İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yetiş, bacım” xitabını gözləmədilər – Azərbaycan xanımları Türkiyənin yarasını sarıyır

Qardaş Türkiyədə baş verən dağıdıcı zəlzələyə görə ölkəmizdə dərin və səmimi üzüntü duyan, yardım əli uzatmaq istəyən istəyən vətəndaşlarımız milyonlarladır. Demək olar ki, heç bir dövlət strukturu kənarda qalmadı, hamı bacardığı qədər qardaş ölkəyə arxa-dayaq olmağa, onun acılarını, sıxıntılarını xəfiflətməyə çalışdı və çalışır.

Türkiyədə baş verən zəlzələdən zərər çəkənlərə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə göndərilən humanitar yardımlar dövlətimizin bu faciəyə nə qədər həssas yanaşmasının nümayişidir. M.Əliyeva bu addımı zəlzələnin nəticələri ilə bağlı paylaşım etdikdən sonra atıb. Heydər Əliyev Fondu və “Paşa Holdinq” həmin təşəbbüsə dəstək verib və beləliklə, zəlzələ bölgəsinə göndərilən humanitar yardımın müntəzəmliyi və çoxşaxəliliyi təmin edilib. Yəqin ki, bu cür yardımlar sonrakı günlərdə də davam edəcək – ta zəlzələdən zərər çəkən insanlar öz normal həyatlarına sahib olana qədər.

WhatsApp Image 2023-02-11 at 15.50.08.jpeg (147 KB)

Bunu iki ölkə arasında mövcud olan səmimi və dərin dostluq-qardaşlıq münasibətləri zəruri edir. Başqa dövlətlər Türkiyə dövlətinə, zərərçəkənlərə birdəfəlik yardımlar edəcək, vəsait ayırcaqlar, amma Azərbaycanın dəstəyi birdəfəlik səciyyə daşımayacaq, yaralar tam sarınana qədər olacaq.
Mehriban Əliyevanın bu addımı təkcə onun yüksək dövlət postu tutması səbəbindən deyil. Ondan əvvəl bu, mənəvi-əxlaqi dəyərlərə, milli təəsübkeşliyə malik, humanizm ideallarına sadiq Azərbaycan qadınının atdığı addımdır.

Məlum olduğu kimi, dünyanın əksər ölkələrində dövlət rəhbərlərinin həyat yoldaşları qeyri-rəsmi olaraq vitse-prezident statusu daşıyırlar, humanitar fondlarla rəhbərlik edir, müntəzəm şəkildə müxtəlif səpkili xeyriyyəçilik tədbirləri həyata keçirir, mədəniyyət və incəsənət sahəsindəki yenilikçi təşəbbüsləri dəstəkləyir, himayə edirlər.

Tarixdə bunun parlaq örnəkləri var. Məsələn, ABŞ prezidenti Franklin Ruzveltin xanımı Eleonora Ruzvelt dövlətin idarə edilməsində, hakimiyyətlə cəmiyyət arasındakı münasibətlərin normal məcrada saxlanması işində ərinə ciddi köməklik göstərib. Argentina prezidenti Xuan Dominqo Peronun həyat yoldaşı Eva Peron ölkəsində çox müsbət səciyyəli işlər görüb. Son dönəmdə ABŞ prezidentləri olan Billi Klintonun həyat yoldaşı Hillari Klinton və Barak Obamanın xanımı Mişel Obama da ictimai-siyasi həyatda olduqca fəal idilər və əllərindən gələni edirdilər ki, öz fəaliyyətləri ilə prezident administrasiyasının yükünə çiyin versinlər, xalq üçün faydalı olsunlar.

WhatsApp Image 2023-02-11 at 15.49.56.jpeg (240 KB)

Bu, bir Qərb, Avropa ənənəsidir. Ölkənin birinci şəxslərinin xanımları ictimai-siyasi həyatda fəallıq göstərirlər və bu, həm dövlət, həm də cəmiyyət üçün faydalı fəaliyyət sayılır.

Bu baxımdan Mehriban Əliyeva həm ölkəsinin birinci xanımı olduğu, həm də rəsmi olaraq 1-ci vitse-prezident postu tutduğu üçün onun fəaliyyət arealı, ictimai-siyasi proseslərə təsir imkanları daha genişdir. Bu da öz növbəsində M.Əliyevanın humanitar sahədə uğurlu iş əmsalına malik olmasını təmin edir.

Mehriban Əliyevanın hazırda təbii fəlakət zonasında çalışan xilasedicilərimizin, tibb işçilərimizin, diplomatlarımızın, media nümayəndələrimizin əməyinə verdiyi yüksək qiymət əsasən ona görə təqdirəlayiqdir ki, ekstremal situasiyada işləyən bu şəxslər çəkdikləri zəhmətin dövlət rəhbərliyinin diqqətində olduğunu, ölkədə hər kəsin onları izlədiyini anlayırlar. Onlar olduqca mühüm və məsuliyyətli bir vəzifə yerinə yetirirlər, hər şeydən çox diqqətə, qayğıya ehtiyacları var.

Aydındır ki, Azərbaycan və Türkiyənin illərdir davam edən dostluq-qardaşlıq, strateji müttəfiqlik münasibətləri bir günün içində başa gəlməyib, uzun illər davam edən, ildən-ilə möhkəmlənən dostluğun bu səviyyəyə çatması üçün dövlətin bütün strukturları, cəmiyyətin, demək olar ki, bütün təbəqəqələri məqsədyönlü fəaliyyət göstəriblər. M.Əliyeva insanlarımızın Türkiyə xalqının, bütün türk dünyasının yaşadığı bu faciəyə olan yanğısına verdiyi yüksək dəyər onun göstəricisidir ki, Azərbaycan xalqı bütövlükdə bu qardaşlığın dəyərini, faydalılığını vazkeşilməzliyini anlayır və onun qədrini bilir.
Allahdan, hazırda Türkiyədə fəaliyyət göstərən xilasedicilərimizin, həkimlərimizin yalnız xoş soraqları gəlir. Onlar bu ağır günlərdə qardaşlarının xilası, müalicəsi üçün hər cür fədakarlıq edir, dövlətimizin və xalqımızın üzünü ağardırlar.

379d6e1d5af6e57d6cc9e841fecd91ff.jpeg (78 KB)

Əsl qardaşlıq bu cür ağır durumlarda sınaqdan layiqincə çıxır, qarşılıqlı sevginin sarsılmazlığı, möhkəmliyi və əbədiliyi bir daha öz əyani sübutunu tapır.

Hazırda yüz minlərlə insan yardım kampaniyasının davamlı olmasını, zəlzələdən zərərçəkənlərin normal həyat şəraiti təmil olunmasına qədər qardaş ölkəyə kömək edilməsini istəyirlər.

Bu cür səmimi münasibətlər çox az-az ölkələrin arasında var.

Azərbaycanın və Türkiyənin mövcud rəhbərliyi belə bir qardaşlıq büsatı yaratdıqları üçün alqışa layiqdir.

P.S. Bir zamanlar Türkiyə telekanallarının birində “Yetiş, bacım” adlı veriliş vardı, yardıma ehtiyac duyanlarla bağlı veriliş idi. Azərbaycan xanımları “yetiş, bacım” xitabını gözləmədən Türkiyəyə yardım əli uzatdılar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR