İnsanlara hürriyət, millətlərə istiqlal!

Eyforiya və disforiya – İki xalqın ruh halının dəyişməsi

Öncə başlıqdakı terminləri bir cümlə ilə izah edək.

Eyforiya insanın məmnuniyyət duyduğu və özünü yaxşı hiss etdiyi ruhi vəziyyətə deyilir.

Disforiya isə başqalarına qarşı düşmənçilik hissi ilə xarakterizə olunan ağrılı aşağı əhval-ruhiyyənin bir formasıdır.

Bu gün Azərbaycan cəmiyyətində eyforiya müşahidə olunur. 1994-cü ildən ta 2020-ci ilin sentyabrına qədər uzun müddət davam edən ruhi vəziyyətdən çıxan xalq 3 ildir ki, düşmən üzərində ardıcıl qələbələrin fərəhini yaşaylr, nəhayət, yaxın günlərdə münaqişəyə və müharibəyə birdəfəlik son qoyulacağına ümid edir.

Ermənistan cəmiyyəti isə 1988-ci ildən 2020-ci ilin sentyabrına qədər davam edən eyforik durumundan tənəzzül edərək disforiyanın dibinə düşüb və bu halını həzm edə bilmir. Ermənilərin “başqalarına qarşı düşmənçilik hissi ilə xarakterizə olunan ağrılı aşağı əhval-ruhiyyə”si Azərbaycana, Türkiyəyə, Rusiyaya, İsrailə, qismən ABŞ-a qarşı ritorikalarında özünü göstərir.

Onlar düşdükləri acınacaqlı duruma görə özlərindən başqa hamını günahlandırırlar. Danışıqlarından, yazdıqlarından belə çıxır ki, hər kəs onlara kömək etməyə borclu imiş: bütün dünya yığılıb Türkiyəni onlara “genosid kompensasiyası” ödəməyə vadar etməliymiş; xarici ölkələrin hamısı onların Qarabağın dağlıq hissəsində qurduqları qanunsuz “dövlət”i tanımalıymış; bütün dövlətlər sülhməramlı briqadalar yaradaraq erməniləri xarici müdaxilədən qorumalıymış; Rusiya hərbçiləri onların əvəzindən Qarabağda və Ermənistan-Azərbaycan sərhədində döyüşməliymiş; İran öz milli-dini birgəliyi olan Azərbaycanı həmişə onların ayağına verməliymiş; ABŞ Qafqaza qoşun yeridərək, qırıcı təyyarələr qaldıraraq, Azərbaycanı yerində oturtmalıymış və s. və i.a.

Bütün bunlar olmadığına görə onlar indi disforiya halındadırlar. Eyforiyadan disforiyaya gedən yol çox da uzun deyilmiş - zaman hesabıyla 44 gün, yol hesabıyla 150 kim.

Başda baş nazir Paşinyan olmaqla erməni rəhbərlərin, ictimai-siyasi fəalların Şuşada bizə acıq verə-verə halay tutub yallı getdikləri günlər arxada qalıb. Tuğda keçirilən təntənəli şərab festivalında yüksək keyfiyyətli Hadrut şərabının və işğal edilmiş torpaqların qələbə hesab edilməsinin vəhdətindən yaranan eyforiya da çəkilib gedib. İndi onların yerini yuxarıda dediyimiz ruh halı alıb.

Biz indiki halımızdan məmnuniyyət duyuruq və bu təbiidir. Son 35 ildə xalqımız çox əziyyət çəkib, çox qurbanlar vermişik, çox mərhumiyyətlərə qatlaşmışıq, məşəqqətlərdən keçmişik. 28 il boyunca bir şaqqası amputasiya olunmuş ölkə öz güdülü ilə, onun fantom ağrılarını həzm edə bilməyə-bilməyə yaşayıb. Nəhayət, bizim üçün heç də ömrü az olmayan yaman günlər arxada qalıb. Ona görə də xalqımızın bu gün kefikök olmağa haqqı var.

Fəqət, bu qələbə bizə asan başa gəlməyib – 3 mindən çox lay divar kimi oğlan bu yolda öz gənc yaşlarında həyatla vidalaşıblar, özlərindən sonra ağlar qalan atalar, analar, bacı-qardaşlar, övladlar, həyat yoldaşları, bir də onların nakam ömürlərinin dərdini sinəsində gəzdirən duyarlı xalq qoyub gediblər. Kim ki şəhidlərin taleyinə biganədir, onların xatirəsini əziz tutmur, əmin olun, onlar mentalca bu xalqdan deyil, heç vaxt onun xeyir-şərinə yaramayacaqlar.

Bununla belə, bu xüsusda iki xırda detala da toxunmaq gərəkdir. Eyforiyaya qapılanda həddi, əndazəni bilmək vacibdir. O, ifrata varmamalıdır, uzun çəkən sərxoşluq yaratmamalıdır. Ermənilərin evini uzun çəkən eyforiyaları yıxdı. Onlar o qədər məsti-xumar oldular ki, reallıq hissini itirdilər, bizim revanş niyyətimizi, qətiyyətimizi, hazırlığımızı qiymətləndirmədilər, işlər-gücləri yeyib-içib keflənəndən sonra iri və yüngül çaplı silahlarını biz tərəf tuşlayıb atəşkəsi pozmaları oldu.

İkinci toxunulmalı məqam isə bir sıra vətəndaşımızda müşahidə olunan skeptiklikdir. 2020-ci ilin noyabrın 10-dan ta dünənə qədər sosial şəbəkələrdə azı yüz min dəfələrlə eyni sözləri oxuduq: “Bu, əsl qələbə deyil”; “10 noyabr sazişini imzalamaq xəyanətdir”; “Bəs Xankəndi, Xocalı, Ağdarə, Xocavənd, Əsgəran necə oldu?”; “Ermənilər Xankəndidə qalacaqdısa, o qədər şəhidi niyə verdik?” və s.

Hələ o zaman informasiyalı adamlar əmin edirdilər ki, bu məsələ burada bitməyəcək, Azərbaycan Şuşanın alınmasıyla kifayətlənməyəcək və bütün Qarabağ ölkəmizin yurusdiksiyasına keçəcək.

Fəqət skeptiklərin bəziləri vətənpərvərlik duyğusuyla, bəziləri də müxaliflik ovqatıyla Azərbaycan dövləti tərəfindən aram-aram, qarış-qarış həyata keçirilən plana şəkk edirdilər.

Dünən, sentyabrın 20-də onların şübhəsi dağılmalıydı. Amma hələ də dağılmayıb. Hələ də düşünənlər var ki, ordumuz Xankəndiyə girməyib və əməliyyat dayanıb, bu isə xeyirliyə deyil.

İnformasiyalı adamlar isə deyirlər ki, Laçında qapı bağlanıb, Xankəndinin qapısı isə açılıb, məsələ bitib, yerdə qalan işlər matçdan sonra tərtib olunan protokol səciyyəsi daşıyır.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR