Onlayn ictimai-siyasi qəzet
2026-cı il seçkilərinin nəticələrinə görə yeni Rusiya Dövlət Dumasında erməni mənşəli deputatların sayı əvvəlki çağırışla müqayisədə daha da azalıb. Hazırkı açıq mənbələrdə yeni Dumaya seçilmiş erməni kökənli deputatların sayı haqda dəqiq bilgi yoxdur.
Musavat.com yazır ki, bundan əvvəlki çağırışda erməni deputatların parlamentdəki təmsilçiliyinin zəiflədiyi barədə mediada hətta xüsusi müzakirələr aparılmışdı.
Amma konkret olaraq Dumada “erməni lobbisi yoxdur” kimi təqdim etmək də düzgün olmaz. Çünki parlamentdə Ermənistan və erməni icması ilə sıx əlaqələri olan rusiyalı siyasətçilər olub ki, bu da ayrıca kateqoriyadır.
Rusiyada milyonlarla erməninin yaşadığı faktdır, güclü diaspora strukturları fəaliyyət göstərir, iqtisadi və media imkanları da genişdir. O halda maraqlıdır, Dövlət Dumasında ermənilərin mövqeyi niyə ilbəil zəifləyir? Bunu Rusiya hakimiyyətimi istəmir?
Musavat.com-a danışan professor Qabil Hüseynli bu seçkilərdə erməniəsilli neçə nəfərin mandat qazanmasının hələ məlum olmadığını qeyd edib. Onun fikrincə, Rusiya siyasətində erməni təsirinin ciddi şəkildə azaldığını söyləmək tezdir. Qabil Hüseynli hesab edir ki, sadəcə, yeni reallıq onların əhəmiyyətini azaldıb: "Rusiya ermənilərdən əvvəllər keçmiş Qarabağ münaqişəsi mövzusunda yararlanırdı. İndi isə onlardan Paşinyan hakimiyyəti əleyhinə istifadə edir. Amma media, biznes, diaspor sektorlarında erməni təsiri qalmaqdadır. Onları himayə edən dairələr var və Kremlə bağlıdırlar. Rusiyadakı erməni diasporu əsasən Paşinyana qarşı mövqe tutub. Dumada isə onların sayının azaldığını konkret rəqəmlərlə əks etdirmək lazımdır. Mən bu barədə az məlumatlıyam. Əgər seçkilərdən seçkilərə azalma müşahidə olunursa, bunu yalnız ermənilərin əhəmiyyətinin azalması ilə bir daha əlaqələndirə bilərəm".
Professor Rusiyanın başının öz müharibəsinə qarışdığını, "erməni kartı"nı əldən çıxardığını qeyd edib: "Qarabağ problemi həll olunduqdan sonra Rusiyadakı ermənilərin bir missiyası qaldı - Paşinyanla mübarizə. Bu məsələdə də istəklərinə çata bilmirlər. Hətta Rusiya vətəndaşı milyarder Karapetyan faktoru da Ermənistanda köklü dəyişikliyə səbəb olmadı. Ona görə Dumada erməni mənşəli deputatların azalması mümkündür. Görünür ki, onlar Putin hakimiyyətinə daha lazım deyil. Lakin yenə də müxtəlif institutlarda ermənilərin fəaliyyətini, onların "təbliğat maşını"nda iştirakını qeyd etmək lazımdır. Rusiyada kifayət qədər maliyyə imkanlarına malik erməni iş adamları, diaspor var".
Qeyd edək ki, Vahid Rusiya Partiyası Dövlət Dumasında 450 yerdən 355-ni əldə edib. Bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova deyib. “Rusiya Kommunist Partiyası 40, Rusiya Liberal Demokrat Partiyası 25 və Yeni İnsanlar Partiyası 20 yer əldə edib”, - Pamfilova bildirib. Seçkilərin yekun nəticələri sentyabrın 25-də açıqlanacaq. Vahid Rusiya Partiyası 2021-ci il Dövlət Duması seçkilərində 324 yer qazanmışdı.
Emil Salamoğlu,
Musavat.com
12 Oktyabr 2026
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ