İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskinin sözləri Ermənistanda vahimə yaratdı

Ukrayna prezidentinin İrəvana mesajının arxasında nə dayanır?

Vladimir Zelenskinin Ukraynanın təkcə öz müstəqilliyi deyil, postsovet ölkələrinin, o cümlədən Ermənistanın müstəqilliyi uğrunda da mübarizə apardığı barədə açıqlaması İrəvanda qoxu yaradıb.

Musavat.com xəbər verir ki, bu barədə aravot.am yazıb.

Sayta açıqlama verən erməni publisist Akop Badalyanın fikrincə, Kiyevin özünü postsovet xalqlarının “azadlıq mübarizəsinin lideri” kimi təqdim etməsi Ermənistan cəmiyyətinə qəbul etdirilməsi çətin olan yanaşmadır. Onun sözlərinə görə, Zelenskinin hazırkı ağır vəziyyətdə özünü “xalqların xilaskarı” obrazında göstərməyə çalışması başadüşülən olsa da, bu obrazın erməni xalqına “sırınması” doğru deyil.


Paşinyan Zelenski ilə görüşdü

Badalyan hesab edir ki, Ukraynanın hazırkı müharibəsi Ermənistanın müstəqilliyi uğrunda aparılmır. Onun fikrincə, Kiyev daha çox öz hərbi-siyasi və iqtisadi tərəfdaşlarının geosiyasi maraqları, hərbi-sənaye kompleksinin gəlirləri, eləcə də Zelenski və onun yaxın çevrəsinin təhlükəsizlik və maliyyə maraqları çərçivəsində hərəkət edir.

Erməni analitikə görə, Ermənistanın müstəqilliyi məsələsi isə yalnız özündən asılıdır. Burada əsas amil ölkənin siyasi elitasının və cəmiyyətinin hazırlıq səviyyəsi, siyasi şüuru və dünyagörüşüdür. Badalyan xüsusilə vurğulayır ki, Ermənistanın müstəqilliyinin qorunmasının ən mühüm şərtlərindən biri müharibəyə hazır olmaqdır. Lakin daha vacib məsələ ölkənin hər hansı böyük güc mərkəzinin müharibəsində və ya geosiyasi qarşıdurmasında alətə çevrilməsinə imkan verməməkdir.

Bu baxımdan erməni publisist ölkənin siyasi elitasının davranışını və dünyaya baxışını xüsusi əhəmiyyətli hesab edir. Onun fikrincə, hakimiyyətin siyasi mövqeyini qorumaq üçün cəmiyyətdə qütbləşməni və dözümsüzlüyü dərinləşdirməsi dövlətin həqiqi müstəqilliyi barədə ciddi suallar yaradır.

Burada Zelenskinin mesajının Ermənistan üçün ən həssas tərəfi də ortaya çıxır. Əgər cəmiyyət daxilində parçalanma və qarşıdurma artırsa, xarici güclərin həmin cəmiyyətə özlərini “xilaskar” kimi təqdim etməsi daha asanlaşır.

Kiyevin Ermənistanın müstəqilliyi mövzusuna xüsusi diqqət ayırması təsadüfi görünmür. Ukrayna müharibəsi fonunda postsovet məkanında Rusiyanın təsirinin zəiflədilməsi Qərbin əsas geosiyasi istiqamətlərindən birinə çevrilib. Ermənistanın son illərdə Moskva ilə münasibətlərində yaranan gərginlik isə İrəvanı bu prosesin ən həssas nöqtələrindən birinə çevirib. Zelenskinin Ermənistanı da Ukraynanın “müstəqillik mübarizəsi” kontekstinə daxil etməsi bu baxımdan siyasi mesaj kimi oxuna bilər. Kiyev bir tərəfdən öz müharibəsinə daha geniş “azadlıq və müstəqillik” çərçivəsi qazandırmağa, digər tərəfdən isə postsovet ölkələrində Rusiyaya qarşı siyasi mövqeləri gücləndirməyə çalışır.

Lakin burada əsas sual budur: Ermənistan cəmiyyəti Ukraynanı öz müstəqilliyinin müdafiəçisi kimi qəbul edəcəkmi, yoxsa bu bəyanatı Kiyevin öz geosiyasi maraqlarının bir hissəsi kimi qiymətləndirəcək? Çünki Ermənistan üçün müstəqillik yalnız xarici himayəçi seçmək məsələsi deyil. Əksinə, ölkənin bir geosiyasi düşərgədən digərinə keçərək yeni asılılıq yaratması da müstəqillik anlayışının mahiyyətinə zidd ola bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR