Onlayn ictimai-siyasi qəzet
ABŞ Xameneini də yatağından götürə bilər – ŞOK XƏBƏRDARLIQ
İsrail və ABŞ-ın fevral ayının sonuna qədər İrana hərbi zərbə endirə biləcəyi bildirilir. Musavat.com xəbər verir ki, bu məlumat İsrailin sosial media səhifələri və hökumətə yaxın mənbələr əsasında yayıb. ABŞ Dövlət Departamentinin fars bölməsi isə X platformasındakı rəsmi hesabında açıq şəkildə bəyan edib: “Prezident Tramp – hərəkət adamıdır. Əgər bunu bilmirsinizsə, biləcəksiniz.”
Diplomatik ritorikada nadir hallarda işlədilən bu ifadə ABŞ-ın proseslərə birbaşa müdaxilə ehtimalını artıran açıq xəbərdarlıq kimi qiymətləndirilir. Analitiklərin fikrincə, ABŞ-nin Venesuela prezidenti Nikolas Maduronu hərbi əməliyyat keçirib evində yaxalaması və aparması dünyada yeni presedent yarada bilər. Belə bir əməliyyatı Amerikanın İranda da teokratik rejiminin rəhbərliyinə, şəxsən ali dini lider Seyid Əli Xameneiyə qarşı həyata keçirmək imkanı varmı? Keçən ilin iyununda ilkin məşq olubmu əslində?
Siyasi şərhçi Azər Həsrət Musavat.com-a bildirib ki, dünyada kim güclüdürsə o haqlıdır, beynəlxalq hüquq işləmir: “ABŞ-nin Venesuelada həyata keçirdiyi əməliyyat bu baxımdan dəyərləndirilməlidir. Yəni ABŞ güclü olduğu üçün onun Venesuelada keçirdiyi əməliyyata dünya loyal yanaşır. Hətta böyük hissə müsbət yanaşır. Ona görə də İranla bağlı belə bir əməliyyatın keçirilməsi mümkündür. Venesuelaya fiziki-coğrafi baxımdan yaxınlıq Vaşinqton üçün daha asan əməliyyat keçirmək imkanları yaradırdı. İranla bağlı bunu demək olmur. Lakin bu, o demək deyil ki, ABŞ üçün İranda əməliyyat keçirmək mümkün deyil. Təbii ki, mümkündür. İran Venesueladan daha böyük dövlətdir, daha böyük imkanları var. Amma unutmamalıyıq İran da küncə sıxışdırılmış bir dövlətdir. Üstəlik də ötən ilin iyununda İsrailin İrana qarşı həyata keçirdiyi 12 günlük müharibə göstərdi ki, İran da öz hava məkanını normal müdafiə edə bilmir. Buna görə də SEPAH generallarını yataq otaqlarında raketlə vurdular. Son nöqtəni də ABŞ qoydu. İran isə heç nə edə bilmədi”.

Siyasi ekspert qeyd edib ki, yəni əslində ABŞ və İsrail İrana qarşı əməliyyatın məşqini keçən ildən keçiblər. Ona görə də ABŞ-nin xüsusi əməliyyat qrupunun teokratik rejimin başında duran şəxsləri gecənin birində qəfildən gəlib yatağından götürüb aparması mümkündür: “ABŞ buna ehtiyac duyacağı halda həmin addımı atacaq. Amma mümkündür ki, rejimin başında duranlar yataqlarından aparılmaqdan qurtulmaq üçün əvvəlcədən qaçıb qardaş sandıqları Moskvaya sığınsınlar”.
Etibar Seyidağa
Musavat.com
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ