İnsanlara hürriyət, millətlərə istiqlal!

Araikin vaxtı bitdi - Əliyev Xankəndi ilə bağlı SON nöqtəni qoydu

Qarabağdakı separatçıların “başçısı” Araik Arutyunyanın “bir həftə” şantajının vaxtı bitdi: iyulun 17-də Araik elan etmişdi ki, “bir həftə ərzində stabil və normal vəziyyətin yaradılması üçün beynəlxalq müdaxilə edilməsə, biz həm “artsaxda” (hazırda ermənilərin yaşadığı ərazini nəzərdə tutur), həm də ondan kənarda (ordumuzun mövqelərinə qarşı) daha sərt tədbirlərə əl atacağıq”;

Musavat.com Publika.az-a istinadən xəbər verir ki, separatçılar bununla beynəlxalq ictimaiyyəti şantaj edir və hesab edirlər ki, Laçın postunun açılmasına nail olacaqlar. Əslində çıxılmaz vəziyyətdə olduqlarını isbat edən bu şantajın praktiki olaraq heç bir nəticəsinin olmayacağı bəllidir.

Birincisi, separatçıların edə biləcəyi “oturaq aksiya” idi: Araik buna əl atdı və bundan sonra “aclıq aksiyası”na başlayacağı deyilir; hərçənd, Araik bundan sonra nəinki “aclıq aksiyası”, hətta “uzanmaq aksiyası” etsə də, yaxud “intihara cəhd etsə” belə nəticə dəyişməyəcək, çünki məsələ erməni əhalisinin təminatıdırsa, Azərbaycan bunu öz üzərinə götürür, separatçıların etdikləri isə öz mövcudluqlarını saxlamaq, separatizmi davam etdirməkdir; bu, artıq beynəlxalq müstəvidə qəbul olunmur;

İkincisi, separatçılar Azərbaycan ordusunu mövqelərinə qarşı təxribat hücumları edə, bununla eskalasiya yarada və erməni əhalisini qırğına verərək, reinteqrasiyanın qarşısını ala bilərlər: bu ssenari hələ də aktualdır, lakin belə bir cəhd onların özünün məhv edilməsi ilə nəticələnəcək;

Araikin “bir həftə vaxtı” bu gün tamamlandı, indiyə qədər edə bildikləri “oturaq aksiya”dır, bundan sonra nəsə edə biləcəkləri ehtimalı da azdır. Erməni əhalisinin separatçılara kütləvi şəkildə dəstək verməməsi də onların vəziyyətini daha da çətinləşdirir.

Prezident İlham Əliyevin Şuşada çıxışı zamanı səsləndirdiyi fikirlər də rəsmi Bakının suverenliyinə təhdid yaradan separatçılara aman verməyəcəyini bir daha təsdiqlədi.

“Qarabağda hakimiyyəti ələ keçirmiş xunta və özlərini gah “prezident”, gah “nazirlər”, gah da “deputatlar” adlandıranlar artıq hər kəsdə gülüş doğurur. Onlar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə yaşayanları girov götürüblər... İnteqrasiya məsələsi Qarabağın erməni sakinlərinin bax bu yanlışlardan, onları girov götürən, qul kimi istismar edən bu xuntadan nə vaxt qurtula biləcəyindən asılıdır.

İndi də istismar edirlər, çünki ekofəallar Laçın-Xankəndi yoluna çıxanda, Xankəndidəki sözdə “erməni rəhbərliyi” sadə vətəndaşlara bu yoldan istifadə etməyə icazə vermirdi. Onlar blokpost qoyaraq, bizi blokadada ittiham edirdilər. Bu gün onlar yenə Ağdam-Əsgəran yolunda beton plitələr qoyublar. Siz “nə üçün ərzaq məhsulları başqa ölkədən gətirilməlidir? Axı “Qarabağ Azərbaycandır” dediniz. Elədirmi? Bunu hamı təsdiq edir? Hamı təsdiq edir. Kimsə bunun belə olmadığını deyirmi? Yox. Onda niyə yüklər başqa ölkədən gətirilməlidir? Bu, məntiqə sığmır.

Lakin bu jesti qəbul etmək əvəzinə, orada beton bloklar qoyulur. Kim-kimi bloklayır? Ona görə də bütün məsələ bundadır. Bu gün çadırlarda oturub və kiməsə etiraz edilməsi komediya şousudur. Bu, sadəcə, lətifədir. Özünü “prezidentlər” adlandıran şəxslərin etiraz etməsi, oturaq tətil bizdə bəzi jurnalistlər tərəfindən zarafat mövzusu olub. Yəqin ki, növbəti mərhələdə “uzanan” tətil olacaq. Sonra nə bilim, hansı olacaq, lakin bu, məsələyə kömək etməyəcək.

Biz Qarabağdakı erməni azlığının hüquqları və təhlükəsizliyinə əməl etməklə Konstitusiyamız çərçivəsində və Azərbaycanda bu məsələlərin necə həll edilməsi üzrə xeyirxah təcrübə çərçivəsində yenidən inteqrasiya yolu ilə irəliləməyə hazırıq”, - dövlət başçısı bildirdi və bununla da Xankəndidə mərkəzi hakimiyyətin bərpa edilməsinə, erməni əhalisinin reinteqrasiyasının həyata keçirilməsinə qədər prosesin davam edəcəyi ilə bağlı son nöqtəni qoydu.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR