İnsanlara hürriyət, millətlərə istiqlal!

“Batka” şantajla Putini yeni fəlakətə çəkir: “Vaqner” isə Kremldən intiqam almaq planları qurur

“Batka” prezident Putini Belarusun Rusiya ucbatında xarici hərbi təhlikə qarşısında qaldığına eyham vurmaqla, Kremlin dərhal qlobal savaşa qərar verməsini istəyir... Ukraynada “savaş bataqlığı”na düşmüş Kreml isə buna əlavə olaraq, NATO-ya qarşı Rusiyanın məğlub olacağı əvvəlcədən şübhə doğurmayan müharibəyə girməyə hələlik cəsarət etmir...

Rusiya düşdüyü “savaş bataqlığı”nın dibinə doğru sürətlə yuvarlanmaqda davam edir. Kreml Ukrayna savaşından ən az itkilərlə çıxmaq üçün əlindən gələn hər şeyi etməyə çalışır. Ancaq Rusiyanın seçdiyi taktika yanlış olduğundan, öz ətrafında yaranmış situasiyanı daha da qəlizləşdirir. Hər halda, Kremldə Rusiyanın hərbi-siyasi şantaj taktikasınən artıq çoxdan işə yaramadığını hələ də qəbul etmək istəmirlər. Və bu səbəbdən də, Rusiya “geopolitik labirint”dən xilas olmaq şansı qazana bilmir.

Məsələ ondadır ki, son vaxtlar Rusiya ilə Polşa arasında yeni savaş təhlükəsi yaranmağa başlayıb. Kreml Ukraynaya beynəlxalq yardım kampaniyasının avanqard ölkələrindən biri olan Polşanı təhdid etməyə çalışır. Rusiya bu təhdidlərlə Polşanı Ukraynaya dəstək prosesindən kənarlaşdıra biləcəyinə ümid bəsləyir. Və bununla da, Ukraynaya Polşa üzərindən açılmış “silah dəhlizi”nin qapadıla biləcəyini düşünür.

Rusiya prezidenti Vladimir Putinin Polşaya yönəlik son təhdidləri Moskva-Varşava münasibətlərini son həddə qədər gərginləşdirib. Kreml sahibi bildirib ki, Polşanın qərb əraziləri Stalinin bu ölkəyə “hədiyyəsidir”. Onun fikrincə, Varşavada keçmiş SSRİ-nin, yəni Rusiyanın Polşaya bu “xeyirxahlığını” nədənsə unudublar. Prezident Vladimir Putin “Ancaq biz onlara unutduqlarını tezliklə xatırladacağıq” deməklə, Polşanı hərbi müdaxilə ilə təhdid edib.

Stalin-1427786.jpg (36 KB)

Təbii ki, rəsmi Varşava Kreml sahibinin savaş təhdidlərini ciddiyə alır. Polşanın siyasi rənbərliyi hesab edir ki, əgər, Rusiya Ukrayna savaşında qalib gələrsə, ilk hərbi hədəf məhz bu ölkə ola bilər. Ona görə də Polşa gələcək savaşa elə indidən hazırlaşmağa başlayıb. Qərb hərbi araşdırma mərkəzlərinin qənaətinə görə, əgər, Ukrayna ordusunun əkshücum əməliyyatları müsbət nəticə verməzsə, Polşa Rusiya ilə savaşa birbaşa qoşulmaq qərarı vermək niyyətində olan ilk ölkədir.

Onu da qeyd etmək lazımdır ki, rəsmi Varşava Polşa qoşunlarını Rusiyanın yeganə hərbi-siyasi müttəfiqi olan Belarus sərhədlərinə doğru hərəkət etdirib. İndi Belarusla sərhəd bölgəsində Polşanın kifayət qədər zərbə qüvvəsi cəmləşdirilib. Və bütün bunlar Belarusun hərbi-siyasi dairələrini nəinki narahat edir, hətta qorxuya belə, salıb.

Məsələ ondadır ki, rəsmi Minsk Rusiyanın hərbi dəstəyi olmadan Polşa ordusu qarşısında uzun müddət tab gətirməyin mümkün olmayacağını bilir. Belarus hakimiyyəti Polşanın hərbi müdaxiləsinin NATO tərəfindən də aktiv şəkildə dəstəklənəcəyini ehtimal edir. Belə vəziyyətdəsə, Belarusun NATO dəstəkli Polşa tərəfindən işğal edilməsi ən qısa zaman ərzində reallaşa bilər.

Maraqlıdır ki, təhlükəsinin gözlənildiyindən daha ciddi olması Belarus prezidenti Aleksandr Lukaşenkonu da panik duruma salıb. “Batka” tez-tələsik Rusiyaya səfər edib və prezident Vladimir Putinə Belarusun hərbi müdaxilə təhlükəsi ilə üzləşməsindən şikayətlənib. O, Kreml sahibinə Polşa ordusunun Belarus sərhədlərində cəmləşdirilməsini ifadə edən xəritəni göstərib. Və Belarusun hərbi dəstəyə ehtiyacı olduğunu bildirib.

efbf2241-03f5-4913-9551-d9770224ad4d.jpg (106 KB)

Təbii ki, Rusiya hazırda Belarusa hərbi dəstək vermək imkanında deyil. Kreml Ukrayna cəbhəsində Rusiyanın hərbi müdafiə ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Ona görə də, hazırda “Batka”nın Rusiyadan hərbi yardıma ümid bəsləməsi bir qədər absurd görünür. Və bu səbəbdən də “Batka” çox incə şəkildə prezident Vladimir Putinə Belarusun indiki təhlükəyə Rusiya ucbatından məruz qaldığını eyham vurmaqdan da özünü saxlaya bilməyib.

Eyni zamanda, Belarus prezidenti mövcud situasiyadan ən optimal çıxış yolu hesab etdiyi hərbi variantı da Kreml sahibinin diqqətinə çatdırıb. Belə ki, “Batka” Belarus ərasinə gətirilmiş “Vaqner” hərbi qruplaşmasının Polşaya keçib, həmin ölkə ilə hesablaşmaq niyyətində olduğunu vurğulayıb. Belarus prezidenti bildirib ki, bu ideya ona deyil, “Vaqner” rəhbərliyinə məxsusdur.

Ancaq “Batka”nın “Vaqner” rəhbərliyi adından gündəmə gətirdiyi bu təklif prezident Vladimir Putinin xoşana gəlməyib. Bəzi məlumatlara görə, Kreml sahibi “Vaqner” hərbi qruplaşmasına qətiyyən etibar etmir. Prezident V.Putin Rusiyaya xəyanət etmiş “Vaqner”in hər an arxadan zərbə vura biləcəyindən ciddi şəkildə narahatdır. Və bu baxımdan, “Vaqner”dən Polşaya qarşı istifadə olunması variantına kəskin müqavimət göstərir.

3ea42f73-1966-4837-9e53-8ad949e2549c.jpg (583 KB)

Məsələ ondadır ki, Kreml sahibi “Vaqner”in Belarus-Polşa gərginliyindən özəl maraqlar üçün istifadə edə biləcəyini düşünür. O, hesab edir ki, bu özəl hərbi qruplaşma Kremldən ciddi şəkildə narazıdır və Polşaya keçəcəyi təqdirdə, Rusiyadan qisas almaq niyyətinə düşə bilər. Yəni, Kreml sahibi “Vaqner”in Polşaya keçəcəyi təqdirdə, Ukrayna ordusuna qoşularaq, Rusiyaya qarşı savaşa qatılacağı qənaətindədir. Çünki bununla “Vaqner”in rəhbəri Yevgeni Priqojin həm Kreml sahibindən intiqam almaq, həm də Qərb qarşısında önəmli xidmət göstərərək, öz şəxsi gələcək taleyini xilas etmək şansı qazanmış olacaq.

Göründüyü kimi, Kreml rəsmi Varşavanı təhdid etdikcə, Polşa Rusiyanın hərbi müttəfiqi Belarusa qarşı savaş təzyiqi göstərir. Rusiya isə Polşa ilə yalnız Ukrayna savaşı bitdikdən sonra haqq-hesab çəkmək niyyətindədir. Halbuki, hazırda Polşanın hərbi müdaxilə ehtimalından narahat olan Belarusu bu variant qətiyyən qane etmir. Və “Batka” Belarusu qorumaq üçün Rusiyanın dərhal hərkətə keçməsini istəyir.

Ancaq Kremlin Belarus ucbatından ikinci cəbhə açmağa hələlik qətiyyən həvəs göstərmir. Çünki Rusiyanın Polşa ilə açıq savaşa başlaması NATO-nun birbaşa müdaxiləsinə hüquqi əsaslar yarada bilər. Ukraynada “savaş bataqlığı”na düşmüş Kreml isə buna əlavə olaraq, NATO-ya qarşı Rusiyanın məğlub olacağı əvvəlcədən şübhə doğurmayan müharibəyə girmək niyyətində deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR