İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya ABŞ ilə Çin arasında təhlükəli oyuna girir

Böyük Britaniyanın baş naziri Kir Starmerin Çinə səfəri ölkənin xarici siyasətində yeni mərhələ kimi qiymətləndirilir. Lakin London bu addımı ABŞ-dən uzaqlaşma kimi göstərmək istəmir və Vaşinqtonla münasibətləri korlamamaq üçün ehtiyatlı davranır.

Musavat.com xəbər verir ki, bu barədə “Politico” portalının analitiki Den Blum yazı qələmə alıb.

Müəllif öncə Kanadanın baş naziri Mark Karninin bu yaxınlarda Pekindən qayıtdıqdan sonra ABŞ-nin rəhbərlik etdiyi “dünya nizamının dağıldığını” bəyan etdiyini xatırladıb. Lakin onun fikrincə, Britaniya hökuməti isə oxşar mövqe sərgiləmək niyyətində deyil.

Kir Starmer Pekinə səfər edərək Çin lideri Si Cinpinlə görüşəcək. Bu, 2018-ci ildən sonra Britaniya baş nazirinin Çinə ilk rəsmi səfəridir. O, əvvəlki mühafizəkarlar hökuməti dövründə yaranmış “soyuq münasibətləri” aradan qaldırmaq və iqtisadi razılaşmalar əldə etmək istəyir.

Starmer hazırda Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Merts kimi Avropa liderlərinin ardınca Çinə səfər edən dövlət başçılarından biridir. O, Davosda çıxışı zamanı dünyadakı qeyri-sabitliyin son onilliklərdə görünməmiş səviyyəyə çatdığını da vurğulayıb.

Britaniya hökumətinə yaxın mənbələrin bildirdiyinə görə, Starmer eyni vaxtda Vaşinqton, Brüssel və Pekinlə münasibətləri qorumağa çalışır. Vestminsterdə bu siyasət “üç cisim problemi” adlandırılır.

Müəllifin rəyini aldığı rəsmi şəxslər bildiriblər ki, Starmer nə Makron, nə də Karni kimi səfəri böyük geosiyasi mesajlara çevirmək niyyətindədir. Onun məqsədi sakit və idarəolunan diplomatiyadır.

“ABŞ bizim əsas müttəfiqimizdir. Amma bu, Çinlə praqmatik münasibət qura bilməyəcəyimiz demək deyil”, - deyə Dauninq Stritdəki (baş nazirin qərargahının qeyri-rəsmi adı - red.) mənbələrdən biri deyib.

Starmerin əsas hədəfi iqtisadi artımdır. Son rübdə Böyük Britaniyada artım cəmi 0,1 faiz olub.

Hökumət dairələri bildirir ki, əsas məqsəd səfərdən “ictimaiyyətə təqdim edilə bilən nəticə” ilə qayıtmaqdır.

Planlaşdırılan razılaşmalar əsasən tibb, həyat elmləri, iqlim araşdırmaları, mandarin dili proqramları və maliyyə sahəsini əhatə edir. Eyni zamanda peşə ixtisaslarının qarşılıqlı tanınması və qısamüddətli vizasız səfərlər də müzakirə olunur.

London tərəfi Pekini viski idxalına tətbiq edilən tarifləri azaltmağa da razı salmağa çalışır.

Lakin ağır enerji layihələri və külək turbinləri texnologiyası sahəsində əməkdaşlıq riskli hesab edilir. Çin şirkəti Minq Yanq-ın Şotlandiya sahillərində külək parkına 1,5 milyard funt sərmayə yatırması hələ də təsdiqlənməyib.

Elektrik avtomobilləri sahəsində də dərin əməkdaşlıq gözlənilmir. Mənbələr bildirir ki, Starmer Kanadanın etdiyi kimi bazarı Çin avtomobillərinə açmayacaq.

Britaniyada Çinlə bağlı casusluq və kiberhücum iddiaları da narahatlıq doğurur. 2020-ci ildə ABŞ-nin təzyiqi ilə Huawei şirkəti 5G layihələrindən kənarlaşdırılmışdı.

Avropa Xarici Münasibətlər Şurasının eksperti Endryu Smoll bildirir ki, yaşıl enerji sahəsində Çin asılılığı 5G böhranını xatırladır.

Səfər ərəfəsində Donald Trampın mövqeyi də nəzərə alınır. Mənbələrə görə, Starmer administrasiyası Vaşinqtonu qıcıqlandırmaqdan çəkinir.

“Hazırda hər açıqlama risklidir”, - deyə bir rəsmi bildirib.

Səfər zamanı uyğur türkləri, Honkonq və britaniyalı nəşriyyatçı Cimmi Layın işi gündəmə gələ bilər. Lakin əvvəlki görüşlərdə bu mövzular ciddi narazılıq yaradıb.

2024-cü ildə Starmer Si Cinpinlə görüşərkən bu məsələni qaldıranda jurnalistlər otaqdan çıxarılmışdı.

Leyboristlər Çinə münasibətdə “Challenge, Compete, Cooperate” - “Mübarizə, Rəqabət, Əməkdaşlıq” modelini tətbiq edir.

Bu strategiyanın hazırlanmasında Starmerin təhlükəsizlik müşaviri Conatan Pauell və xarici işlər naziri İvett Kuper iştirak edib.

İnsan haqları müdafiəçisi Luke de Pulford bildirir ki, Çin qlobal sistemi öz maraqlarına uyğun dəyişmək istəyir və London bu təhlükəni lazımi səviyyədə qiymətləndirmir.

Ekspertlərə görə, Starmerin səfəri münasibətləri yumşaldacaq, lakin böyük dönüş yaratmayacaq. London Çinlə əlaqələri normallaşdırmaq istəyir, amma ABŞ ilə strateji tərəfdaşlığı riskə atmaq niyyətində deyil.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR