Onlayn ictimai-siyasi qəzet
ABŞ siyasətində səs-küy doğuran Epşteyn sənədləri məsələsi artıq ikinci plana keçib.
Musavat.com xəbər verir ki, bu barədə “Politico” saytında Heyli Fuks imzası ilə maraqı yazı dərc olunub.
Müəllif qeyd edir ki, Ədliyyə Nazirliyi Konqresin tələbi ilə özündə saxladığı bütün Epşteyn materiallarını 19 dekabra qədər açıqlamalı idi, lakin bir ay keçməsinə baxmayaraq, sənədlərin yalnız kiçik hissəsi ictimaiyyətə təqdim olunub. Nazirlik isə prosesin nə vaxt tam başa çatacağını bildirmir.
Maraqlısı odur ki, noyabrda sənədlərin açıqlanmasına yekdilliklə səs verən respublikaçılar indi bu mövzuya səssiz yanaşmağa başlayıblar. Hətta bəzi nümayəndələr məsələni artıq bağlanmış kimi təqdim edirlər. Məsələn, Nümayəndələr Palatasında Kolorado ştatını təmsil edən Loren Bobert jurnalistlərin sualına belə cavab verib:
“Epşteyn məni maraqlandırmır. Görüləsi daha vacib işlər var. Mən öz üzərimə düşəni etdim. Qalanını başqası danışsın”.
Müəllfin sözlərinə görə, bu gün Vaşinqtonun gündəmi dəyişib: Venesuelada hərbi əməliyyatlar, Minneapolisdə ICE agentinin ABŞ vətəndaşını vurması və digər siyasi böhranlar Epşteyn məsələsini arxa plana keçirib. Respublikaçılar isə Trampın narazılığını yenidən qızışdırmamaq üçün mövzudan uzaq dayanmağa üstünlük verirlər.
Nümayəndələr Palatasının respublikaçı üzvü Teylor Qrinin Tramp tərəfindən “xain” adlandırılması və yaxınlarda Konqresdən istefası da məhz Epşteyn sənədləri üzərindən yaşanan gərginliyin pik nöqtəsi kimi dəyərləndirilir.
Digər tərəfdən, (Respublikaçı, Florida) Anna Paulina Luna artıq diqqəti sənədlərin açıqlanmasından daha çox Klinton cütlüyünü Komitəyə gətirmək məsələsinə yönəldib. Ədliyyə Nazirliyi son həftələrdə Bill Klintonun Epşteynlə təmaslarını göstərən fotoları yayıb və administrasiya məsələni bu istiqamətə yönləndirməyə çalışır. Tramp isə özünü prosesdən uzaq tutmağa çalışır və hər iki tərəf günahın qarşı tərəfdə olduğunu iddia edir.
Aşağı palatanın Nəzarət Komitəsinin rəhbəri Ceyms Komer isə ədliyyə orqanlarını müdafiə edib:
“Nazirlik sənədləri təqdim edir. Daha sürətli ola bilərdi, amma proses gedir”.
Halbuki qanun yalnız sənədlərin tam açıqlanmasını deyil, həm də gizlədilən hissələr barədə hüquqi əsasların izahını tələb edirdi. Nazirlik isə bunu da etmir.
ABŞ mediasının xəbərinə əsasən, Federal Tədqiqatlar Bürosunun əlində Epşteynə aid bir milyondan çox material ola bilər. Nazirlik bildirir ki, araşdırmaya 500-dən çox əməkdaş cəlb olunub, lakin dəqiq tarix verilmir.
Bu fonda yalnız bir respublikaçı mövzudan geri çəkilmək istəmir: o da Kentukki ştatından olan Tomas Massidir.
Massi açıq şəkildə Tramp iqtidarını qanunları pozmaqda ittiham edir.
O və demokrat həmkarı Ro Hanna artıq Nyu-York məhkəməsinə müraciət edərək sənədlərin açıqlanmasına üçüncü tərəfin nəzarətçi təyin olunmasını tələb ediblər.
Fevralda məsələ yenidən Konqresdə qızışacaq: baş prokuror Pam Bondi 11 fevralda ifadə verəcək və demokratlarla yanaşı Massinin sualları ilə də üzləşəcək.
“Mənim bütün çıxış vaxtım Epşteyn sənədləri və qanuna əməl olunmaması olacaq”, - deyə Massi bildirib.
Musavat.com
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ