İnsanlara hürriyət, millətlərə istiqlal!

CNN dünyanın hara getdiyini yazdı

Dünya onsuz da müharibələr, enerji böhranı, iqlim fəlakətləri və böyük dövlətlər arasındakı qarşıdurmalarla son dərəcə qeyri-sabit mərhələyə daxil olub. CNN-in baş siyasi analitiki Stiven Kollinson isə hesab edir ki, ABŞ-nin indiki siyasəti bu xaosu azaltmaq əvəzinə onu daha da sürətləndirir.

Musavat.com xəbər verir ki, Kollinson “Bu, Trampın dünyasıdır və bu, onun xaosunu sürətləndirir” sərlövhəli geniş təhlilində İkinci Dünya müharibəsindən sonra formalaşmış beynəlxalq nizamın sürətlə parçalandığını yazır.

Müəllifin fikrincə, dünyanın iki böyük müharibəsi – İran və Ukraynadakı qarşıdurmalar artıq əvvəlki çərçivələrindən çıxıb. Süni intellektin mümkün təhlükələri barədə qorxular artır, yüksək enerji qiymətləri sənayeləşmiş ölkələrin iqtisadiyyatlarına zərbə vurur, daşqınlar, meşə yanğınları və ekstremal istilər isə iqlim böhranını daha da dərinləşdirir.

Lakin Kollinson üçün əsas məsələ böhranların özündən daha çox ABŞ-nin onlara münasibətinin dəyişməsidir.

Onun fikrincə, son 80 ilin böyük hissəsində belə qlobal qarışıqlıq yarandıqda Vaşinqton sabitliyi bərpa etməyə çalışan əsas Qərb gücü rolunu oynayırdı. İndi isə vəziyyət dəyişib.

“Qərbin fövqəldövləti indi qlobal qeyri-sabitliyin mənbəyinə çevrilib”, – deyə CNN analitiki yazır.

Kollinson bunu Donald Trampın xarici siyasətinin ABŞ prezidentinin şəxsi siyasi üslubunun davamına çevrilməsi ilə əlaqələndirir. Müəllifə görə, təhdidlər, iqtisadi təzyiq və hərbi gücdən istifadə imkanının daim gündəmdə saxlanılması Vaşinqtonun ənənəvi diplomatik davranışını dəyişdirib.

CNN analitiki Trampın özünün tamamilə fərqli mənzərə təsvir etdiyini xatırladır. ABŞ Prezidenti ölkəsinin dünyada əvvəlkindən daha güclü və hörmətli olduğunu bildirir. Kollinson isə yazır ki, Amerikanın bir sıra ənənəvi müttəfiqləri bu qənaəti bölüşmür.

Məqalədə Kanada və Avropa xüsusi nümunə kimi göstərilir. Kollinsonun fikrincə, əvvəllər təhlükəsizliklərini böyük ölçüdə ABŞ zəmanətləri üzərində quran bəzi müttəfiqlər indi Vaşinqtonun özündən doğan qeyri-müəyyənliyə qarşı daha müstəqil siyasət qurmağa çalışırlar.

Kanadanın Baş naziri Mark Karninin “Amerika dəyişib” sözlərini xatırladan müəllif onun başqa bir ifadəsini də önə çıxarır:“Vaşinqtondan əsən fırtınanı idarə edə bilmərik”.

Kollinsonun fikrincə, Trampın ikinci prezidentliyi ABŞ xarici siyasətində hələ birinci müddətində başlayan transformasiyanı tamamlayıb. Prezident müttəfiqlərə təzyiq göstərir, tarifləri siyasi alətə çevirir və Amerikanın üstün gücündən mümkün qədər geniş istifadə etməyə çalışır.

Lakin CNN analitiki burada paradoks görür: Tramp ABŞ-ni dünyanın dominant gücü kimi təqdim etdiyi halda, son hadisələr Amerika gücünün sərhədlərini də üzə çıxarıb.

Müəllif İran müharibəsini buna nümunə göstərir. Kollinson yazır ki, İran hakimiyyətinin bütün təzyiqlərə baxmayaraq ayaqda qalması və aylarla davam edən müharibənin ABŞ-nin hərbi ehtiyatlarına təzyiq göstərməsi Vaşinqtonun istənilən nəticəni güc yolu ilə əldə edə bilmədiyini göstərir.

Çinlə münasibətlərdə də oxşar problem ortaya çıxıb. Kollinson xatırladır ki, ticarət qarşıdurması zamanı Pekinin ABŞ texnologiya sənayesi üçün həyati əhəmiyyət daşıyan nadir torpaq elementlərinin ixracını məhdudlaşdırması Vaşinqtonun iqtisadi təzyiq imkanlarının da birtərəfli olmadığını göstərib.

Müəllifin fikrincə, daha ənənəvi Amerika administrasiyası belə vəziyyətdə ortaq təhlükələrə qarşı geniş beynəlxalq koalisiyalar yaratmağa çalışardı. Trampın tarif müharibələri və müttəfiqlərin suverenliyi ilə bağlı sərt ritorikası isə əksinə, ABŞ-nin onilliklər ərzində öz gücünü artırmaq üçün istifadə etdiyi ittifaqları zəiflədir.

Kollinson Qrenlandiyanı buna simvolik nümunə göstərir. Onun fikrincə, ABŞ Arktikada təhlükəsizlik maraqlarını Danimarka ilə normal danışıqlar yolu ilə də təmin edə bilərdi. Qrenlandiya ilə bağlı sərt təhdidlər isə NATO müttəfiqinin ABŞ-yə etimadını sarsıdıb.

Məqalədə qrenlandiyalı siyasətçi Tilli Martinussenin Vaşinqtona etimadın itirilməsini təsvir etmək üçün işlətdiyi sərt bənzətmə də diqqət çəkir: ən güclü xizək iti belə sahibini bir dəfə dişlədikdən sonra ona əvvəlki kimi etibar etmək mümkün deyil.

Bununla belə, Kollinson dünyadakı bütün problemlərin səbəbini Trampda görmür.

Müəllif xatırladır ki, ABŞ-nin Əfqanıstan və İraqdakı uzunmüddətli müharibələri Amerikanın gücünün sərhədlərini Trampdan xeyli əvvəl nümayiş etdirmişdi. Çinin yüksəlişi, süni intellekt inqilabı, iqlim dəyişikliyi və XX əsrdən qalmış beynəlxalq institutların zəifləməsi də daha uzunmüddətli proseslərdir.

Lakin CNN analitikinin əsas nəticəsi bundan ibarətdir ki, Tramp bu böhranları yaratmasa da, onun siyasi üslubu və xarici siyasəti onsuz da davam edən qlobal parçalanmanı sürətləndirə bilər.

Kollinson yazır ki, Trampın dəyişkən siyasi davranışı onun hakimiyyətdə olduğu dövrün özü ilə qəribə şəkildə səsləşir: dünya daha sərt, daha qeyri-müəyyən və daha az proqnozlaşdırılan mərhələyə keçir.

Məhz buna görə müəllif məsələni yalnız bir prezidentin siyasəti kimi deyil, daha böyük tarixi dəyişiklik kimi qoyur: köhnə dünya nizamı artıq parçalanır, lakin ABŞ-nin indiki kursu bu prosesi yavaşlatmaq əvəzinə onun sürətini artıra bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2026

27 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR