Onlayn ictimai-siyasi qəzet
Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi 30 ünvanında yaşayan sakinlər həyətlərinə aid parkın naməlum şəxslər tərəfindən avtomobil dayanacağına çevrildiyini bildirirlər.
Redaksiyamıza müraciət edən vətəndaşların sözlərinə görə, parkın bir hissəsi bir ildən artıqdır ki, 50-dən çox avtomobilin qanunsuz parklanma yerinə çevrilib. Bu hal isə ərazidə aparılan abadlaşdırma və təmir işlərinə ciddi maneə yaradır.
Sakinlər bildirirlər ki, parkda saxlanılan avtomobillərin kimə məxsus olduğu və həmin ərazidə dayanmaq üçün kimdən icazə alındığı məlum deyil. Onların ehtimalına görə, mikroavtobus tipli nəqliyyat vasitələri hər hansı şirkətə məxsus ola bilər.
“Parkda abadlıq işləri aparılır. Lakin ərazinin bir hissəsi naməlum şəxslər tərəfindən avtomobil dayanacağına çevrilib. Nəticədə aylardır həmin sahədə müxtəlif maşınlar saxlanılır. Park Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin arxasında yerləşir. Görünür, bu avtomobillər ya bir şəxsə, ya da hansısa şirkətə məxsusdur, bəlkə də satış məqsədilə burada saxlanılır”, - deyə sakinlər narazılıqlarını ifadə edirlər.
Onların sözlərinə görə, avtomobillər həyət daxilində hərəkətə mane olur, uşaqların oynaya biləcəyi sahəni məhdudlaşdırır. Sakinlər parkın qanunsuz parklanmadan azad olunması üçün müvafiq qurumların təcili tədbir görməsini tələb edirlər.
Nizami Rayon İcra Hakimiyyətindən bildirilib ki, qanunsuz parklanma ilə bağlı tədbir görülməsi digər qurumların səlahiyyətinə daxildir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi isə məhəllədaxili ərazilərdə qanunsuz parklanma hallarına görə məsuliyyətin aidiyyəti digər qurumların üzərinə düşdüyünü qeyd edib.
Musavat.com məsələ ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə sorğu ünvanlayıb.
Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli bildirib ki, ayrı-ayrı şəxslər tərəfindən avtomobil parklanması üçün qanunsuz şəkildə zəbt olunması hallarının qarşısının alınması diqqət mərkəzində saxlanılır. Polis əməkdaşlarının həyata keçirdikləri monitorinqlər və profilaktik tədbirlərlə səlahiyyəti olmadan parklanma yerlərini təşkil edən, parklanma xidməti göstərən, yaxud həmin xidmətlə bağlı ödəniş tələb edən şəxslər müəyyən edilərək barələrində inzibati tənbeh tədbiri tətbiq olunur.
Nizami rayonunda qeyd olunan ərazidə parklanma qaydalarının tənzimlənməsi prosesində yaranan neqativ halın aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən tədbir görülüb və qanunsuz fəaliyyətin qarşısı alınıb.
Şahanə Rəhimli
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ