İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Qərb Rusiyanı təxribata çəkdi: Kreml nüvə silahı ilə sərt reaksiya verdi, “fəlakət qapı”sı açıldı

Qərb hərbi-siyasi dairələri Rusiyanın son nüvə təhdidlərini qərardan öncəki mərhələ hesab etməklə yanaşı, Kreml sahibinin hər an “nüvə düyməsi”ni hərəkətə gətirə biləcəyindən əndişə edirlər... Bu baxımdan, yaxın vaxtlarda kollektiv Qərbin Ukrayna savaşı ilə bağlı əsas strateji hədəflərinin böyük ölçüdə iflasa uğraya biləcəyi də qətiyyən istisna olunmur...

Ukrayna savaşı ətrafında yaranmış situasiya ABŞ və Qərbin maraqlarına zidd istiqamətlər almağa başlayıb. Hətta hesab etmək olar ki, Qərb hərbi-siyasi dairələri Ukrayna savaşına nəzarəti tamamilə itirmək təhlükəsi ilə də üzləşmiş kimi görünürlər. Əgər, belə davam edərsə, bu, ABŞ və NATO-nun Rusiya ilə savaş ssenarilərini böyük ölçüdə poza bilər. Və bu halda, Qərb Rusiyanın geopolitik diqtəsi ilə hesablaşmaq məcburiyyətindən yayınmaqda çətinlik çəkəcək.

Məsələ ondadır ki, Ukrayna ordusu savaş meydanında mövqelərini itirməyə başlayıb. Ukrayna ordusu ölkənin içərilərinə doğru geri çəkilir. Rusiya ordusunun hücum əməliyyatları isə genişlənməkdə davam edir. Eyni zamanda, rəsmi Kiyev savaş meydanında artan canlı qüvvə və hərbi texnika itkilərini bərpa etmək imkanlarından uzaq düşməyə başlayıb. Və belə vəziyyət Qərb hərbi-siyasi dairələrində ciddi narahatlıq doğurmaqdadır.

24d70acd8d1b6f62b68acce5b853356c.jpg (164 KB)

Ancaq ABŞ və Qərbin narahatlığına səbəb olmuş situasiyanın əsas səbəblərini indi daha açıq mətnlə bəyan etməyə üstünlük verir. Belə ki, Zelenski hakimiyyəti Ukrayna ordusunun geri çəkilməsini ilk növbədə ABŞ və Qərbin verdiyi vədləri icra etməməsi ilə əlaqələndirir. Rəsmi Kiyev hesab edir ki, ABŞ və NATO ölkələri Ukrayna ordusunun hərbi texnika ilə təchiz edilməsi prosesinin ləngidirlər. ABŞ Konqresində və Avropa Birliyində Ukraynaya hərbi yardım paketlərinin təsdiqlənməsindən xeyli müddət keçsə də, hərbi texnikanın göndərilməsində elə bir ciddi irəliləyiş mövcud deyil.

Ona görə də, hazırda Ukrayna ordusu hərbi texnika və silah-sursat defisiti ilə üzləşib. Bu defisit isə öz nəvbəsində Ukrayna ordusunun daha çox canlı qüvvə itirməsinə və döyüş mövqelərini tərk etmək məcburiyyətində buraxır. Rəsmi Kiyev ABŞ və NATO ölkələrini daha cəsarətli olmağa cağırmağı da qətiyyən unutmur. Zelenski hakimiyyəti hesab edir ki, ABŞ və NATO ölkələrinin Rusiyanın nüvə təhdidlərindən çəkinməsi üçün elə bir ciddi əsas yoxdur. Çünki Kiyevdə əmindirlər ki, Kreml nüvə silahından istifadə etməyə cəsarət etməz və bu faktordan yalnız Qərbi qorxutmaq üçün yararlanır.

Əslində, Ukrayna savaşının başlanmasından sonrakı ilk aylarda Rusiya ABŞ və NATO-nu nüvə faktoru ilə daha radikal şəkildə təhdid edirdi. Sonrakı mərhələdə prezident Vladimir Putin və onun yaxın ətrafı nüvə ritorikasını nisbətən yumşaltmağa üstünlük verdi. Qərbdə Kremlin bu yumşalmasından bir qədər cəsarətlənməyə başladılar. Və ona görə də, son vaxtlar Qərb hərbi-siyasi dairələrinin Rusiyanı qıcıqlandıracaq variantları gündəmə gətirməsi qətiyyən təəccüblü deyildi.

36de0ffc80ce24b4ee7a3a1d0ecb9eb4.jpg (113 KB)

Onu da qeyd etmək lazımdır ki, bir müddət öncəyə qədər ABŞ və bəzi NATO ölkələri Rusiyanın radikal addımlara reaksiya potensialını sınaqdan çıxartmağa çalışırdılar. Xüsusilə də, Fransa NATO-nu Ukraynaya hərbi kontingent göndərmək təklifləri ilə Kremlə qarşı hərbi-psixoloji təzyiqləri maksimum həddə çatdırmışdı. Hətta prezident Emmanuel Makron o qədər cəsarətlənmişdi ki, Fransanın Ukraynaya hərbi qüvvə göndərə biləcəyindən də danışmağa başlamışdı. Və Kremlin şübhəli susqunluğundan sonra Qərbdə bu variantı qərar vermə mərhələsinə keçirtmişdilər.

Ancaq Rusiya ABŞ və NATO ölkələrinin uzaqgedən ssenarilərini növbəti dəfə bloklamağı bacardı. Belə ki, prezident Vladimir Putin əvvəlcə NATO ölkələrini qlobal nüvə savaşına səbəb ola biləcək davranışlarda suçladı. Ardıncasa, Kreml sahibi Rusiyanın nüvə arsenalının həmişə istifadəyə hazır olduğunu bəyan edərək, bunu Qərbə sübuta yetirmək qərarı verdi. Hər halda, prezident Vladimir Putinin əmri ilə Rusiyanın Ukrayna sərhədləri ətrafında taktiki nüvə silahının tətbiq olunması üzrə təlimlərə başlaması Qərb hərbi-siyasi dairələrində artıq “soyuq duş” effekti yaratmış oldu.

41571fe4bc22b630e4d4f0cd7d3c575d.jpg (97 KB)

Maraqlıdır ki, bütün bunlardan sonra ABŞ və NATO Rusiyanı qəzəbləndirə biləcək hərbi ssenarilərin gündəmə gətirilməsindən artıq ehtiyat etməyə başlayıb. Belə ki, Qərb hərbi dairələri Rusiyanın taktiki nüvə silahı ilə bağlı son mesajını tamamilə ciddiyə alırlar. Qərbdə hesab olunur ki, Kreml Rusiyanın maraqlarını qorumaq üçün bütün vasitələrə əl atmaq, o cümlədən də, nüvə savaşına qərar vermək niyyətinə sadiqdir. Və bu səbəbdən də, NATO ölkələrinin Ukrayna savaşına bulaşması görüntüsü yarada biləcək addımlardan yayaınmağa üstünlük verilir.

Belə anlaşılır ki, Kreml ABŞ və NATO-nu növbəti dəfə təhdid etməyi bacarıb. Qərb hərbi-siyasi dairələri Rusiyanın təhdidlərini qərardan öncəki mərhələ hesab etməklə yanaşı, Kreml sahibinin hər an “nüvə düyməsi”ni hərəkətə gətirə biləcəyindən əndişə edirlər. Ona görə də, son vaxtlar rəsmi Kiyevin bütün israrlı cəsarət çağırışlarına baxmayaraq, Qərbdə daha çox susqun qalmağa üstünlük verirlər. Rusiya ilə qarşıdurma mövzusuna reaksiyalar verildikdəsə, bir qayda olaraq, NATO-nun Ukrayna savaşına birbaşa qarışmayacağı xüsusi olaraq, vurğulanır. Və bu baxımdan, yaxın vaxtlarda kollektiv Qərbin Ukrayna savaşı ilə bağlı hədəflərinin böyük ölçüdə iflasa uğraya biləcəyi də qətiyyən istisna olunmur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR