İnsanlara hürriyət, millətlərə istiqlal!

"Yeni Müsavat"ın əməkdaşı cənub bölgəsindən yazır: müxbirimiz nələr gördü? - REPORTAJ

Yamyaşıl ağaclar, ətrafa yayılan xoş rayihə, bol məhsul. Son zamanlar cənub bölgəsinə turist axınını artıran səbəblərdən biri sitrus bağlarına təşkil olunan turlardır. “Yeni Müsavat”ın əməkdaşı Lənkəran rayonunun İstisu qəsəbəsində yerləşən bağlardan birinə üz tutub. Buraya el arasında “müəllimənin bağı” deyirlər. Rəsmi adı isə “Citrus valley”dir, yəni sitrus vadisi. Bağa daxil olar-olmaz təbiətin bütün nemətləri insana gəl-gəl deyir. Hər zaman xarici ölkələrdə gördüyümüz, turistlər tərəfindən maraqla qarşılanan təsərrüfatları xatırladır bura. Ziyarətçilər üçün hərtərəfli şərait yaradılıb.

IMG_20221119_160637 (1).jpg (3.27 MB)

İkisi bir arada - həm turist ol, həm də fermer, cəmi 5 manata

Bağa giriş 5 manatdır. Yorğun gələn turist ilk növbədə dincəlmək istəyir. Odur ki, bu qiymətə fərqli mürəbbə çeşidləri ilə samovar çayı içə bilərsiniz. Ərazisi 15 hektar olan bağda 250 gavalı, 100 albalı, 2700 kivi, 5000 feyxoa, 300 limon, 50 portağal, 400 naringi ağacı, eləcə də 7 arı evi var.

IMG_20221119_132016 (1).jpg (5.57 MB)

Dincəldikdən sonra bağ ərazisini rahat gəzmək olar. Burada özünü fermer kimi hiss edirsən. Ziyarətçilərə meyvə toplamağa icazə verilir. Yox, desəniz ki, mən hazır məhsul toplamaq yox, başqa işlər də görmək istəyirəm, bağ sahibi bunun üçün də ayrıca şərait yaradıb. Həvəsi olanlar ağac budaması, əkilməsində iştirak edə bilərlər. Ziyarətçilər topladıqları məhsulu satın ala bilərlər - tərəziyə qoyulur, çəkisinə görə ödəniş edilir. Necə deyərlər, alan da razı, satan da. İstəyənlər üçün yemək hazırlamaq imkanı da var.

Sitrus vadisində cənub mətbəxinin ləziz təamlarını da dada bilərsiniz: ləvəngi plov, qozlu kükü, ləvəngi badımcan. Bu təamlar bağ ərazisindən toplanmış müxtəlif növ meyvələrdən hazırlanmış kompotlar və növbənöv turşularla təqdim olunur. Bunun üçün əlavə ödəniş etmək lazımdır.

Bağ ərazisində piknik etmək mümkündür. 

Velosiped sevərlər üçün də şərait yaradılıb. Müştəri təsərrüfat ərazisini və ona yaxın olan əraziləri velosiped ilə gəzə bilər. Ətrafı daha rahat kəşf etmək üçün təsərrüfat sahibinin atlarından birini seçməyə və sürməyə icazə verilir.

Sitrus vadisində istədiyiniz qədər foto, video çəkə bilərsiniz, bunun üçün ödəniş tələb olunmur.

Burada böyüklər dincəlir, uşaqlar əylənir. Cəmi 5 manata həm turist olursan, həm də könlün istəsə, fermer.

Yeri gəlmişkən, bura rəsmilərin də diqqətini çəkir. Məsələn, Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr və ailəsi bağı ziyarət edib.

64 yaşlı Nərminə Əliyeva: “Həyatım sahələrdə keçib”

Feyxoa və mandarinin mövsümü olduğundan fürsətdən istifadə edib mən də məhsul yığımında iştirak etdim. Fürsət bu fürsət deyib, sahədə çalışan zəhmətkeş xanımlardan biri ilə də söhbətləşdim. Qırmızıyanaq (red: sortun adıdır) feyxoaları toplaya-toplaya özü də qırmızıyanaq olan 64 yaşlı Nərminə Əliyeva feyxoa yığımı barədə ətraflı məlumat verdi: “Feyxoa əkildikdən sonra iki il ərzində bar vermir. Yumşalan kimi ağacdan düşməyə başlayır. Gördüyünüz bu feyxoaları yerdən toplamışıq. Həm də yağış yağdığı üçün yerə tökülüb. Ağacdan isə bir-bir toplayırıq. Yerdən toplamaq daha ağırdır. Əyilmək-qalxmaq çətindir. Son zamanlar bağlara gələnlər çoxalıb. Rusiyadan da gəlirlər. İnsanları bura cəlb edən həm də meyvələrdən istehsal olunan məhsullardır - mürəbbə, kompot, turşu və s. Hər gün bir neçə ton məhsul toplanır. Səhər saat 9-da sahəyə gəlirik, axşam saat 5-də çıxırıq. Heç bu gün nahar etməmişik. Günəmuzd işləyirik, günə 7 AZN qazanırıq. Yoldaşım gənc yaşda dünyasını dəyişdi. Mən də o vaxtdan 5 övladımı saxlamaq üçün sahələrdə çalışıram. Həyatım sahələrdə keçib. Burada mövsüm bitəndə Cəlilabada gedəcəm - şitil əkmək, çiyələk toplamaq və s.”

Həm dincəlmək, həm də əylənmək üçün yaradılan şərait

Terlan (1).jpeg (468 KB)

Fürsətdən istifadə edib turistlərin də fikirlərini öyrəndik. Naxçıvanlı Tərlan Zeynalova bağ haqqında təəssüratlarını “Yeni Müsavat”ın əməkdaşı ilə bölüşdü: “Bağdakı gəzinti çox gözəl oldu. Havanın mülayim olması, məkan sahibinin səmimiliyi, gülərüzlüyü çox xoş anlar yaşatdı. Meyvə bağlarındakı bolluq Azərbaycan torpağının, iqliminin, zənginliyinin göstəricisidir. Mənim fikrimcə, investisiya cəlb olunsa, ərazi daha da böyüdülüb, daha gözəl şəraitlə təmin olunsa, xarici və yerli turistləri daha çox cəlb etmək olar. Cənub bölgəsinə məxsus təamların çeşidinin bolluğu, dadı həm gözümüzü, həm də ağız dadımızı oxşadı. İstirahət üçün çox gözəl məkandır”.

Leman.jpeg (196 KB)

Bakıdan gələn Ləman Həsənova da yerli turistlər üçün belə məkanların mövcud olmasından razılığını bildirdi: “Xaricə getmək imkanı olmayanlar üçün Azərbaycanda belə turizm müəssisələrinin mövcudluğu sevindiricidir. Yerli turist kimi ürəyimcədir. Giriş qiyməti münasibdir. Burada xeyli zəhmətkeş xanım gördüm, sahədən məhsul toplayırlar. Biz də bir neçə saat müddətində onlara yardım edirik. Sonra öz zəhmətimizlə topladığımız məhsulu daha ucuz qiymətə alırıq. Həm gəzmək imkanı var, həm də yorulanda dincəlmək, yemək və s. Buradan toplanan məhsullardan çox dadlı kompotlar, turşular, mürəbbələr hazırlanır. Feyxoa mürəbbəsini, heyva turşusunu çox bəyəndim”.

Türkiyəli turistlərlə də qarşılaşdıq. Pınar Yıldırım Azərbaycanın bir neçə bölgəsində olub, amma sırf rahatlıq baxımından bu müəssisəni çox bəyənib: “Uşaqlarımla, bir neçə yaxın qohumla gəzirik. Buranı sosial mediada gördüm. Diqqətimi cəlb etdi. Bilirsiniz ki, Türkiyədə də sitrus meyvələri məşhurdur. Burada ikən gəlib yerində maraqlanmaq istədim, görəsən, burada meyvələrin dadı necədir? Özün ağacdan toplayırsan, dadına baxırsan, şərait əladır. Çox dadlı yeməklər təklif olunur. Bağın ətrafındakı mənzərə də çox gözəldir. Uşaqlar da əylənir. Çox xoşuma gəldi”.  

Müşahidələrimiz göstərdi ki, bağ ərazisində ziyarətçilərə ciddi nəzarət yoxdur. Turistlərə tam sərbəstlik verilir. Bununla da bir növ təbiətə münasibətdə məsuliyyətli olmaq aşılanır. Təbiət sənə verir, dəyərini bil mesajı verilir sanki.

IMG_20221119_132108.jpg (3.09 MB)

P.S. Bir məsələni də qeyd etməyi borc bilirəm. Təəssüf ki, ağacdan dərdiyi meyvənin qabığını yerə atanları da gördüm, yerində iradımı bildirdim. Madam ki, belə gözəl şərait yaradılıb, dəyərini də bilmək lazımdır. Təbiəti qoruyaq ki, o da bizə qarşı səxavətli olsun. Bu həm də şəxsi əmlakının (biznes məqsədilə olsa belə) qapısını bu qədər səxavətlə açan şəxsə, orada çalışan insanlara da hörmətin göstəricisidir.

Nigar HƏSƏNLİ,
Lənkəran, İstisu qəsəbəsi
Fotolar müəllifindir
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2024

22 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR