İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Qərbin strateji planı anons edildi: NATO-ya Ukrayna deyil, Rusiya qəbul olunacaq

Ukrayna savaşının nəticələri Rusiyanı "diz çökdürəcək", ABŞ və Qərbin təlimatlarının birbaşa icraçıları Kremlə yerləşdiriləcək, bundan sonra nəhəng ölkənin parçalanaraq, daha məhdud ərazili dövlətə çevrilməsinə yönəlik prosesə start veriləcəyi gözlənilir... Nəhayət, son mərhələdə indiki savaşda dağıdılmış, böyük problemlər vəd edən Ukrayna deyil, məhz Rusiya NATO-nun sıralarında yer alacaq və anqlosaksların Avrasiyaya nəzarət ssenarisini yekunlaşdırılaraq, dünya hegemonluğuna sahiblənmək planları reallaşmış olacaq...

Ukrayna savaşı konkret strateji hədəflərin reallaşdırılmasına yönəlik ssenarinin ayrılmaz tərkib hissəsidir. ABŞ və Qərbin bu strateji hədəflərin planlaşdırılması üzərində onilliklər boyu araşdırmalar aparmaq, nəhayət, yekun qərara gəldiyi artıq qətiyyən şübhə doğurmur. Və bu baxımdan, dünyanın gələcək taleyi ilə bağlı strateji planların əsas hədəfləri maraq doğurmaya bilməz.

Ukrayna savaşından sonra bu müharibədən öncəki dünyanın olmayacağını elə indidən təxmin etmək mümkündür. Yəni, Ukrayna savaşını dünya düzəninin dəyişdirilməsi prosesində son həlledici mərhələ hesab etmək olar. Bundan öncəki mərhələ süni şəkildə yaradılmış qlobal pandemiya ilə reallaşdırılmışdı. Və yeni dünya düzəninin ümumi modeli sınaqdan çıxarılmışdı.

Ukrayna savaşı ilə artıq həlledici mərhələyə start verilib. Bu mərhələdə "sacayağı"nın üç ayağından birində - Ukraynada yerləşmək niyyəti güdülür. Əgər, bu, baş tutarsa, digər "iki ayağın" - Türkiyə və Orta Asiyanın da yeni dünya düzənində yerinin müəyyən edilməsində əsas əngəl aradan qalxmış olacaq. Və hadisələrin belə inkişafı üçün nəzəri əminliyin praktiki reallığa yaxınlaşdırılması indi qarşısıalınmaz xarakter daşıyır.

2c2875f4-f235-40ec-8e6e-a865a74540ec.jpg (119 KB)

Ukrayna savaşından sonra Qafqaz və Xəzəryanı region üzərindən Orta Asiyaya yerləşmək niyyəti güdülür. Orta Asiyaya nəzarət isə Avroasiya üzərində hegemonluq deməkdir. Avroasiya hegemonluğu isə son nəticədə bütün dünyaya nəzarət imkanları açır. Və bu, əslində, yeni dünya düzəni - dünya hegemonluğu anlamına gəlir.

Təbii ki, anqlosaksların bu ssenarini reallaşdırması üçün Rusiya problemi mütləq həll edilməlidir. İndiki Rusiya mövcud dünya hegemonluğu ssenarisi qarşısında əsas əngəllərdən biridir. Yəni, yaxın gələcəkdə Rusiyanın parçalanaraq, yeni dövlətlərin yaradılması da yeni dünya düzəni layihəsinin tərkib hissəsidir. Və gələcək Rusiya daha məhdud sərhədlər daxilində təsəvvür oluna bilər.

Anqlosaksların Rusiya planı barədə də artıq müəyyən ehtimallar irəli sürmək mümkündür. Böyük Britaniyanın lordlar palatasında Rusiyanın NATO-ya üzvlük mövzusunun gündəmə gətirilməsi bu baxımdan, qətiyyən təsadüfi deyil. Yeganə diqqəti çəkən məqam ondan ibarətdir ki, hazırda bu ideya sadəcə, fantastik ehtimal kimi görünür. Halbuki, dünya tarixində bir çox fantastik ideyanın sonradan reallığa çevrildiyini sübuta yetirən örnəklər kifayət qədərdir.

Onu da qeyd edək ki, Rusiyanın NATO üzvlüyü ilə bağlı ideya əslində, qətiyyən yeni deyil. Vaxtilə bu məsələ beynəlxalq siyasi iradə mərkəzləri tərəfindən ciddi müzakirə mövzusu olub. Hətta bu əsrin əvvəllərində prezident Vladimir Putinin xüsusi fəallığı ilə NATO-Rusiya müzakirə platforması da mövcud idi. Və. Rusiya xüsusi status şərtilə NATO-ya üzv olmağa hazır olduğunu qətiyyən gizlətmirdi.

6df16bd395986d702344a84c3794b42a.jpg (184 KB)

Ancaq o mərhələ artıq çoxdan geridə qalıb. Kremlin şərtləri NATO üçün qəbuledilməz olduğundan Qərb Rusiyanın istəyənlərini müzakirə etməyə belə, ehtiyac duymadı. Sonradan isə ABŞ və Qərbin Ukraynada Rusiyameylli hakimiyyətin "narıncı inqilab"la dəyişdirməsi qarşılıqlı münasibətləri də tədricən korladı. Və prezident Vladimir Putin Ukraynaya işğalçı hərbi müdaxilə ərəfəsində, vaxtilə NATO-nun Rusiyanı öz sıralarına qəbuldan imtina ilə düşmən olduğunu təsdiqlədiyini vurğulamışdı.

Göründüyü kimi, NATO-nun Rusiya ilə bağlı müəyyən planları olmamış deyil. ABŞ və Qərb Rusiyanın "həzm" edilib, "əridilməsi"nə yönəlik ssenariləri reallığa çevirməyə çalışır. Sonrakı mərhələdə NATO məhz Ukraynanı öz sıralarına yaxınlaşdırmaqla, əslində, əsl planın tamamilə fərqli məzmun daşıdığını biruzə verdi. Məlum oldu ki, Ukrayna postsovet məkanında ABŞ və Qərb üçün strateji əhəmiyyət daşıyır. Və bu ölkə mütləq NATO təsir dairəsində olmalıdır.

Rusiyaya gəldikdəsə, bu nəhəng ölkə indiki sərhədləri çərçivəsində və geopolitik imkanları ilə NATO-ya qətiyyən lazım deyil. Anqlosakslar üçün öz real tarixi sərhədləri daxilinə yerləşdirilmiş, geopolitik iradəsi əhəmiyyət daşımayan, Qərbdən gələn təlimatları dərhal icra etmək məcburiyyətində olan zəif Rusiyanın NATO sıralarına qəbulu ən ideal variantdır. Çünki bu halda, ABŞ və onun ən yaxın müttəfiqləri Rusiya ərazisinə yerləşməklə, Avroasiyaya daha effektiv nəzarət mexanizmi qazanmış olacaq. Və bu halda, hətta Ukrayna belə, NATO üçün daha arxa plana keçirilə bilər.

Ona görə də, Rusiya ilə bağlı NATO üzvlüyü mövzusu artıq indidən gündəmə gətirilməyə başlayıb. Düzdür, Böyük Britaniyanın Lordlar Palatasında bu ideya Rusiyanın Ukraynadan öz qoşunlarını çıxarmasına əvəz olaraq, təklif olunub. Ancaq Rusiyanın əsas beynəlxalq düşməni olan Böyük Britaniyanın Lordlar Palatasında bunun qətiyyən real olmadığını hamıdan yaxşı bilirlər. Çünki ABŞ və Qərb hazırda Rusiyanı mümkün qədər "savaş bataqlığı"nda daha uzun müddət tutmağa çalışır. Bu isə ilk növbədə Rusiyanı parçalanma mərhələsinə daha sürətlə yaxınlaşdırılmasına hesablanıb.

17382e58-92d3-4c53-b8dc-b90c7493865a.jpg (237 KB)

Ancaq bu ideyanın əvvəlcədən düşünülmüş və məqsədyönlü şəkildə gündəmə gətirildiyi isə qətiyyən şübhə doğurmur. Çünki anqlosakslar heç vaxt reallaşdırmayacaqları ideyanı beynəlxalq gündəmin mövzusuna çevirmirlər. Əgər, bu ideya artıq müzakirəyə çıxarılıbsa, deməli, belə bir plan mövcuddur. Yəqin ki, bu planı yaxın onilliklərdə reallığa çevirməyə çalışacaqlar.

Bütün bunları nəzərə alaraq, belə ehtimal etmək olar ki, Ukrayna savaşı Rusiya zəifləyib, əldən düşənə qədər davam etdiriləcək. Əslində, ABŞ və Qərb də bu müharibənin hələ bir neçə il davam edəcəyini imkan düşdükcə, bəyan edir. Sonrakı mərhələdə əvvəlcə Rusiyanın siyasi sistemi dəyişdiriləcək.

ABŞ və Qərbin təlimatlarının birbaşa icraçıları Kremlə yerləşdiriləcək. Bundan sonra Rusiyanın parçalanaraq, daha məhdud ərazili dövlətə çevrilməsinə yönəlik prosesə start veriləcəyi gözlənilir. Nəhayət, son mərhələdə indiki savaşda dağıdılmış və böyük problemlər vəd edən Ukrayna deyil, məhz Rusiya NATO-nun sıralarında yer alacaq. Bununla da anqlosaksların Avrasiyaya nəzarət ssenarisini yekunlaşdırılaraq, dünya hegemonluğuna sahiblənmək planları reallaşmış olacaq. Və indiyə qədər bir çox qeyri-adi ssenarilərin reallaşdığını nəzərə aldıqda, bu da qətiyyən əlçatmaz deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR