Onlayn ictimai-siyasi qəzet
AŞ PA-nın 2026-cı il payız sessiyası sentyabrın son günlərində Strasburqda keçiriləcək. Hazırda AŞ PA-nın rəsmi təqvimində sessiyanın gündəliyi üzrə hazırlıq prosesi başa çatır. Azərbaycan nümayəndə heyəti artıq 2025 və 2026-cı illərdə AŞ PA-nın işində iştirak etmir. Yəni payız sessiyasında Azərbaycan üzrə yeni qərar qəbulu gözlənilmir. Azərbaycanla bağlı əsas məsələ artıq iyun sessiyasında qəbul edilib. AŞ PA iyunun 24-də “Azərbaycanda tənqidi səslərin susdurulması” adlı 2663 saylı qətnaməni qəbul edib. Assambleya insan hüquqları, media və vətəndaş cəmiyyətinin vəziyyəti ilə bağlı son dərəcə sərt ittihamlar irəli sürüb, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasını tələb edib və Milli Məclisi AŞ PA ilə dialoqu bərpa etməyə çağırıb.
Bu sessiyadan da gözlənti varsa, AŞ PA-nın Azərbaycanla bağlı tələblərinin icrası və Bakı ilə münasibətlərin hansı istiqamətdə gedəcəyidir.

Milli Məclisin deputatı Aydın Mirzəzadə Musavat.com-a bildirib ki, Avropa Şurasına 46 üzv dövlət daxildir, onun Parlament Assambleyasında hər ölkədən nümayəndələr olmaqla 306 daimi, 306 əvəzedici üzvü var. Azərbaycan 2001-ci ildən bu qurumun üzvüdür və onun işində daim fəal iştirak edib: “Azərbaycan Avropa Şurasının bərabərhüquqlu üzvüdür. Yəni o deməkdir ki, onun siyasətinin müəyyənləşdirilməsində, qurulmasında digər 45 ölkə ilə yanaşı bərabər hüquqlu üzv kimi iştirak edir. Bizim nümayəndələr bir neçə dəfə həmin qurumun rəhbər orqanlarına seçiliblər. Cənab Prezidentimiz İlham Əliyev vaxtıilə bir müddət AŞPA-nın vitse-prezidenti olmuşdu və AŞPA-nın fəxri nişanı ilə təltif edilmişdi”.
A.Mirzəzadə qeyd edib ki, bununla belə, AŞ PA-nın nizamnməsində bir boşluq var: “Nizamnaməyə görə bir neçə ölkədən təqribən 10 nəfər deputat hansısa bir ölkənin səlahiyyətlərini şübhə altına almaq, onun fəaliyyətini AŞPA-da dayandırmaq kimi çağırış edə bilirlər və bu səsə qoyularaq üzvlərin 50 faizindən yuxarısı deyil, zalda iştirak eləyənlərin sadəcə səs çoxluğu qəbul edilir. Göründüyü kimi, burada bərabərlik prinsipi pozulur. Bir qrup insan hansısa bir ölkənin fəaliyyətini şübhə altına alır, onun səsverməsini dayandırır və sair. Əlbəttə ki, bu, yolverilməzdir. Dünyanın heç bir təşkilatında belə bir prosedur qaydası yoxdur. Bir neçə ilə öncə AŞPA-da bir qrup anti-Azərbaycan əhval-ruhiyyəli deputatın səyləri Azərbaycanın səsvermə hüququ dayandırıldı. Belə olduqda Azərbaycan müvəqqəti olaraq AŞPA-da fəaliyyətini dayandırmaq qərarına gəldi. Sonradan dəfələrlə bu qurumun rəhbərliyi Azərbaycanın nümayəndə heyətinin geri qayıtmasını bizdən xahiş etdi. Ancaq Azərbaycan ölkəmizə qarşı haqsızlıqlara son qoyulmasını, Azərbaycanı qəbul etməyən deputatlara geniş meydan verilməməsi məsələsini qaldırdı”.
Deputat deyib ki, nə vaxt AŞ PA-da bu cür yanaşmalar aradan götürlərsə, Azərbaycana bərabərhüquqlu üzv kimi fəaliyyət göstərmək imkanı verilərsə Azərbaycan həmin qurumda yenidən fəaliyyətə başlaya bilər: “Çünki bu presedent sabah digər ölkələrə qarşı da yönələ bilər. Belə çıxır ki, müəyyən qüvvələr hansısa bir ölkəni sınaq meydanına çevirməyi, onun üzərində özünün iddialarını yeritməyə çalışırlar. Azərbaycan müstəqil dövlətdir və heç vaxt kimlərinsə Azərbaycan üzərində siyasi prokurorluq etməsinə imkan verməyəcək. Azərbaycan beynəlxalq hüququ qoruyur, ona hörmətlə yanaşır və suverenliyimizə də hörmətlə yanaşılmasını həmişə tələb edir”.
Etibar Seyidağa,
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ