim, humanitar əməliyyat və texniki əməkdaşlıqla məhdud qalarsa, Ankara bunu diplomatik etirazla izləyər. Amma Mari/Tatlısu, Pafos və ya digər hərbi obyektlər Fransa üçün daimi əməliyyat mərkəzinə çevrilərsə, bu, Türkiyə tərəfindən balansı pozan addım kimi görülər.

Makron administrasiyasının Yunanıstan-Cənubi Kipr xəttinə açıq siyasi-hərbi dəstəyi Ankara-Paris münasibətlərində etimadsızlığı artırır. Bu saziş təkbaşına böhran yaratmaya bilər, amma Şərqi Aralıq, enerji, Egey, Kipr və müdafiə sənayesi məsələləri ilə birlikdə oxunduqda gərginliyi dərinləşdirən amildir. Beləliklə, SOFA sazişi Fransa üçün regional mövcudluq, Cənubi Kipr üçün təhlükəsizlik zəmanəti, Türkiyə üçün isə Şərqi Aralıqda çevrələnmə riskinin yeni halqasıdır. Ankara bunu diqqətlə izləyəcək, lakin reaksiyanın sərtliyi sazişin kağız üzərində qalmasından yox, sahədə necə tətbiq ediləcəyindən asılı olacaq”.

Xalidə Gəray,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR