İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda kimin partiyası qalib gəldi?

Rusiyanın seçkiləri postsovet məkanında da keçirildi

Rusiyada 18-20 sentyabr tarixlərində keçirilən Dövlət RDumasına seçkilər başa çatıb. Ölkə daxilində səsvermə ilə yanaşı, xaricdə yaşayan və ya səfərdə olan Rusiya vətəndaşları üçün də seçki məntəqələri fəaliyyət göstərib. Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatlarına görə, xaricdə 152 ölkədə seçki məntəqələri yaradılıb. Ümumilikdə 333 məntəqə formalaşdırılıb. Xaricdə səsvermədə Rusiya vətəndaşları yalnız federal partiya siyahısı üzrə səs veriblər.
Keçmiş SSRİ məkanında da Rusiya seçkiləri kifayət qədər geniş coğrafiyanı əhatə edib. Azərbaycanda Bakıdakı Rusiya səfirliyində 8017 saylı seçki məntəqəsi fəaliyyət göstərib. Rusiya seçki sisteminin rəsmi siyahısında Azərbaycan üzrə məhz bu məntəqə göstərilir.
Rusiyada seçkilər: 2 gün ərzində seçici fəallığı 44 faizi ötüb

Ermənistanda isə İrəvan və Gümrü də daxil olmaqla altı məntəqə yaradılıb. Belarusda yeddi, Qazaxıstanda isə Astana və digər şəhərlərlə yanaşı Baykonurda da məntəqələr fəaliyyət göstərib. Qırğızıstanda Bişkek və Oş, Tacikistanda Düşənbə və Xucənd, Özbəkistanda isə Daşkənd və Səmərqənd kimi şəhərlərdə Rusiya vətəndaşları səs veriblər.
Moldovada isə Rusiya seçkiləri diplomatik mübahisəyə səbəb olub. Rusiya ərazisindəki əsas məntəqələrdən əlavə, Dnestryanı bölgədə 15 seçki məntəqəsi açıb. Moldova hökuməti buna etiraz edərək səsvermənin yalnız Rusiya səfirliyində keçirilməsini tələb edib. Rusiyanın seçki məntəqələri Gürcüstanın beynəlxalq səviyyədə tanınmış ərazisində bu il yaradılmayıb. Bununla yanaşı, Rusiya qondarma Abxaziya respublikasında 50, tanınmamış Cənubi Osetiyada isə 11 seçki məntəqəsi açıb. Bu ərazilərin statusu beynəlxalq səviyyədə mübahisəlidir. Beləliklə, postsovet məkanında Rusiya seçkilərinin keçirildiyi əsas ölkələr sırasında Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan və Moldova yer alıb.

Bəs Bakıda kimin partiyası qalib gəldi?
Rusiya seçkiləri- Bakıda qutudan hansı partiya qalib olacaq?

Məsələ burasındadır ki, Bakıdakı məntəqənin ayrıca partiya nəticələri hələ açıq mənbələrdə dərc edilməyib. Buna görə Bakıda hansı siyasi qüvvənin birinci olduğunu dəqiq söyləmək mümkün deyil. Məlum olan odur ki, Bakıdakı seçki məntəqəsində Rusiya vətəndaşları səs verib və səsvermə başa çatdıqdan sonra bülletenlərin hesablanmasına başlanılıb. Ümumrusiya nəticələrində isə ilkin hesablamalar “Vahid Rusiya”nın üstünlüyünü göstərir. Səslərin hesablanması davam etdikcə hakim partiya birinci yerdə qalır, onun ardınca KPRF, LDPR və “Yeni insanlar” gəlir. Lakin maraqlı sual məhz xaricdəki rusiyalıların seçimidir. Çünki Rusiya daxilindəki siyasi mənzərə ilə digər ölkələrdə yaşayan Rusiya vətəndaşlarının səsvermə davranışı arasında fərq yarana bilər. Bu baxımdan Bakı, İrəvan, Minsk, Astana, Bişkek, Daşkənd, Düşənbə və Kişinyovda nəticələr ayrıca maraq doğurur. Xüsusilə Ermənistan və Moldova kimi Moskva ilə münasibətləri son illərdə ciddi şəkildə dəyişən ölkələrdə yaşayan Rusiya vətəndaşlarının seçimi diqqət çəkir. Məlum olan başqa bir fakt da budur ki, Rusiya seçkilərinin xaricdə müşahidəsi postsovet məkanını da əhatə edib. MDB Parlamentlərarası Assambleyasının müşahidəçiləri Bakı, İrəvan, Gümrü, Minsk, Vitebsk, Qomel, Qrodno, Mogilyov, Astana, Bişkek, Oş, Düşənbə, Xucənd, Daşkənd və Səmərqənddəki seçki məntəqələrində işləyiblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR