İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Evdən Paşinyana "sülh masasını tərk et" təlimatı verilib: ABŞ Qafqazda artıq yeni savaş ssenarisi qurur

Hazırda ABŞ və Qərb Ermənistanı həm Rusiyaya qarşı radikal addımlar atmağa, həm də Azərbaycanla sülh prosesindən yayınmağa sövq edir... Ən əsası isə bu, Ermənistanın deyil, məhz Cənubi Qafqazda sülh prosesinin qarşısında əsas əngəlləyici faktora çevrilən ABŞ-ın geopolitik maraqlarına cavab verir...

ABŞ və Qərb Cənubi Qafqaza yerləşmək cəhdlərini intensivləşdirməyə başlayıb. Qərb siyasi dairələri əsas yerləşmə məkanı olaraq, məhz Ermənistanı seçiblər. Hazırda Ermənistanda siyasi böhranın dərinləşməsi və daxili xaos təhlükəsinin yaranması da elə Qərbin regional hədəfləri ilə bağlıdır. Və belə davam edərsə, Ermənistan real təhlükə qarşısında qala bilər.

Məsələ ondadır ki, Rusiya ABŞ və Qərbin Cənubi Qafqazda geopolitik oyunçuya çevrilmək cəhdlərinə sərt şəkildə müqavimət göstərməyə çalışır. Kremldə hesab edirlər ki, Qərb siyasi dairələri bu regiona yalnız yeni hərbi-siyasi problemlər gətirə bilər. Buna əsas arqument kimi isə rəsmi İrəvanın, Ermənistanın süni şəkildə yaradılmasına və son vaxtlara qədər mövcudluğuna görə minnətdar olmalı olduğu Rusiya ilə münasibətlərinin pozulmasını ön plana çıxarırlar. Və bu, indiki situasiyada kifayət qədər güclü arqument təsiri bağışlayır.

Ümumiyyətlə, Paşinyan hakimiyyətinin verdiyi qərarların İrəvanda qəbul edildiyinə olduqca ciddi şübhələr mövcuddur. Çünki bir çox hallarda, rəsmi İrəvan Ermənistanın gələcək taleyini ciddi təhlükələrlə üzləşdirə biləcək qərarlar qəbul edir. Ən əsasısa, Ermənistanın atdığı addımların hansı dövlətlərin geopolitik maraqlarına sərfəli olduğunu diqqətə aldıqda, rəsmi İrəvana təlimat verən supergüc mərkəzini təxmin etmək o qədər də ciddi çətinlik törətmir. Və bütün əlamətlər diqqəti məhz ABŞ-Avropa Birliyi cütlüyünə doğru çəkir.

58ca911243c3fd4ca9342955a69a883a.jpg (140 KB)

Son vaxtlar baş verən hadisələr onu göstərir ki, ABŞ və Avropa Birliyi yenidən Cənubi Qafqazda sülh prosesinə kobud şəkildə müdaxilə etməyə başlayıb. Belə ki, bir müddət öncəyə qədər Azərbaycan və Ermənistan ikitərəfli təmaslar sayəsində bəzi qəliz problemləri həll etməyə nail olmuşdu. Xüsusilə də, Ermənistanın Azərbaycana aid dörd sərhəd kəndini geri qaytarması ciddi irəliləyişlər sırasına daxil edilə bilər. Və birbaşa təmaslarla iki ölkə arasında yekun sülh sazişinin imzalanmasının mümkün olacağına müəyyən ümidlər yaradırdı.

Ancaq hazırda bu ümidlər tədricən arxa plana keçməyə başlayıb. Çünki ABŞ və Avropa Birliyi yenidən Cənubi Qafqazda fəallaşmağa cəhd göstərir. Bu məqsədlə isə ilk növbədə Cənubi Qafqazın "sülh masası"na təsir göstərməyə, geopolitik manipulyasiyalar etməyə çalışır. Yəni, ABŞ və Qərb hazırda öz regional oyunları ilə Cənubi Qafqazda sülh prosesi qarşısında əsas əngəl rolunu oynayır. Üstəlik, ABŞ və Avropa Birliyi regiona belə kobud müdaxiləsini Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəklədiyini davamlı olaraq, bəyan etməklə, ört-basdır etməyə cəhd göstərir. Və bu, o deməkdir ki, Qərb Cənubi Qafqazda sülh prosesini siyasi manipulyasiya predmetinə çevirməyə çalışır.

Maraqlıdır ki, ABŞ və Qərbin təlimatlarını icra edən Ermənistan da eyni "sülh manipulyasiyaları"nı təkrarlayır. Hər halda, Paşinyan hakimiyyətinin təmsilçiləri yaxın vaxtlarda Azərbaycan ilə yekun sülh sazişini imzalamağa hazır olduqlarını ardıcıl olaraq, gündəmə gətirirlər. Hətta baş nazir Nikol Paşinyan bəyan edib ki, yaxın bir ay ərzində yekun sülh sazişinin imzalanması mümkün ola bilər. Və bunun qeyri-mümkün olduğunu isə erməni baş nazir tam dəqiqliyi ilə bilir.

eliyev-pasha-sened.JPG (67 KB)

Çünki baş nazir Nikol Paşinyan yekun sülh sazişinin bir ay ərzində imzalanmasının mümkünlüyündən danışarkən, həm də bunu bloklayan məqamı da ön plana çəkir. Belə ki, erməni baş nazir Ermənistan konstitusiyanın dəyişdirilməsi ilə bağlı məsələnin gündəmdə olmadığını vurğulayır. Və baş nazir Nikol Paşinyan tam dəqiqliyi ilə bilir ki, Ermənistan konstitusiyanı dəyişdirmədən yekun sülh sazişinin imzalanması qətiyyən mümkün deyil.

Məsələ ondadır ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları mövcuddur. Yekun sülh sazişində isə hər iki dövlət qarşılıqlı olaraq, bir-birinin sərhədlərini tanımalı və ərazi iddialarından imtina etməlidirlər. Belə olduğu təqdirdə, yekun sülh sazişi və Ermənistan konstitusiyası bir-biri ilə kəskin ziddiyyətlər təşkil etmiş olacaq. Və nəticədə sülh anlaşması hər an pozulma təhlükəsi altında qalacaq.

Göründüyü kimi, Paşinyan hakimiyyəti sülh sazişindən danışsa da, əslində, bu prosesi bloklamaqla məşğuldur. Üstəlik, bunu bilərək edir və böyük ehtimalla rəsmi İrəvanın sülh manipulyasiyalarında Qərbdən verilən təlimatların həlledici təsiri olmamış deyil. Hər halda, ABŞ və Qərbə Azərbaycan-Ermənistan sülh prosesinin uğur qazanması o qədər də sərfəli görünmür. Çünki bu, baş verərsə, Cənubi Qafqazın əsas problemi həll edilmiş olacaq. Və Qərbin bu regiona, o cümlədən də, Azərbaycana təzyiq mexanizmləri tamamilə gündəmdən çıxarılacaq.

e2e65d887dc9002ace9fce24d89dc82a.jpg (227 KB)

Ona görə də, ABŞ və Qərb Ermənistanın sülh manipulyasiyaları ilə danışıqlar masasından çəkilməsinə münbit şərait yaratmağa çalışır. ABŞ və Avropa Birliyi buna Brüssel təxribatını törətməklə aprelin əvvəllərində də cəhd göstərmişdi. Ancaq davamında Ermənistanın gözləntiləri yerinə yetirilmədiyinə görə ciddi tərəddüdlər keçirən rəsmi İrəvan daha konstruktiv mövqe tutmaq məcburiyyətində qalmışdı. Hətta Ermənistanın ABŞ və Avropa Birliyindən üz döndərib, Rusiyanın orbitinə geri dönmə ehtimalı da inandırıcı görüntülər almağa başladı.

Təbii ki, belə situasiya Qərbdə müəyyən narahatlıqla qarşılanmaqdaydı. Ona görə də, ABŞ Ermənistanı yenidən öz təsir dairəsinə almaq üçün yüksək rütbəli emissarlarını İrəvana göndərdi. Əvvəlcə CİA şefinin müavini, ardınca isə ABŞ Dövlət Departamentinin təmsilçiləri İrəvanda peyda oldular. Məhz bundan sonra rəsmi İrəvan həm sülhdən danışıb, həm də prosesi bloklayan siyasi manipulyasiyalara başladı. Xüsusilə də, Ağ Evin ABŞ-Ermənistan münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq təklifi Paşinyan hakimiyyətini cəsarətləndirdi.

Belə anlaşılır ki, hazırda ABŞ və Qərb Ermənistanı həm Rusiyaya qarşı radikal addımlar atmağa, həm də Azərbaycanla sülh prosesindən yayınmağa sövq edir. Ən əsası isə bu, Ermənistanın deyil, məhz yalnız ABŞ-ın geopolitik maraqlarına cavab verir. Eyni zamanda, Paşinyan hakimiyyəti də ABŞ-ın dəstəyi sayəsində çevriliş təhlükəsindən yayına biləcəyinə ümid bəslədiyindən Ağ Evdən gələn pozucu təlimatları icra edir. Və bu, o deməkdir ki, hazırda ABŞ Cənubi Qafqazda sülh prosesinin qarşısında əsas əngəl faktoruna çevrilməyə başlayıb.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyun 2024

25 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR