İnsanlara hürriyət, millətlərə istiqlal!

Yol tikintisi zamanı TƏSADÜFƏN TAPILDI

Çinin Szyansi əyalətində yol tikintisi zamanı aparılan qazıntılar tarixə düşəcək arxeoloji kəşflə nəticələnib. İşlər zamanı Qərbi Han sülaləsi dövrünə aid kral məzarı aşkar olunub. Məzardan ümumi çəkisi 200 kiloqramdan çox qızıl və təxminən 10 ton bürünc sikkə çıxarılıb. Arxeoloqlar bunu Çində son illərin ən böyük tarixi tapıntılarından biri hesab edirlər.

Musavat.com xəbər verir ki, məzar kompleksində aparılan araşdırmalar nəticəsində onun eramızdan əvvəl 74-cü ildə taxta çıxan, cəmi 27 gün hakimiyyətdə qaldıqdan sonra devrilən imperator Liu He-yə (Haihun markizi) məxsus olduğu təsdiqlənib. Bu nəticə məzardakı möhürlərin və digər tarixi materialların təhlili əsasında müəyyənləşdirilib.

Qazıntılar zamanı ümumilikdə 478 ədəd qızıl külçə və qızıl əşya aşkar edilib. Onların arasında at və maral dırnağı formasında hazırlanmış külçələr, iri qızıl lövhələr, qızıl qablar, möhürlər və zinət əşyaları var. Bundan əlavə, məzarda qədim Çində istifadə olunan təxminən 2 milyon ədəd "Wushu" bürünc sikkəsi tapılıb. Bu sikkələrin ümumi çəkisinin 10 tona yaxın olduğu bildirilir.

Arxeoloqlar qızıllarla yanaşı, qədim Konfutsi portretinin həkk olunduğu taxta panel, nefritdən hazırlanmış bəzək əşyaları və tunc musiqi zəngləri də aşkar ediblər.

Mütəxəssislərin fikrincə, bu tapıntılar Qərbi Han dövrünün saray həyatı, incəsənəti və mədəniyyəti haqqında mühüm məlumatlar əldə etməyə imkan verəcək. Alimlər bildirirlər ki, eramızın 347-ci ilində baş verən güclü zəlzələdən sonra yaxınlıqdakı Poyanq gölünün suları məzarı örtüb. Oksigensiz su mühiti həm metal əşyaların korroziyaya uğramasının, həm də talançıların məzara daxil olmasının qarşısını alıb. Hazırda aşkar edilən bütün qızıl və digər tarixi əşyalar araşdırılması və gələcəkdə sərgilənməsi üçün Szyansi Əyalət Muzeyinə təhvil verilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

17 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR