Onlayn ictimai-siyasi qəzet
Fransaya casusluqda ittiham olunan Martin Ryan əfv olunub.
Musavat.com xəbər verir ki, bu, məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında qeyd olunub.
Qeyd edək ki, Fransa Respublikasının vətəndaşı Ryan Martin Riçard Bakı Ağır Cinayətlər Məhkəməsinin 2026-cı il 16 mart tarixli hökmü ilə 10 il müddətinə məhkum edilib.
Son illər Cənubi Qafqazda, xüsusən də Azərbaycanda geosiyasi maraqlarını kəşfiyyat şəbəkələri vasitəsilə yürütməyə çalışan Fransanın Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) ölkəmizdəki ifşası ətrafında müəmma pərdəsi tamamilə götürülüb. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) peşəkar əməliyyat-axtarış tədbirləri nəticəsində ifşa edilən Fransanın geniş kəşfiyyat şəbəkəsinin əsas fiqurlarından biri - Fransa Respublikasının vətəndaşı, 1988-ci il təvəllüdlü Ryan Martin Riçard haqqında çıxarılmış hökm və ardınca baş verən diplomatik-hüquqi proseslər yenidən gündəmin mərkəzindədir.
Bakıda sahibkarlıq fəaliyyəti pərdəsi altında (əsasən şərab importu ilə məşğul olan “Merkorama” MMC-nin baş direktoru kimi) fəaliyyət göstərən Martin Ryan Fransa kəşfiyyatının tez-tez müraciət etdiyi “vətəndaş örtüyü” strategiyasının bariz nümunəsi idi. Lakin Azərbaycan hüquq-mühafizə orqanlarının diqqətli müşahidəsi və DTX-nin keçirdiyi uğurlu əməliyyat şəbəkənin maskasını cırdı.
Martin Ryan 2023-cü ilin dekabrında həbs edildi. Araşdırmalar göstərdi ki, o, Fransa xüsusi xidmət orqanları (DGSE) tərəfindən idarə olunub və Bakıda diplomatik korpus adı altında fəaliyyət göstərən agentlərlə sıx təmasda olub. Ryanın əsas tapşırığı Azərbaycanın regional təhlükəsizlik strategiyası, xüsusən də Türkiyə və Pakistanla yürütdüyü hərbi və hərbi-texniki əməkdaşlıq barədə məxfi məlumatları toplamaq və mənbələri bu şəbəkəyə cəlb etməkdən ibarət idi.
Martin Ryanın agenturasına cəlb etdiyi şəxslərdən biri də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) və Fransada təhsil almış hüquqşünas, Azərbaycan vətəndaşı Azad Məmmədli idi. Martin Ryan Azad Məmmədlini Bakıda Fransanın xüsusi xidmət orqanı nümayəndələri ilə görüşdürərək casusluq fəaliyyətinə sövq etmişdi.
Aparılan istintaq yekunlaşdıqdan sonra cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildi. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2026-cı il 16 mart tarixli hökmü ilə Ryan Martin Riçard Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı (Casusluq) maddəsi ilə təqsirli bilindi və 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olundu. Məhkəmə prosesi boyunca Fransa tərəfinin diplomatik təzyiqlər vasitəsilə məsələni siyasiləşdirmək, Fransanın Bakıdakı səfirliyinin nümayəndələrinin iştirakı ilə prosesə kölgə salmaq cəhdləri heç bir nəticə vermədi. Azərbaycan məhkəməsi sübuta yetirilmiş faktlar əsasında hüquqi və qətiyyətli qərarını verdi. Martin Ryanın həbsi sıradan casusluq deyil, Parisin Cənubi Qafqazda, xüsusilə də Azərbaycana qarşı yürütdüyü qərəzli və təxribatçı siyasətin bilavasitə ifşası idi. İfşa olunan kəşfiyyat şəbəkəsinin ardınca Azərbaycan hökuməti Fransanın diplomatik pərdə altında çalışan iki kəşfiyyat əməkdaşını “persona non grata” (arzuolunmaz şəxs) elan edərək ölkədən qovdu.
Martin Ryanın həbsdə olduğu müddətdə Fransa mətbuatına sızan bəzi açıqlamalarında öz ölkəsinin kəşfiyyat qurumlarını (DGSE) onu manipulyasiya etməkdə və alət kimi istifadə edib sonra taleyin ümidinə buraxmaqda ittiham etməsi Paris üçün böyük rəzalətə çevrildi.
Martin Ryanın əfvi ilə Azərbaycan hüququn aliliyi, humanizm prinsiplərinə və beynəlxalq hüquqi mexanizmlərə sadiqliyini nümayiş etdirib. Məhkəmə hökmündən sonra Martin Ryanın əfv edilməsi və ya ölkəsinə ekstradisiyası gözlənilir.
Bu hadisə Parisə və onun bölgədə çirkin oyunlar qurmaq istəyən dairələrinə tutarlı bir dərs oldu. Azərbaycanın suverenliyinə və təhlükəsizliyinə qarşı yönələn hər bir addım ifşaya və hüquqi cavaba məhkumdur.
E.Məmmədəliyev,
Musavat.com
23 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ