İnsanlara hürriyət, millətlərə istiqlal!

120 milyonluq mənzil alan general baş nazirin müavini olur

Rusiyanın Ukraynaya qarşı müharibəsində bir sıra uğursuzluqlarla gündəmə gələn və sonradan hərbi xidmətdən uzaqlaşdırılan general-polkovnik Aleksandr Lapin Tatarıstan baş nazirinin müavini təyin edilib.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, general yeni vəzifəsində Ukraynaya qarşı müharibə iştirakçılarına dəstək, müdafiə məsələləri və veteranlarla iş üzrə yaradılan hökumət strukturuna rəhbərlik edəcək.

Hərbi xidmətdən uzaqlaşdırıldıqdan sonra Lapin artıq Tatarıstan rəhbəri Rüstəm Minnixanovun köməkçisi kimi həmin istiqamətdə fəaliyyət göstərirdi.

Bundan əvvəl generalın Rusiya Dövlət Dumasına deputat seçilməsi və parlamentin Müdafiə Komitəsinə rəhbərlik etməsi ehtimalı müzakirə olunub. Lakin Rusiya mediasının məlumatına görə, onun namizədliyi Moskvada razılaşdırılmayıb.

Aleksandr Lapin Rusiya ordusunun Ukraynaya qarşı hərbi əməliyyatlarında mühüm komandanlıq vəzifələri tutub. O, 2022-ci ildən etibarən Rusiya qoşunlarının "Mərkəz" qruplaşmasına rəhbərlik edib. Həmin ilin oktyabrında Rusiya qüvvələri Donetsk vilayətinin Liman şəhərini tərk etdikdən sonra general ciddi tənqidlərə məruz qalıb. Onu açıq şəkildə tənqid edənlər arasında Çeçenistan rəhbəri Ramzan Kadırov da olub. Bundan sonra Lapin "Mərkəz" qruplaşmasının komandanı vəzifəsindən uzaqlaşdırılıb.

2024-cü ildə isə general Leninqrad Hərbi Dairəsinin komandanı təyin edilib. Bu hərbi dairənin bazasında Rusiya ordusunun "Şimal" qoşun qruplaşması formalaşdırılıb.

Lapinin adı başqa qalmaqallarda da hallanıb. "Mediazona" nəşrinin məlumatına görə, 2022-ci ilin oktyabrında general döyüşçülərini atəş altından çıxaran rota komandirinin başına tapança dirəyərək ondan bölməni yenidən ön cəbhəyə qaytarmağı tələb edib.

Generalın hərbi karyerasına daha bir zərbə Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində keçirdiyi əməliyyatla bağlı olub. "The Wall Street Journal" nəşrinin məlumatına görə, Ukrayna ordusunun hücumundan bir qədər əvvəl Lapin regionun təhlükəsizlik məsələləri ilə məşğul olan qurumlararası şuranı ləğv edib. Nəşr bu qərarı Kursk vilayətinin müdafiə sisteminin zəifləməsi ilə əlaqələndirib.

2025-ci ilin avqustunda Lapin komandan vəzifəsindən azad edilib, sentyabrda isə hərbi xidmətdən uzaqlaşdırılıb.

Generalın adı bahalı daşınmaz əmlakla bağlı məlumatlarda da keçir. Rusiyanın "Mobilizasiya" Telegram kanalının yaydığı məlumata görə, Müdafiə Nazirliyi ona Moskvada əvvəllər dövlət mülkiyyətində olan 116 kvadratmetrlik mənzili pulsuz verib. Mənzilin təxmini dəyəri 120 milyon rubl qiymətləndirilir.

Qeyd edək ki, Aleksandr Lapin Ukraynada qiyabi olaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Buna baxmayaraq, Rusiyada hərbi xidmətdən uzaqlaşdırılan general indi Tatarıstan hökumətində yüksək vəzifə tutacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR