Onlayn ictimai-siyasi qəzet
Maliyyə savadlılığının artması ilə investisiyaya maraq göstərənlərin sayı da çoxalır. Xüsusilə kiçik məbləğlərlə gəlir əldə etmək və yığımlarını dəyərləndirmək istəyən insanlar investisiya imkanlarını araşdırmağa başlayırlar. Lakin bu sahədə təcrübəsi olmayan şəxslər üçün əsas suallardan biri sərmayəni necə və hansı istiqamətdə yatırmağın daha məqsədəuyğun olmasıdır. İnvestisiyaya başlamazdan əvvəl risklərin düzgün qiymətləndirilməsi və maliyyə planlamasının aparılması böyük əhəmiyyət daşıyır.
Bəs investisiya barədə heç bir məlumatı olmayan şəxslər bu sahəyə necə daxil ola bilərlər? Pullarını itirmək riskini minimuma endirmək üçün hansı addımları atmalıdırlar? Böyük risk etmədən gəlir əldə etməyin ən sadə və əlçatan yolları hansılardır?
Mövzu ilə bağlı Demokrat.az-a danışan iqtisadçı İlqar Hüseynli bildirib ki, tamamilə risksiz investisiya anlayışı mövcud deyil və istənilən investisiya qərarı müəyyən risklərin qəbul edilməsini tələb edir:
"Yəni istənilən halda bu və ya digər formada hər hansı bir sahəyə investisiya qoyursunuzsa, onun müəyyən riskləri olacaq. Bu mənada investisiya qoyuluşunun özü müəyyən risklərin qəbul edilməsini tələb edən prosesdir.
Böyük gəlirlər əldə etmək və riskləri minimuma endirmək üçün ilk növbədə investor bazar araşdırmasını hərtərəfli şəkildə həyata keçirməlidir. Çünki investisiya qoyulan biznesin tələb və təklifə nə dərəcədə cavab verdiyi, bazarda həmin məhsul və ya xidmətə ehtiyacın olub-olmaması, eləcə də investisiyanın uzunmüddətli dayanıqlılığı əvvəlcədən araşdırılmalıdır. Bu məsələlərin düzgün qiymətləndirilməsi gələcəkdə yarana biləcək risklərin qarşısının alınmasında mühüm rol oynayır. Bazar araşdırması risklərdən yayınmaq üçün ən vacib amillərdən biridir".
İqtisadçının sözlərinə görə, investisiyaya başlamazdan əvvəl maliyyə təhlükəsizliyini təmin etmək üçün ehtiyat fondunun yaradılması da vacib şərtlərdən biridir. O qeyd edib ki, mövcud vəsaitin tam şəkildə investisiyaya yönəldilməsi maliyyə baxımından ciddi risk yarada bilər:
"İkinci vacib məsələ ehtiyat fondunun yaradılmasıdır. Məsələn, əlinizdə 100 min manat vəsait varsa, onun hamısını investisiyaya yönəltmək kifayət qədər riskli addımdır. Daha düzgün yanaşma müəyyən hissəni ehtiyat vəsaiti kimi saxlamaqdır. Tutaq ki, 100 min manatın 30 min manatı ehtiyat fondu kimi ayrılır. Bu vəsait gözlənilməz vəziyyətlərdə və ya biznesdə yaranan müvəqqəti çətinliklər zamanı maliyyə dayanıqlığını qorumağa kömək edir.
Bununla yanaşı, investisiyanı risk səviyyəsi nisbətən aşağı olan sahələrə yönəltmək də mümkündür. Lakin nəzərə almaq lazımdır ki, riskin aşağı olması hər zaman yüksək gəlir demək deyil. Məsələn, daşınmaz əmlaka investisiya qoymaq, yaxud bank əmanətlərinə vəsait yerləşdirərək illik faiz gəliri əldə etmək daha sabit variantlar hesab olunur. İnvestisiya qərarı verilərkən bütün bu amillər ciddi şəkildə nəzərə alınmalıdır".
Ekspert vurğulayıb ki, əldə ediləcək gəlirin həcmi birbaşa seçilən fəaliyyət istiqamətindən asılıdır və hər sahənin özünəməxsus riskləri mövcuddur:
"Gözlənilən gəlirlərin həcmi də investisiya qoyulan sahədən asılıdır. Kiçik və orta sahibkarlıq fəaliyyətində qısa müddətdə çox böyük gəlirlər əldə etmək hər zaman mümkün olmur. Əgər investisiya aqrar sektora yönəldilirsə, həmin sahənin özünəməxsus riskləri mütləq nəzərə alınmalıdır. Təbii fəlakətlər, hava şəraiti və digər amillər kənd təsərrüfatı fəaliyyətinə ciddi təsir göstərə bilər. Buna görə də aqrar sığorta imkanlarından maksimum istifadə olunmalı və fəaliyyət mütləq sığortalanmalıdır".
İlqar Hüseynlinin fikrincə, investisiya fəaliyyətində risklərin azaldılmasının ən effektiv yollarından biri də sığorta mexanizmlərindən istifadə etməkdir. O hesab edir ki, biznesin, əmlakın və ya investisiya qoyulan aktivlərin mümkün risklərdən qorunması gələcəkdə yarana biləcək maliyyə itkilərinin təsirini əhəmiyyətli dərəcədə azalda bilər.
"Bu, gözlənilməz hadisələr nəticəsində yaranan maliyyə itkilərinin qarşısını tam almasa da, onların təsirini əhəmiyyətli dərəcədə azalda bilər.
Məsələn, avtomobil idxalı və satışı ilə məşğul olan sahibkar xarici ölkələrdən, o cümlədən Avropa, Amerika, Koreya və ya Çindən avtomobil gətirirsə, bu proses müxtəlif risklərlə müşayiət olunur. Daşınma zamanı yol-nəqliyyat hadisələri, yanğın, texniki nasazlıqlar və digər təhlükələr yarana bilər. Belə hallarda biznes fəaliyyətinin və daşınan məhsulların etibarlı sığorta şirkətləri vasitəsilə sığortalanması vacibdir. Bu zaman hər hansı qəza və ya zərər baş verdikdə, sahibkar sığorta ödənişləri hesabına dəymiş ziyanın əhəmiyyətli hissəsini kompensasiya edə bilər və maliyyə itkisini minimuma endirmiş olar",- deyə ekspert qeyd edib.
İqtisadçı hesab edir ki, investisiyada uğurun əsas şərtləri düzgün planlaşdırma, bazarın təhlili, maliyyə intizamı və risklərin əvvəlcədən hesablanmasıdır. Xüsusilə bu sahəyə yeni başlayan şəxslər yüksək gəlir vədlərinə aldanmamalı, qərarlarını məlumatlı şəkildə verməli və vəsaitlərini mərhələli şəkildə investisiyaya yönəltməlidirlər. Bu yanaşma həm mümkün itkilərin qarşısını almağa, həm də uzunmüddətli perspektivdə daha dayanıqlı gəlir əldə etməyə imkan yaradır.
Qısası, risksiz qazanc yoxdur, harasa pul qoyursansa, batma ehtimalı həmişə var. Pulunu itirmək istəmirsənsə, əlindəki bütün sarmayəni bir işə yatırma, bir azını kənara qoy və sığorta imkanlarından istifadə elə ki, ziyanın yerini doldura biləsən.
09 Iyun 2026
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ