İnsanlara hürriyət, millətlərə istiqlal!

“Zəlzələ olsa, binamız çökəcək!..” - Bakıdakı köhnə binaların sakinləri haray çəkir

Ekspert: “Bu binaların əksəriyyəti hazır bomba kimidir, nə zaman partlayacağı bəlli deyil...”

Bakıda bütün köhnə binaların söküləcəyi barədə uzun müddətdir ki, müzakirələr aparılır. Türkiyədə bu ilin fevralında baş verən dəhşətli zəlzələdən sonra bu yöndə həm müzakirələr, həm də işlər intensivləşdi. Bununla belə, son günlər köhnə, istismar müddəti bitən binaların qiymətində kəskin artım da maraq doğurur. Ekspertlərə görə, köhnə mənzillərə axın edənlər 3-5 il sonra məyus olacaqlar. Çünki praktiki olaraq bütün köhnə binaların 5 il ərzində sökülməsi mümkün deyil. Digər tərəfdən, paytaxtda sökülən bəzi binaların sakinlərinin narazılıq etdiyi də bildirilir. Qeyd edilir ki, onlara evlərinin sökülməsi müqabilində təklif olunan məbləğ azdır. Başqa bir narazılıq isə yeni tikilən binaların 14 və daha çox mərtəbədən olması ilə bağlıdır. Yada salaq ki, yaxınlarda parlamentdə də bildirilmişdi ki, yeni tikilən binalar 9 mərtəbədən artıq olmayacaq.

Hazırda bu istiqamətdə işlər necə gedir? Köhnə binalar sökülürmü? Vəziyyət deyildiyi kimidirmi?

“Yeni Musavat”ın əməkdaşı olaraq paytaxtda köhnə binaların çox olduğu əraziyə yollanaraq mövcud vəziyyəti öyrənməyə çalışdıq. Üz tutduğumuz Nizami rayonu, Qara Qarayev prospektində əksər binaların beş mərtəbədən ibarət olduğu, eləcə də köhnə və yararsız olduğu diqqətimizi çəkir. Bu ərazidə yalnız binalar deyil, kiçik, köhnə birmərtəbəli tikililər, ofislər də var ki, onlar da uçuq-sökük vəziyyətdədir. Az sonra sakinlərdən öyrənəcəyik ki, bu binaların hamısı plana düşüb.

“Bax, bir az aralıda binanı artıq söküblər”, deyə yaşlı bir qadın maraqlandığımızı görüb yaxınlaşdı. Qadından onu da öyrənirik ki, onun yaşadığı bina da köhnədir, amma hələ ki binanın sökülməsi barədə onlara heç nə deməyiblər.

Qadınla söhbətdən sonra yollanırıq yeni bina tikilən əraziyə. Q. Qarayev 78-də yerləşən həmin binanın ətrafının hasara alındığını görürük. Hasarın yuxarı hissəsindən ərazidə işlərin yeni başladığını da görmək olur. Yaxınlıqda yaşayan sakinlər isə dedilər ki, neçə vaxtdır burada tikinti işləri başlasa da, iş ləng aparılır: “Vallah, bizim binamız da plana düşüb. Deyirlər, bu binadan sonra bizim bina da söküləcək. Pəncərədən hər gün baxırıq, iş çox ləng gedir, çətin iki ilə bitirərlər bu işi. İl yarımdı burada iş gedir, ortalıqda hələ heç nə yoxdur. Yəqin beş ilə də bizim bina sökülər. Deyirlər, Bakıda da güclü zəlzələ ola bilər, Allah eləməsin, zəlzələ olsa, bu bina çökəcək. Pilləkənlərindən düşəndə tərpənir”. 

Sökülən binanın sakini Səlimə adlı yaşlı bir qadın da söhbətə qoşulur. Onun sözlərinə görə, indi yaxınlıqdakı yeni tikilidə kirayədə qalır: “Ayda bizə 400 manat kirayə pulu verirlər. Öz evimiz  40 kvadratlıq idi, iki otaq idi. İndi yeni evdə 70 kvadrat olacağına söz veriblər”.

Səlimə xanım onu da deyir ki, evləri iki ilə hazır olacaq:  “Açığını deyim, pulla bağlı narazılığımız yoxdur, amma bir az tez olsa yaxşı olardı. Binamız da 14-mərtəbəli olacaq, kaş ki, doqquzmərtəbəli olardı”.  

Bu binanın düz yaxınlığında bir köhnə doqquzmərtəbəli bina da var. Qarşısındakı çəpərli oturacaqda da iki qadın oturub. Yaxınlaşıb onlarla da söhbət edirik. “Deyirlər, bizim bina da 5 ilə söküləcək. Amma inanmıram, yəqin 20 ilə sökərlər. Çünki o biri binaların sökülüb tikilməsini görürük də. Çox gec edirlər. Bizimki 74-ün binasıdır, amma çox möhkəmdir. 2000-ci ildə zəlzələ olanda tərpəndi, sonra yerində oturdu, bir çat belə olmadı. Açığını desəm, inanmıram ki, bunu söküb yerində normal bina tiksinlər. Üstəlik, 9 mərtəbəni söküb, yerində çoxmərtəbəli bina tikəcəklər. Bunu da biz istəmirik, keçən dəfə deputat da dedi, 9 mərtəbədən hündür bina olmasın. Amma odur, baxın qızımgilin binasını söküblər, yerində 14 mərtəbəli bina tikəcəklər”.   

“Mənim qızımın da evi o binadadır. İndi tikirlər”, - deyə o biri qadın da söhbətə qarışdı: “Hə, camaata əşyalarını daşımağa maşın da verdilər. Pul da verirlər. Kvadratı 1850 manatadır. 14 mərtəbəli bina olacaq. Amma xoşumuza gəlməyən odur ki, binanın özülü balaca götürülüb, heç ürəkaçan deyil. Burada baxın, ofislər var, hamısı söküləcək.  Yerində çoxmərtəbəli evlər tikiləcək. ”Qiyaslı" şirkəti tikir bu ərazidəki binaları, ofisləri də üç küçə aralıdadır. Yaxınlaşıb, özünüz də maraqlana bilərsiniz, bizi narahat edən sualları soruşun".

Buradan da ayrılıb, qadınların göstərdiyi səmtə - “Qiyaslı” şirkətinin ofisinə yaxınlaşırıq. Şirkətin nümayəndəsi bizimlə söhbətdə bəzi məsələlərə aydınlıq gətirir: “Evlər iki il ərzində hazır olacaq və təhvil veriləcək. Tikinti işlərinə iki ay bundan qabaq başlanıb. Hələ ki bir bina sökülüb, o da 6 bloklu 5 mərtəbəli  binadır. Onun yerində 4 girişli 14-16 mərtəbəli buna inşa olunacaq. Sakinlərə kirayə pulu, daşınmaq üçün pulu vermişik. Birotaqlı evi olan 350 manat, ikiotaqlı 400, üçotaqlı 500, dördotaqlı 600 manat. 20 faizdən artıq təmirli mənzil veririk”.

Sakinlərin binaların 14 mərtəbəli olmasına etiraz etməsini də şirkət rəsmisindən soruşuruq: “Onsuz da tikilən binanın təhlükəsizliyi ilə bağlı Fövqəladə Hallar Nazirliyi və digər qurumlar yoxlayır. Əgər dövlət 9-dan artıq olmaması tələbəni qoysa, əməl edəcəyik. Dövlət necə qərar verirsə, elə də olacaq. Burada hər bir sakin razılıq verib, bir sakin belə narazı olarsa, sökməyə ixtiyarımız yoxdur. Hər bir binanın tikmək iki il çəkir. Bir binanın tikintisindən sonra yenisi tikilir. Köçmək, sakinlərlə müqavilələrin imzalanması da zaman alır. Bizim şirkət yalnız Nizami rayonunda olan binaların sökülməsi və yenisi ilə əvəz olunmasını öz üzərinə götürüb”.

Bizimlə söhbətdə əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev dedi ki, Bakıda 70-ci illərdən öncə tikilmiş yüzlərlə bina var: “Bu binaların əksəriyyəti təhlükəli vəziyyətdədir. Bəzilərinin divarlarında böyük çatlar, zirzəmilərində heç bir zaman çəkilməyən kanalizasiya suları var. Necə deyərlər, bu binaların əksəriyyəti hazır bomba kimidir. Nə zaman partlayıb yüzlərlə insanı məhv edəcəyi bəlli deyil”.

Ekspertə görə, binaların 9 mərtəbəli tikilməsi kimi bir qərar isə real görünmür: “Neçə vaxtdır ki, yeni tikili binaların 9 mərtəbədən hündür olmaması müzakirə olunur. Əslində bu dəyişiklik şəhərin estetik görünüşü və təhlükəsizlik baxımından arzuolunandır. Sadəcə, bu məsələdə bir sıra problemlər mövcuddur. Hazırda Bakıda çoxmənzilli yaşayış binalarının tikintisi üçün yararlı torpaq sahələri məhdud saydadır və qiymətləri kəskin şəkildə bahadır. Torpaq sahələrinin baha olması isə yeni tikili binalarda mənzillərin qiymətinin artmasına səbəb olub. Ona görə də tikinti şirkətləri daha çox pilot layihələrə, yəni istismar müddəti bitən binaların sökülərək yerində yeni binaların inşa edilməsinə daha çox meyillidirlər. Bu halda tikinti şirkəti sökdüyü mənzilin əvəzinə köhnə binada mənzil sahibi olan vətəndaşa yeni binada daha böyük və tam təmirli mənzil verir. Bundan başqa, yeni bina tam hazır olan müddətə qədər mənzil sahibinə kirayə haqqı ödənir, köç və digər xərcləri qarşılanır. Tikinti şirkətləri məcburən çoxmərtəbəli bina tikirlər ki, sakinlərə verdikləri mənzillər qarşılana bilsin və köhnə mənzil sahibi üçün ödədikləri xərcləri yeni mənzilin satışından götürə bilsinlər.

Ona görə də əmlak bazarında qiymətlər sabit deyil. Ona görə də binaların 9 mərtəbəli tikilməsi şərt kimi qoyularsa, bu, tikinti şirkətləri üçün maraqlı olmayacaq. Bu baxımdan köhnə binaların söküntüsü səngiyə bilər. Bu gün Bakıda istismar müddətini bitirmiş minlərlə çoxmənzilli köhnə tikililər var. Bundan başqa, qəzalı kimi qeydə alınan binaların da sayı az deyil. Həmçinin binaların 9 mərtəbəli olması mənzillərin qiymətini ən azı üç dəfə artıracaq. Bu isə vətəndaşlar üçün əlçatanlığın olmaması ilə yanaşı, tikinti şirkətlərinin iflasa uğraması deməkdir".

Afaq MİRAYİQ,
Fotolar müəllifindir,
"Yeni Müsavat"

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2024

22 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR