İnsanlara hürriyət, millətlərə istiqlal!

Əliyev dünya nəhənglərinin siyasi iradəsini necə sındırdı: Bakının Qafqazda şəriksiz hegemonluq planları reallaşır

Azərbaycan üzərinə gələn genişmiqyaslı təzyiq dalğasına müqavimət göstərməyi, hətta çevik manevrlərlə dünya nəhənglərinin geopolitik maraqlarını nəzarətə almağı artıq bacarıb... Nəticədə Azərbaycanı təsir altına salmaq istəyən dünya nəhənglərinin özləri indi rəsmi Bakının geopolitik iradəsindən birbaşa asılı vəziyyətə düşüblər...

Cənubi Qafqaz böyük oyunların kiçik məkanına çevrilib. İndi bu region dünya nəhənglərinin əsas diqqət mərkəzindədir. Cənubi Qafqazın yerləşdiyi coğrafi məkan bu regionu dünyada hegemonluq iddiasında olan bəzi nəhəng dövlətləri üçün olduqca cəlbedici xarakter daşıyır. Ona görə də, Avrasiya ilə bağlı yaxın gələcək üçün strateji hədəfləri olan beynəlxalq güclər Cənubi Qafqaza can atır.

Ancaq zaman və situasiya ciddi şəkildə dəyişib. İndi bu regiona daxil olmaq və yerləşmək əvvəlki şərtlər üzrə demək olar ki, mümkün deyil. Çünki hazırda Cənubi Qafqazda Azərbaycanın geopolitik iradəsi şəriksiz hegemon mövqeyə sahibdir. Və bundan sonra mövcud situasiyanı dəyişmək mümkün olmayacaq.

Onu da qeyd etmək lazımdır ki, rəsmi Bakı son siyasi-diplomatik manevrləri ilə bütün dünyaya, o cümlədən də, Cənubi Qafqaza can atan beynəlxalq güclərə açıq mesajlar verir. Həmin mesajların məzmunu ondan ibarətdir ki, əvvəlki dövrlər və şərtlər artıq keçmişdə qalıb. Cənubi Qafqazda strateji maraqları olan beynəlxalq güclər ilk növbədə rəsmi Bakı müəyyən etdiyi yeni qaydalara uyğun hərəkət etməlidirlər. Əks halda, Ermənistan və ya Gürcüstan üzərindən bu regiona yerləşmək cəhdləri sadəcə, boşuna vaxt itirməkdən başqa bir şey deyil.

1d8a43cf00d890887cf5431b45e0de5c.jpg (92 KB)

Azərbaycan Prezidenti İlham Əliyevin Belçikanın xarici işlər naziri Hadca Labubi qəbul etməməsi də rəsmi Bakının Cənubi Qafqaza can atan dövlətlərə növbəti xəbərdarlığıdır. Bununla Belçikaya anladılır ki, ermənipərəst mövqeyi olan bir dövlətin bu regionda hər hansı işi ola bilməz. Böyük ehtimalla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da Bakıya iddialı gələn belçikalı xanım həmkarına Ermənistana dayaqlanaraq, Cənubi Qafqazda fəaliyyət göstərməyin mümkün olmayacağını eyham vuracaq.

Yəni, Belçikanın ermənipərəst mövqe ilə bu regionda yeri yoxdur. Heç bir geopolitik, geostrateji və geoiqtisadi layihədə iştirak edə bilməz. Belçikanın Cənubi Qafqaz siyasəti yalnız bu ölkənin Azərbaycan Prezidenti İlham Əliyevin razılığını ala biləcəyi təqdirdə, uğur qazana bilər. Bu isə o deməkdir ki, Azərbaycan lideri nə vaxtsa, Belçikanın xarici işlər nazirini və ya hər hansı başqa yüksək ranqlı dövlət təmsilçilərini qəbul edəcəyi halda, anlaşma şansı yarana bilər. Əks halda, Belçika rəsmilərinin bu regiona səfərləri sadəcə, formal xarakter daşıyacaq.

Onu da qeyd etmək lazımdır ki, rəsmi Bakı Avropanın nüfuzlu qurumlarına da eyni məzmunlu mesajlar verir. Belə ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ermənistana səfər edib. Ardınca isə o, Bakıya təşrif buyurmaq istəyib. Ancaq rəsmi Bakı onun Azərbaycana səfər etməsinə icazə verməyib. Çünki onun Bakıya gəlişinin heç bir mənası olmadığı qənaətinə gəlinib və məhz bu sadə səbəb ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin diqqətinə çatdırılıb.

Belə anlaşılır ki, rəsmi Bakı ATƏT-in bir beynəlxalq qurum olaraq, Cənubi Qafqazdakı sülh prosesinə müdaxilə etməsini qətiyyən istəmir. Vaxtilə ATƏT-in Minsk Qrupu 30 il ərzində problemin həllinin uzadılmasına səbəb olmuşdu. Nəticədə problemi Azərbaycan ordusu hərbi variant üzrə həll etməli oldu. Ona görə də, indi nə ATƏT, nə də digər beynəlxalq qurumun Azərbaycanın daxili işlərinə müdaxilə etməsi yolverilməzdir. Və rəsmi Bakı da məhz bu məsələdə prinsipial mövqe tutur.

1700e0c0875e2311b0143569d91992ab.jpg (100 KB)

Göründüyü kimi, Cənubi Qafqazda bütün geopolitik proseslər məhz Azərbaycanın siyasi iradəsinə bağlıdır. Rəsmi Bakı bu regionda xüsusi strateji maraqları olan dünya nəhənglərinə də eyni qətiyyətli mesajları verir. Belə ki, Azərbaycan Fransanın regional sülh prosesində iştirak cəhdlərini artıq bloklayıb. Rəsmi Paris birmənalı ermənipərəst mövqeyi ilə özünü oyundankənar vəziyyətə salıb. Rəsmi Bakı beynəlxalq məkanda Ermənistanın vəkili kimi çıxış edən Fransanı Cənubi Qafqazda görmək istəmir.

Son vaxtlara qədər Avropa Birliyi də Fransanın açdığı cığırla hərəkət etməyə çalışırdı. Rəsmi Parisin təsiri altında olan bu qurum Azərbaycana qarşı təzyiq metodunu işə salmışdı. Ancaq rəsmi Bakı həmin təzyiqlərin qarşısında prinsipial mövqe ilə dayanmağı bacardı. Üstəlik, Azərbaycan özünün geopolitik və geoiqtisadi resursları ilə əks təzyiq imkanlarını hərəkətə gətirdi.

Nəticədə Avropa Birliyində anladılar ki, Azərbaycan təzyiq kampaniyasına qarşı güclü immunitetə malikdir və üstəlik, Qərb üçün Ermənistandan müqayisə edilməyəcək səviyyədə daha əhəmiyyətlidir. Və indi tərkibində Azərbaycanın dostlarının artmaqda olduğu Avropa Birliyi rəsmi Bakının maraqlarına daha həssas yanaşmaq məcburiyyətində qalıb.

Cənubi Qafqazda maraqları olan və ənənəvi ermənipərəst mövqeyi ilə seçilən digər superdövlət isə heç şübhəsiz ki, ABŞ hesab olunur. Belə ki, 44 günlük savaşdan sonra Ağ Ev Azərbaycana qarşı təzyiq göstərməyə cəhd göstərdi. Buna qarşılıq olaraq, rəsmi Bakı dərhal Azərbaycanın Rusiya ilə yaxınlaşa biləcəyinin açıq mesajını verdi. Xüsusilə də Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan müttəfiqlik fəaliyyəti barədə Moskva Bəyannaməsi ABŞ rəsmi dairələrini ciddi şəkildə narahat etdi.

89545ab0d6409c82659576722b52c11a.jpg (101 KB)

Çünki əgər, rəsmi Bakı Ağ Evin təzyiqləri qarşısında Kremllə yaxınlaşsaydı, bu, ABŞ-ın Cənubi Qafqaz planlarını tamamilə poza bilərdi. Hər halda, Azərbaycanın narazı salınacağı təqdirdə, Rusiyanın regiondan çıxarılması və ABŞ-ın bu bölgəyə yerləşməsi ümumiyyətlə, mümkün olmayacaqdı. Və nəticədə Ağ Ev ermənipərəst mövqedən nisbətən geri çəkilərək, daha konstruktiv təkliflər ilə çıxış etməyə çalışdı.

Nə qədər qəribə də olsa, Cənubi Qafqazın şəriksiz sahibinin məhz Azərbaycan olduğunu isə məhz Rusiya siyasi dairələri anladılar. Ona görə də, Kreml mövcud reallıqla barışdı və Rusiyanın regional maraqlarının təmin edilməsi üçün rəsmi Bakı ilə anlaşma mühiti yaratmağa çalışdı. Düzdür, Azərbaycanın Xankəndi və ətraf bölgəsində Kreml hələ də erməni separatçı-terrorçuları himayə edir. Ancaq buna baxmayaraq, Rusiya Azərbaycanı qıcıqlandırmaqdan da mümkün qədər yayınmağa üstünlük verir.

Bütün bunlar onu göstərir ki, Cənubi Qafqaza münasibətdə kəskin rəqabət aparan ABŞ, Avropa Birliyi, Rusiya və Fransanın regional siyasətində həm də üst-üstə düşən məqamlar da olmamış deyildi. Bu supergücləri əsasən Azərbaycana təzyiq taktikası birləşdirirdi. Ancaq rəsmi Bakının dörd nəhəngin təzyiq cəhdlərini boşa çıxartdıqdan sonra situasiya ciddi şəkildə dəyişmiş oldu.

Yəni, rəsmi Bakı üzərinə gələn nəhəng təzyiq dalğasına müqavimət göstərməyi bacardı, hətta çevik manevrlərlə dünya nəhənglərinin siyasi iradəsini qırmağa nail oldu. Nəticədə Azərbaycanı təsir altına salmaq istəyən dünya nəhəngləri indi rəsmi Bakının geopolitik iradəsindən asılı vəziyyətə düşüblər. Və bundan sonra Cənubi Qafqazda yalnız rəsmi Bakının şəriksiz hegemonluğunun keçərli olacağı qətiyyən şübhə doğurmur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR