İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistandan Naxçıvan xəbərdarlığı

Xəbər verildiyi kimi, Azərbaycanın əsas dövlət telekommunikasiya operatoru olan “Aztelecom” və Ermənistanın “Team Telecom Armenia” iki ölkə ərazisində internet trafikinin kommersiya əsaslarında tranziti, habelə təchizatı ilə bağlı müqavilə imzalayıblar.

Bu müqaviləni şərh edən kibertəhlükəsizlik üzrə mütəxəssis Artur Papyan “Hraparak”a geniş açıqlamasında hər hansı problem olmayacağını deyib. Amma Naxçıvanla bağlı bir fikir səsləndirib.

“Naxçıvandan gəlməli olan internetə gəldikdə isə bağlantılar əsasən dəniz yolları ilə gəlir: bir kabel İrandan keçir, Ermənistana daxil olur, digər kabel Qara dəniz vasitəsilə Avropaya qoşulur, Gürcüstan ərazisi vasitəsilə Ermənistana daxil olur. Məsələn, Gürcüstan ərazisində olsa da, azərbaycanlılara məxsus olan Qafqaz kabeli daha böyük, real narahatlıq doğurur. Orada bu məsələdən daha çox danışmaq üçün əsasımız var. Əslində, bu barədə səs-küy salanları və bunun nə olduğunu başa düşürəm, amma yenə də indi onu Azərbaycana satmağımız çox yaxşıdır. Mən özüm də bunu öyrənmək istəyirəm. Amma ictimaiyyətə açıq olan kabel sadəcə fiziki olaraq bizə qoşulmayacaq. Əksinə, Naxçıvan camatının internetin Ermənistandan təmin ediləcəyindən narahat olmaq üçün daha çox səbəbi var”.

main-post-cover

Söhbət hansı narahatlıqdan gedir? Naxçıvana internetin Ermənistandan təmin edilməsi hansı riskləri meydana gətirə bilər?

Kibertəhlükəsizlik mütəxəssisi Hikmət Həsənli Musavat.com-a bildirib ki, Artur Papyanın səsləndirdiyi fikir daha çox texniki və informasiya təhlükəsizliyi aspektləri ilə bağlıdır:

“O, əslində demək istəyir ki, əgər gələcəkdə Naxçıvanın internet bağlantısının bir hissəsi Ermənistan ərazisindən keçən xətlər üzərindən təmin olunarsa, bu zaman məlumat axınlarının təhlükəsizliyi və xidmətin dayanıqlılığı ilə bağlı müəyyən risklər yarana bilər. İnternet trafikinin başqa dövlətin ərazisindən keçməsi həmin dövlətə texniki baxımdan müəyyən təsir imkanları verir. Siyasi gərginlik, fövqəladə vəziyyət və ya texniki mübahisələr zamanı trafikə məhdudiyyət qoyulması, marşrutların dəyişdirilməsi və ya xidmətin dayandırılması ehtimalı nəzəri olaraq mövcuddur. Buna görə dövlətlər adətən strateji kommunikasiya xətlərində alternativ marşrutlar yaratmağa çalışırlar. Müasir internet trafikinin böyük hissəsi şifrələnsə də, tranzit operatorları müəyyən texniki məlumatları-trafikin həcmi, istiqaməti, əlaqə nöqtələri və s. görə bilirlər. Dövlət qurumları, kritik infrastruktur və ya hərbi strukturlar üçün bu məsələ daha həssas hesab olunur. Bununla belə, düzgün şifrələmə tətbiq edilərsə, məlumatların məzmununu oxumaq xeyli çətinləşir”.

Ekspert qeyd edib ki, tranzit marşrutları üzərində nəzəri olaraq trafik yönləndirilməsi, xidmətin dayandırılması, yaxud digər texniki müdaxilə cəhdləri mümkündür:

 “Buna görə beynəlxalq praktikada kritik dövlət rabitəsi adi kommersiya internetindən ayrılır və əlavə mühafizə mexanizmləri ilə qorunur.
Ən mühüm məsələ internetin haradan gəlməsi deyil, alternativlərin olub-olmamasıdır. Əgər Naxçıvan yalnız bir marşrutdan asılı olarsa, risk artır. Lakin İran, Türkiyə, Azərbaycanın əsas hissəsi və digər istiqamətlər üzrə paralel xətlər mövcud olarsa, hər hansı bir xəttdə problem yarananda trafik digər marşrutlara yönəldilə bilər. Hazırda Naxçıvanın internet təminatı əsasən Türkiyə və İran istiqamətlərindən həyata keçirilir. Azərbaycan son illərdə beynəlxalq telekommunikasiya infrastrukturunu şaxələndirməyə çalışır və regionda rəqəmsal tranzit mərkəzinə çevrilmək məqsədi güdür. Bu səbəbdən Naxçıvanın internet təhlükəsizliyinin yalnız bir ölkədən, xüsusən də Ermənistan kimi ölkədən asılı vəziyyətə salınması real görünmür”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR