İnsanlara hürriyət, millətlərə istiqlal!

Əzəli dosta əzələ göstərən, düşmənə qahmar çıxan Tehran- İran ABŞ-la müttəfiq olacaq?

Əgər bir dövlət öz daxilində keçirdiyi təlimləri bağıra-bağıra reklam edirsə, təlimin keçirələcəyi yeri, vaxtı, sürəkliliyini dəfələrlə açıqlayırsa, burada əsas məqsəd hərbçilərin döyüş hazırlığını artırmaq, peşəkar vərdişlərini təkmilləşdirmək deyil, əsl məqsəd gövdə göstərmək, əzələ nümayiş etdirməkdir.

Bu, qonşusu ilə sözü çəpləşmiş idmançı kişinin öz ənənəvi məşqini başqa yerdə, zalda-filanda yox, qonşunun görə biləcəyi yerdə etməsi kimi bir şeydir: yəni “sən bu əzələnin yiyəsi ilə dalaşa bilməzsən”.

İran 3 ildir özünü “idmançı qonşu” kimi aparır. Son 200 ildə (konkret olaraq, 1828-ci ildən bəri) Araz qırağında hərbi təlim keçirməyən fars dövləti 2020-ci ildən bəri 3-cü dəfədir ki, qoşunlarını dəhmərləyib Araz qırağına gətirir, burada gövdə göstərir.

resize.jpg (65 KB)

“İran özünü kimə göstərir” sualını səsləndirməyə belə ehtiyac yoxdur. Çünki Araz sahilində onun özündən başqa iki dövlət var – biri Ermənistan, o biri Azərbaycandır. İran özünü bu iki dövlətin ikisinə də göstərir, Ermənistana “qorxma, mən səninləyəm, burada durmuşam, bir himə bəndəm” deyir, ona ürək-dirək verir, Azərbaycana isə “bax, burdayam, bir addımlıqdayam, Ermənistan mənim qırmızı xəttimdir, ona dəysən, müdaxilə edərəm” hədəsi sovurur.

Prinsipcə, İran bu münaqişəyə tarix, din-məzhəb, etnik birgəlik, haqq-ədalət baxımından yanaşsaydı, bizim tərəfimizdə olmalıydı. Çünki 200 il əvvəl Rusiya dövləti Cənubi Qafqazı və İranın şimalını işğal etmək üçün regiona gələndə İranın himayəsində olan İrəvan, Gəncə, Qarabağ mahallarını, eləcə də Təbrizi, Ərdəbili, Urmunu məhz ermənilərin köməyi ilə işğal edib. Həmin hərbi kampaniyada erməni general və polkovniklər başda olmaqla, çoxlu erməni döyüşçülər də olub. Azərbaycanlı döyüşçülər isə Abbas Mirzənin, Nəzərəli xanın rəhbərliyi altında onlara qarşı döyüşblər.

abba-mad.JPG (43 KB)

 Qacar dövlətinin vəliəhd şahzadəsi Abbas Mirzə və onunla döyüşən erməni general Madatyan

Tarix baxımından məsələ bu cürdür.

Din-məzhəb, etnik birgəlik baxımından isə Arazın o tayında toplaşan hərbçilərin milli və dini mənsubiyyəti ilə bu tayındakıların fərqi yoxdur. Onlar eyni millətin oğullarıdır və eyni dinə etiqad edir, eyni məzhəbə qulluq edirlər. İran dövləti ermənilərə dəstək verən dövlətlərin bunu sırf xristian təəssübkeşliyi üzündən etdiklərinə diqqət etsəydi, öz səfini daha dəqiq müəyyənləşdirərdi, anlayardı ki, onlar Azərbaycanı məhz dini-milli səbəbdən xor görür, haqsız sayırlar.

Haqq-ədalətə gəlincə, bunun heç bir mübahisəli tərəfi yoxdur. Azərbaycanı silahla, zorla bölmək istəyən ermənilərdir, müharibəni onlar başladıb, soyqırım aktlarını ermənilər törədib, beynəlxalq qanunları, konvensiyaları onlar çeynəyib. 35 ildən sonra ədalət axtarmaq üçün BMT-yə müraciət edən Ermənistan bu, bir qərinədən artıq vaxtda həmin təşkilatın 4 qətnaməsinin bir tələbinə belə riayət etməyib. Bütün beynəlxalq qanunlar bizim tərəfimizdə olmasaydı, 30 il qabaq tam təklənmiş Azərbaycan bu mütəşəkkil gücün qabağında dayana bilməzdi. Bizi indiyəcən qoruyan yalnız haqlı olmaımız olub.

sdfsd-1662541708.jpg (38 KB)

İndi İran Avropanın bəzi dövlətlərinin anti-Azərbaycan xoruna qoşularaq gəlib sərhədimizdə tank oynadır, havaya dron qaldırır, Ermənistana dəstək vəd edir, müsəlman toplum üzərinə gələnlərin gücünə güc qatır və s.

Məsələ ondadır ki, Tehran Ermənistan-Azərbaycan münaqişəsinə sırf fars dövlətçiliyi, fars şovinizmi prizmasından yanaşır. Mollakratiyanı nə özündəki, nə də sərhədlərdən kənardakı türk-müsəlman qardaşların maraq və mənafeyi maraqlandırmır, onlara fars millətçiliyinə əsaslanan müasir İran dövlətinin monolitliyi, regional güc olması, bölgədəki ərəb və türk dövlətlərini sıxışdıra biləcək qədər güclü olması lazımdır. Mollalar dillərindən düşməyən din-məzhəb söhbətlərindən yalnız siyasi alət kimi istifadə edir, din pərdəsinin arxasında gizlənərək fars dominantlığını təmin etmək istəyirlər.

İndilikdə onlar Ermənistana ona görə belə pasiban olurlar ki, onu özlərinə təbii müttəfiq sayırlar, Ermənistanın Türkiyə və Azərbaycana qarşı yeritdiyi açıq düşmənçilik xətti ilə özünün gizli düşmənçilik xəttinin paralel olduğunu görürlər.

1621834263_pasinyan-makron.jpg (36 KB)

Fəqət mollakratiya son 3 ildə hələ də anlamayıb ki, öz xristian qardaşına, 200 illik himayədarına, onun üçün dövlət qurub verən Rusiyaya günümzdə xəyanət edərək, ABŞ-ın, Fransanın ağuşuna sığınan Ermənistan üçün İran birdəfəlik istifadə olunası şpris kimidir, istifadə edib atacaq. Ermənistanın gerçək müttəfiqi bu saat Fransa və ABŞ-dır.

Yeri gəlmişkən, sabah ABŞ-ın hərbi birləşmələri Ermənistanda erməni hərbçilərə birlikdə 9 günlük hərbi təlimlərə başlayacaq və İran Arazın o tayında onlara baxa-baxa qalacaq.

ABŞ da bu təlimlərdə əzələ nümayiş etdirir, o da özünü Rusiyaya (bəlkə bir az da bizə) göstərir.

Yəni İran nahaq yerə Ermənistana ümid edir, qahmar çıxır. Axırda mütləq umsuq və peşman olacaq.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR