İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı Avrasiya İttifaqının hədəfində

Rusiya Ermənistanın uzaqlaşmaq istədiyi platformaya yeni üzvlər cəlb etməkdə maraqlıdır - Azərbaycan isə...

Ötən həftəsonu baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə Ermənistan hökumətinin iclasında verilən bəyanatlar İrəvanın geosiyasi kursunda növbəti dönüşün siqnalı kimi qiymətləndirilir. Erməni mediası yazır ki, rəsmi İrəvan faktiki olaraq Avrasiya İqtisadi İttifaqından (Aİİ) uzaqlaşma ssenarisini işə salıb. Bu proses Ermənistanın daha əvvəl Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərini mərhələli şəkildə dondurmasına bənzəyir. Baş nazir bildirib ki, Ermənistan Aİİ-ni tərk etmir, əksinə, ittifaqın özü Ermənistandan uzaqlaşır.

“Partnyorlarımızın mənim iştirak etmədiyim vaxt qəbul etdikləri bəyanatla bağlı suallarım var və bunun praktikada nə demək olduğunu anlamalıyıq. Avrasiya İqtisadi İttifaqının istənilən üzvü digər üzvə münasibətdə belə qərarlar qəbul edib bir günün içində onları tətbiq edə bilərmi? Qiymətləndirməmə görə, əgər cavab "bəli"dirsə, deməli, Aİİ özünü ləğv etdiyini elan edir", - deyə Paşinyan bildirib.

Rusiya mediası isə yazır ki, Moskva postsovet məkanında itirdiyi nüfuzu, xüsusilə Ermənistanın Avropa İttifaqına üz tutması Kremli yeni planların reallaşmasına sövq edir. “Nezavisimaya qazeta” bu mövzuda yazır ki, Moskva indi Özbəkistanın Aİİ-yə mümkün qoşulması ilə bağlı müzakirələri ön plana çıxarıb. “Niyə Özbəkistanın AİB-ə tamhüquqlu üzv kimi qoşulması məsələsi hazırda fəal şəkildə qaldırılır” sualı haqda nəşr belə yazır: "Bu, Moskva və Daşkənd arasındakı münasibətlərin hazırkı təbiətindən irəli gəlir. Son 10 ildə iki ölkə arasında ticarət dövriyyəsi üç dəfədən çox artaraq 13 milyard dollara çatıb. Digər tərəfdən, Özbəkistanın birliyin daimi üzvü kimi inteqrasiyası məsələsinin qaldırılması və mediada aktiv iştirakı postsovet məkanında Rusiya üçün ümumilikdə müsbət olmayan tendensiyalara cavabdır. Ermənistanla bağlı son hadisələr və onun Avropaya inteqrasiya istəkləri təkcə təsir məsələsini deyil, həm də Rusiyanın regiondakı hərbi, siyasi və iqtisadi proseslərə ənənəvi olaraq aparıcı təsir göstərən bir oyunçu kimi imicini ortaya qoyur". Nəşrin təhlilində deyilir ki, Özbəkistanın Aİİ-yə tam inteqrasiyası sadəcə Rusiyanın ən böyük tərəfdaşlarından birini öz təsir dairəsində saxlamaq cəhdi deyil, həm də imic məsələsidir. Lakin Özbəkistan müşahidəçi statusundan ittifaqda tam üzvlüyə keçməyə tələsmir.

Bu arada Azərbaycan-Aİİ münasibətləri də son günlər tez-tez gündəmə gətirilir. Yada salaq ki, Rusiya bir neçə dəfə Azərbaycanın ittifaqa qoşulmasının arzuolunan olduğunu bəyan etsə də, rəsmi Bakı bu çağırışlara qəti müsbət və ya mənfi cavab verməyərək məsafəli davranıb. Prezident İlham Əliyev müxtəlif çıxışlarında Azərbaycanın bir çox ölkələrlə ikitərəfli formatda səmərəli iqtisadi əməkdaşlıq qurduğunu və mövcud modeldən razılığını qeyd edib. Bu yaxınlarda Rusiyanın Azərbaycanın Aİİ ilə yaxınlaşmasına hərtərəfli dəstək verməyə hazır olduğunu bəyan edən xarici işlər nazirinin müavini Mixail Qaluzin hesab edib ki, bu, ümumi Avrasiya məkanında artıq formalaşmış iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə xidmət edər. Onun fikrincə, belə bir yaxınlaşma Azərbaycan iqtisadiyyatı üçün də müsbət nəticələr verər. Çünki ölkə vahid mal bazarının üstünlüklərindən yararlanmaq imkanı əldə edər, həmçinin nəqliyyat, xidmətlər və investisiyalar sahəsində əməkdaşlığını genişləndirmək imkanı qazanar. Belə görünür ki, Rusiya Aİİ-ni gücləndirmək naminə yeni üzvlər cəlb etmək üçün ən müxtəlif variantlardan istifadə etməyə hazırdır. Rusiyanın dövlət telekanalı səviyyəsində “erməni kartı”nı yenidən Azərbaycana qarşı işə salması da bu kontekstdə diqqət çəkir.

Bəs Bakının belə bir dilemması varmı? Biz niyə Aİİ-də olmalıyıq?

Xəyal Bəşirov: "Rusiya geri addım atmayacaq"

“Yeni Müsavat”a baş verənləri şərh edən Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov Azərbaycanın Aİİ-yə qoşulmasının gündəmdə olmadığını düşünür. Onun sözlərinə görə, Rusiyanın ürəyindən bu istək keçə bilər, lakin Bakı belə bir iqtisadi profil tutmaq həvəsində deyil.

Hüquqşünas hesab edir ki, əksinə, Azərbaycan Avropa İttifaqı ilə iqtisadi sahədə əməkdaşlığını genişləndirməyi hədəfləyib: “Elə Avropa Komissiyası prezidentinin ölkəmizə səfəri də bu məqsədi daşıyır. Azərbaycan Qərblə enerji sahəsində əlaqələri dərinləşdirmək niyyətindədir. Belə vaxtda Avrasiya İqtisadi İttifaqı qətiyyən cəlbedici görünmür. Ümumiyyətlə, bu təşkilata indi qoşulmaq Azərbaycanın seçim etməsi kimi dəyərləndirilə bilər. Çünki müharibə şəraitində və sanksiyalar altında olan dövlətin dominant olduğu bir təşkilata məhz indi üzv olmaq Azərbaycanın prestijinə uyğun deyil. Rusiyada Bakının seçimini hörmətlə qarşılamalıdırlar. Eyni zamanda bizi üzvlüyə məcbur edə bilməzlər. Sadəcə, Azərbaycan təşkilata üzv ölkələrlə ayrı-ayrılıqda iqtisadi əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır”.

Siyasi şərhçi qeyd edib ki, Ermənistanın uzaqlaşmaq istədiyi platformaya Azərbaycanın yaxınlaşması məntiqli görünmür: “Dediyim kimi, Avrasiya İqtisadi İttifaqı cəlbedici deyil. Bu, həm də Rusiyanın çətiri altında olmaq deməkdir. Əgər ermənilər gələcəkdə bu təşkilatla yolları ayırmaq niyyətindədirsə, biz nə üçün Moskvadan vaxtaşırı eşidilən çağırışlara müsbət reaksiya verməliyik?! Yəni Azərbaycan Rusiya ilə ticarət dövriyyəsini artırmaqda maraqlıdır, amma bu təşkilat indi perspektivli görünmür. Başqa tərəfdən, Rusiya Avrasiya İqtisadi Birliyindən təzyiq aləti kimi istifadə etməyə çalışır, nəinki iqtisadi maraqlarını təmin etmək üçün. Halbuki Azərbaycanın siyasəti bərabərhüquqlu əməkdaşlığa söykənir. Bizimlə istər siyasi, istər iqtisadi məsələlərdə şərt və diktə dilində danışmaq qəbulolunmazdır. Ona görə də Rusiya götür-qoy etməlidir ki, Ermənistan kimi keçmiş vassalı belə ondan niyə uzaqlaşır və nə üçün yeni üzvlər cəlb etmək haqda düşünmək məcburiyyətində qalıb. Deməli, yanaşmada fərq var. Avropa İttifaqı görünür ki, cəlbedici təsir bağışlayır. Hərçənd Ermənistanın tezliklə bu təşkilatdan o ittifaqa keçidini də gözləmirəm”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR