İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda avtobus qəzaları niyə artır?

Bir neçə həftə ərzində sərnişin avtobuslarının iştirakı ilə baş verən qəzalarda onlarla insan xəsarət alıb. Bakıda marşrut avtobuslarının iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri yenidən gündəmə gəlib. Son günlərdə paytaxtda və ölkənin əsas magistrallarında avtobusların iştirakı ilə bir neçə ciddi qəza qeydə alınıb.İyulun 24-də Bakının Xəzər rayonunun Binə qəsəbəsində iki avtobus toqquşub və nəticədə 22 nəfər xəsarət alıb. Onlardan 13-ü Sabunçu Tibb Mərkəzinə, 9-u isə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Sonrakı məlumatlara görə, yaralıların böyük hissəsi müalicədən sonra evə buraxılıb, bir neçə nəfərin isə müalicəsi davam etdirilib.Bundan əvvəl, iyulun 12-də Hacıqabulda Zaqatala-Bakı istiqamətində hərəkət edən sərnişin avtobusu idarəetmədən çıxaraq beton arakəsməyə çırpılıb və aşıb. Hadisə ilə bağlı rəsmi məlumatda iki nəfərin xəsarət aldığı bildirilsə də, tibbi müəssisələrə ümumilikdə 28 nəfərin yerləşdirildiyi açıqlanıb. İyulun 29-da isə Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində daha bir avtobus qəzası baş verib. 107 nömrəli marşrut avtobusu eyni istiqamətdə hərəkət edən yük maşınına çırpılıb. Toqquşma nəticəsində avtobus ciddi zədələnsə də, ilkin məlumata görə, qəza zamanı salonda sərnişin olmayıb və xəsarət alan qeydə alınmayıb. Qobu-Lökbatan yolunda da ağır yol-nəqliyyat hadisəsi baş verib. AZ-99-EN-361 dövlət qeydiyyat nişanlı “Toyota” markalı minik avtomobili “Ford Transit” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Hadisə nəticəsində “Toyota”da olan Bəhruz Sultanov və Rauf Hüseynov hadisə yerində həlak olublar, “Ford”un sürücüsü isə xəsarət alıb. Qəza zamanı həyatını itirən şəxslər “Qobu” futbol klubunun oyunçuları olublar.

Yol polisindən Abşerondakı avtobus qəzası ilə bağlı açıqlama

Ardıcıl qəza xəbərləri ictimai nəqliyyatda təhlükəsizlik məsələsini yenidən ön plana çıxarır. Hadisələrin hər biri üzrə səbəblər ayrıca araşdırılsa da, sərnişin avtobuslarının iştirakı ilə baş verən qəzaların təkrarlanması sürücülərin intizamı, texniki vəziyyət, marşrutların təşkili və sərnişindaşıma qaydalarına nəzarətin nə dərəcədə səmərəli olduğu barədə suallar yaradır. Xüsusilə 24 iyulda baş verən və 22 nəfərin xəsarət aldığı qəza ilə 29 iyulda Buzovnada qeydə alınan hadisənin cəmi bir neçə gün fərqlə baş verməsi paytaxtda avtobusların təhlükəsizliyinə daha ciddi yanaşılmasının vacibliyini göstərir. Hazırda qəza ilə bağlı araşdırma aparılır. Hadisənin səbəbləri və məsul şəxslər istintaqın nəticəsindən sonra müəyyənləşdiriləcək.

Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı Musavat.com-a deyib ki, avtobus qəzalarına yalnız ayrı-ayrı sürücülərin səhvi kimi yanaşmaq düzgün deyil. Onun fikrincə, belə hadisələr çox vaxt bir çox problemlərin nəticəsi olur. “Avtobus qəzasına adi avtomobil qəzası kimi baxmaq olmaz. Çünki burada söhbət bir nəfərin və ya iki nəfərin məsuliyyətindən getmir. Avtobus sürücüsü sükan arxasına keçəndə onun arxasında onlarla insanın həyatı dayanır. Bu məsuliyyət fərqli yanaşma tələb edir”.

Elməddin Muradlı: Piyada vurulmada bir sürücü də salamat çıxmırEkspertin sözlərinə görə, ictimai nəqliyyatda ən vacib məsələ sürət deyil, təhlükəsizlik mədəniyyətidir. “Bəzən görürük ki, avtobus sürücüləri dayanacaqda sərnişin götürmək, digər avtobusu ötmək və ya vaxt qazanmaq üçün riskli manevrlər edirlər. Amma avtobus yarış avtomobili deyil. Orada daşınan yük insan həyatıdır”. Elməddin Muradlı hesab edir ki, baş verən qəzaların səbəblərini araşdırarkən yalnız sürücünü hədəfə almaq kifayət deyil.“Əlbəttə, sürücünün məsuliyyəti var. Qayda pozan, sürət həddini aşan, diqqətsiz davranan sürücü məsuliyyətə cəlb olunmalıdır. Amma eyni zamanda sürücünün iş şəraiti də qəzalarda mühüm rol oynayır. Qəza törədən sürücü neçə saat sükan arxasında idi? Onun yorğunluğu, psixoloji vəziyyəti yoxlanılırdımı? Avtobusun texniki vəziyyəti necə idi?”

Müsahibimiz bildirir ki, nəqliyyat təhlükəsizliyi zəncirvari sistemdir. Bu zəncirin hər hansı bir hissəsində problem yaranarsa, nəticədə insan həyatı riskə düşür. “Sürücü, daşıyıcı şirkət, texniki xidmət göstərən qurum və nəzarət edən orqanlar bu prosesin iştirakçısıdır. Bir halın üzərində dayanıb problemi həll etmək mümkün deyil”. Elməddin Muradlı deyib ki, avtobus sürücülüyünə münasibət dəyişməlidir. “Bizdə bəzən avtobus sürücülüyünə adi sürücülük kimi yanaşılır. Halbuki dünyanın inkişaf etmiş ölkələrində ictimai nəqliyyat sürücüsü xüsusi seçim mərhələsindən keçir, davamlı təlim alır, davranışı və idarəetmə tərzi daim nəzarətdə saxlanılır”. Onun sözlərinə görə, sürücünün peşəkarlığı yalnız yol qaydalarını bilməklə ölçülmür. “Sürücü stressli vəziyyətdə qərar qəbul etməyi bacarmalıdır. Sərnişinlərlə davranışı, təhlükəli vəziyyətlərdə reaksiyası, məsuliyyət hissi də qiymətləndirilməlidir”. Ekspert avtobusların texniki vəziyyətinə də diqqət çəkir.

   Bakıda avtobus qəzası: Xəsarət alan var

“Avtobus böyük və ağır nəqliyyat vasitəsidir. Əyləc sistemində, sükan mexanizmində və ya təkərlərdə yaranan kiçik problem belə böyük faciəyə səbəb ola bilər”. Onun sözlərinə görə, avtobuslara gündəlik texniki baxış sadəcə sənəd üzərində aparılan prosedur olmamalıdır. “Avtobus hər gün yüzlərlə insan daşıyırsa, onun texniki vəziyyəti də hər gün nəzarətdə olmalıdır. Bir dəfə yoxlama ilə məsələ bitmir”. Elməddin Muradlı hesab edir ki, müasir texnologiyalardan daha effektiv istifadə edilməlidir. “Bu gün avtobuslarda GPS sistemləri, müşahidə kameraları var. Amma əsas məsələ həmin məlumatların necə istifadə olunmasıdır. Əgər sürücü təhlükəli şəkildə avtobus idarə edirsə və buna vaxtında reaksiya verilmirsə, texnologiyanın mənası azalır”. Ekspertin fikrincə, elektron nəzarət sistemi qəza baş verəndən sonra yox, qəzanın qarşısını almaq üçün işləməlidir. İctimai nəqliyyatda iqtisadi maraqlarla təhlükəsizlik arasında balansın qorunması vacibdir. “Bəzən daşıyıcılar daha çox reys həyata keçirməyə, daha çox sərnişin daşımağa və daha çox gəlir əldə etməyə çalışırlar. Amma təhlükəsizlik ikinci plana keçirsə, bunun nəticəsi ağır olur”. Onun sözlərinə görə, avtobus nəqliyyatında əsas prinsip dəyişməlidir: “Əsas məqsəd avtobusun vaxtında çatması deyil, sərnişinin sağ-salamat çatmasıdır”.

Elməddin Muradlı deyir ki, avtobus qəzaları hər dəfə ayrıca hadisə kimi yox, ümumi mənzərənin bir hissəsi kimi araşdırılmalıdır. “Hər qəza bizə bir siqnal verir. Əgər eyni problemlər təkrarlanırsa, deməli, yanaşmanı dəyişmək lazımdır. Qəza baş verəndən sonra səbəb axtarmaq yox, qəzanın qarşısını almaq əsas məqsəd olmalıdır”. İctimai nəqliyyatda təhlükəsizlik məsələsi yalnız bir qurumun deyil, bütün sistemin məsuliyyətidir. “İnsanlar avtobusa minəndə öz həyatlarını sürücüyə etibar edirlər. Bu etimadı doğrultmaq üçün sürücü də, daşıyıcı da, nəzarət edən qurumlar da öz məsuliyyətini tam dərk etməlidir”.

E.Məmmədəliyev,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR