İnsanlara hürriyət, millətlərə istiqlal!

Arktika savaşı dərinləşir: bu ölkə NATO-nun "Axilles dabanı"na çevrilir

ABŞ prezidenti Donald Trampın Danimarkaya məxsus Qrenlandiyanı nəzarətə götürmək istəyi bu rəqabəti yeni və təhlükəli mərhələyə daşıyıb. Vaşinqton bu addımı Rusiya və Çinin Arktikada artan fəallığı ilə əsaslandırsa da, məsələ təkcə təhlükəsizlik arqumentləri ilə bitmir. İlk dəfədir ki, NATO üzvü olan bir ölkə – ABŞ, yenə NATO üzvü olan Danimarkanın ərazi bütövlüyünü açıq şəkildə sual altına alır. Bu isə Alyansın gələcəyi ilə bağlı ciddi suallar doğurur.

Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın təhlükəsizlik ehtiyacı maksimum həddə çatdığı bir vaxtda Qrenlandiya böhranı NATO-nun daxili həmrəyliyini sınağa çəkir. Avropalı ekspertlər xəbərdarlıq edirlər ki, ABŞ-nin Qrenlandiyanı zor gücü ilə ələ keçirməsi Alyansın dağılması üçün presedent yarada və bu, birbaşa Moskva ilə Pekinin xeyrinə işləyə bilər. Tramp isə əksinə, hesab edir ki, ABŞ-nin Qrenlandiyaya nəzarəti NATO-nu zəiflətməyəcək.

Lakin sual açıq qalır: Qrenlandiya uğrunda mübarizə NATO-nun ən böyük böhranına çevrilə bilərmi?

Mövcud durumu Musavat.com-a "Atlas" araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlu şərh edib: "Donald Trampın əsas arqumenti budur ki, əgər ABŞ adaya sahib olmasa, Rusiya və Çin hərəkətə keçəcək. Həqiqət bundan ibarətdir ki, Rusiya və Çin son illərdə Arktikada fəallıqlarını artırıblar. Rusiya və Çin həm ayrılıqda, həm də birlikdə Arktikadakı yataqlarda qazıntı işləri aparır, həm də hərbi güclərini artırırlar. Bu isə ABŞ-ni narahat edir".

E.Şahinoğlu deyir ki, bu arada, Trampın Qrenlandiyanı nəzarətə götürməsini Çinlə əlaqələndirməsi Pekinin narahatlığına səbəb olub: "Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin ABŞ-ın Çini və ya Rusiyanı bəhanə etməsinin doğru olmadığını bildirib. Pekin Arktika qitəsində həyata keçirdiyi fəaliyyətin beynəlxalq birliyə problem yaratmadığını iddia edib. Mao Nin Çinin Aktikadakı fəaliyyətinin sülhə, sabitliyə xidmət etdiyini və bunun beynəlxalq hüquqa zidd olmadığını vurğulayıb. Pekinin bu mövqeyini Moskva da dəstəkləyib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova çinli həmkarıyla eyni mövqedən çıxış edib. Mariya Zaxarova eyni ilə çinli həmkarı kimi ABŞ-ın Qrenlandiyanı ələ keçirməsini Rusiya və Çinlə əlaqələndirilməsinin doğru olmadığını vurğulayıb".

Ekspertin fikrincə, Pekin və Moskvanın rəyindən asılı olmayaraq, Vaşinqtonun Qrenlandiya məsələsində mövqeyi qətidir: "ABŞ dövlət katibinin Danimarka və Qrenlandiya təmsilçiləri ilə son görüşü nəticəsiz qalıb. Avropalı ekspertlər ABŞ-ın Qrenlandiyanı zor gücüylə ələ keçirməsinin NATO-nun sonunu gətirəcəyini və bunun Rusiya və Çinin xeyrinə olacağı qənaətindədirlər. ABŞ kimi Danimarka da NATO üzvüdür. Danimarka Qrenlandiyanın ABŞ-ın nəzarətinə keçrməsini istəmir. Qrenlandiya muxtariyyətini idarə edənlər də Danimarkanın tərkibində qalmalarını istəyirlər. Ancaq ABŞ Prezidenti Donald Trampı Danimarkanın və Qrenlandiyanın mövqeyi maraqlandırmır. Digər tərəfdən Tramp hesab edir ki, ABŞ adanı nəzarətə götürərsə, bu NATO-nun dağılmasına səbəb olmayacaq. NATO-nun dağılması Rusiyanın diplomatik qələbəsi olar. Bu isə Avropa üçün məğlubiyyətdir. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi fonunda Avropanın NATO-ya ehtiyacı əvvəlki illərdən daha çoxdur. Ona görə də ABŞ Qrenlandiyanı ələ keçirərsə, Avropa dövlətləri Şimali Atlantika Blokundan imtina etməyəcəklər".

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2026

11 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR