İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu dağlarda qar olsaydı, olsaydı... – Amma Şahdağ qarsız da füsunkardır

Adamı köz dolu təndir istisi kimi qarsan şəhər bürküsündən qurtulub yaşıl bağların arasıyla yam-yaşıl dağlara doğru qalxanda hiss edirsən ki, təkcə məkan dəyişmir, həm də zaman yavaşıyır. Buralarda meqapolis vurnuxması, sıxlıq, basabas, tıxac yoxdur, harasa tələsən, ailəsini maşına doldurub sunamidən qaçıırrmış kimi küçələrdə şütüyənlər gözə dəymir, mənzil başı uzaqdan görünür, 15 kilometr yolun qalıbsa, demək, 15-20 dəqiqədən sonra ordasan.

Elinə, xaqının dilinə vurğun şair belə yerləri görərək yazıb: “Sıra dağlar, gen dərələr, ürək açan mənzərələr”.

Gerçəkdən, çay vadilərində, dağ ətəklərində geniş açılmış yaşıl dərələri görəndə adamın ürəyi açılır, dərindən nəfəs almaq istəyirsən, bilirsən ki, ciyərlərinə avtomobil mühərrikinin tüstüsü ilə şəhər tozunun qarışığı olan hava kütləsi getməyəcək. Başqa vaxt asfalta əminlikə, bərk-bərk basdıqın qədəmlərini bu yaşıl çəmən-xalının üstünə ehmal-ehmal basırsan – “qazonu tapdalama” xəbərdarlığına vərdiş eləmiş şəhər adamlarına xas tərzdə.

Bir də başı buludların içində olan dağlara baxanda adamın məşhur Anadolu türküsünün misralarınnı improvziə etməsi gəlir:

Bu dağlarda qar olsaydı, olsaydı,
Bir acı rüzgar olsaydı, olsaydı...

Amma bu dağlarda acı rüzgarlar olmur – həm də ilin bu vədələri. Olsa-olsa vir az duman olur, bir az sis gəlir, sonra da çəkilib gedir. Bu dağların qarlı vaxtları isə başqa bir aləm olur. Dünya intəhasız görünür, adama elə gəlir ki, dağların o üzündə sonsuz bir həyat var. İstini, dənizi, qumu sevənlər üçün qarlı dağlar sıxıcı gələ bilər, amma il on iki ay bütün fəsillərin sərin olmasını istəyənlər üçün ən ideal məkan buradır. Qışda burda narıncı, qırmızı gödəkçələr geymiş (ağ qarda gendən sezilsinlər deyə) adamlar qaynaşır, qartopu oynayırlar, xizək sürürlər, kanatla zirvənin başına qalxırlar.

Bura Şahdağdır, bəlkə dünyadakı daha hündür dağların içində boyu görünməz, amma o, milli dağların şahıdır.

 

1029.JPG (80 KB)

İnsan oğlu quru səhrada cənnət sala bilər – su çəkər, ağac əkər, yaşıl vahə yaradar, dilbər guşə ərsəyə gətirmək üçün hər zəhmətə qatlaşar, axırda istədiyinə yetər, barəsində müqəddəs kitablarda bəhs olunan “içindən çaylar axan meyvə bağları” salar. Bir də var, əzəldən çənnəti andıran təbiət guşəsinə əl gəzdirmək, insanların özlərinin və ruhlarının dincəlməsi üçün infrastrukturlar yaratmaq, uşaqların, gənclərin əylənməsi üçün nələrisə inşa etmək...

Ataların bir misalı var, deyir, “bağa baxarsan bağ olar, baxmazsan – dağ olar”. Heç demə, dağa da baxmaq lazımmış, dağa baxarsan, Şahdağ olar, baxmazsan, yamacının otu saralar, sinəsini ağacı quruyar, bax, əsl dağ (yanıq yeri misalı) onda olar.

Şahdağa yaxşı baxırlar. Onun qoynunda yerli və xarici turistlərin aktiv istirahəti üçün hər şərait var və ildən-ilə təkmilləşir. Artıq iki ildir buraya insanlar qışda gəlir, yayda da. O cümlədən yazda da, payzda da.

5544.JPG (46 KB)

Ancaq indi müxtəlif ölkələrdən olan insanları bu dağların qoynuna, zirvəsinə gətirən əsas cazibə qüvvəsi sərinlikdir. Ona görə də “Şahdağ” turizm mərkəzinə daxil olan otellərin ərazisində daha çox isti ölkələrdən olan turistləri görmək olar. Fars körfəzi ölkələrindən, Hindistandan, Çindən, Pakistandan olan, insanlar öz ölkələrindəki qovurucu istilərdən Şahdağın sərin, hətta axşamları bir az soyuq olan havasına pənah gətiriblər. Turizm kompleksinin rəhbərliyinin dediyinə görə, bu il hindistanlı turistlərin sayının artması onlar üçün sürpriz olub, yəni ekvator xəttinə yaxın olan bu ölkədən gözləniləndən çox turist gəlib.

099889.JPG (76 KB)

Bəllidir ki, Hindistan dünyanın ən kasıb ölkələrindən biridir və dövlətin paytaxtında və ştatlarında 900 yüz milyon kasıb adam yaşayır. Ancaq bu, həm də o deməkdir ki, Hindistanda orta səviyyədən yuxarıda yaşayan yarım milyard insan və yüz minlərlə varlı adam var. Onlar üçün Azərbaycanın turizm məkanı kimi cəlbedici olması il ərzində ölkəmizin turizm sektoruna böyük töhfələr verə bilər.

339900.JPG (41 KB)

İlin bütün fəsillərində olduğu kimi, baharın sonunda, yazın astanasında Şahdağ ecazkardır, füsunkardır. Göz işlədikcə uzanan yaşıl çəmənliklər, sərin və təmiz hava, rahatlıq üçün hər cür şəraitin olması buranı əsl istirahət məkanına çevirib.

Qalır bircə qiymətlərin hər kəs üçün əlçatan olması. Aydın məsələdir ki, lüks və komfort artdıqca qiymətlər yüksəlir. Ancaq Şahdağ təkcə varlılar üçün nəzərdə tutulmayıb, orta təbəqədən olan insanlar da burada öz imkanlarına uyğun istirahət edə, əylənə, təzələnə bilərlər.

Xalid Kazımlı, Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR