İnsanlara hürriyət, millətlərə istiqlal!

Yayın futbol həyəcanı - AÇ-24 başladı

Gözlər Türkiyə millisində; favoritlər, şanslar...

İyunun 14-də Almaniyada Almaniya-Şotlandiya matçı ilə futbol üzrə növbəti Avropa çempionatının final mərhələsi start götürüb. Bir ay çəkəcək (14 iyun-14 iyul) yarışma 6 qrup üzrə 24 ölkə millisi arasında keçiriləcək. Turnirdə mübarizə aparacaq qruplar və komandalar aşağıdakılardır:

A qrupu: Almaniya, Şotlandiya, Macarıstan, İsveçrə.

B qrupu: İspaniya, Xorvatiya, İtaliya, Albaniya.

C qrupu: Sloveniya, Danimarka, Serbiya, İngiltərə.

D qrupu: Hollandiya, Fransa, Polşa, Avstriya.

E qrupu: Ukrayna, Slovakiya, Belçika, Rumıniya.

F qrupu: Portuqaliya, Çexiya, Gürcüstan, Türkiyə.

Qeyd edək ki, qrupları ilk iki yerdə başa vuran komandalar və üçüncü yeri tutan ən yaxşı 4 komanda son 1\16 mərhələsinə yüksələcək. Qrup yarışları çərşənbə günü, iyunun 26-da başa çatacaq.

İyunun 29-da start götürəcək 1/8 final mərhələsindən etibarən turnir birdəfəlik ələmə üsuluna keçəcək. Turnirdə 1/4 finalın oyunları iyulun 5-i və 6-da, yarımfinalın oyunları isə iyulun 9-u və 10-da keçiriləcək.

Avro-2024-ün çempionu iyulun 14-ü, bazar günü Berlin olimpiya stadionunda keçiriləcək final oyununda müəyyənləşəcək.

Azərbaycanlı azarkeşlərin, heç şübhəsiz ki, əsas diqqətləri qardaş Türkiyədədir. Bir sözlə, qəlbimiz bizə ən yaxın olan dövlətlə döyünəcək. Türkiyə yığması çempionatın ilk oyununda iyunun 18-də Dortmundda Gürcüstanla qarşılaşacaq. Yığma qrupda ikinci oyununu iyunun 22-də Dortmundda Portuqaliyaya, üçüncü oyununu isə iyunun 26-da Hamburqda Çexiyaya qarşı keçirəcək.

Budəfəki çempionatın favoriti hansı ölkədir? Türkiyəmizin şansları varmı?

Aqil Abbas: “Prezidentin mənə ən böyük mükafatı Qarabağdır” Yeni Sabah

 Aqil Abbas

Hər zaman futbolu yaxından izləyən, deputat Aqil Abbasın azarkeşlik etdiyi ölkə Almaniya olacaq: “Hazırda Türkiyə millisi ilə Azərbaycan milli komandası eyni səviyyədədir. Türkiyənin yer aldığı qrupundan belə çıxma şanslarını görmürəm. Almaniyanı favorit sayıram. Gürcüstanın necə oynayacağı məni çox maraqlandırır. Çünki, orada 600 min azərbaycanlı yaşayır. Onlar da komandalarını dəstəkləyəcək. Mən də Gürcüstanı tutacam. Amma iyunun 18-də keçiriləcək Türkiyə-Gürcüstan oyununda təbii ki, qardaş ölkəyə ürəkdən azarkeşlik edəcəm. İndiyə qədər hər zaman Türkiyənin tərəfini saxlamışam. Türkiyə olmayanda əvvəllər İspaniya millisinə baxmışam. Favoritlər sırasında Fransanın adı da çəkilir. Amma bu ölkənin çempion olacağına qətiyyən inanmıram. Futbol mütəxəssisi olmadığım üçün yanıla da bilərəm. Sadəcə İlkay Gündoğan Almaniya millisində oynayır. Ona görə də, daha çox alman millisinin qalib gəlməsini istərdim. Açığı yarışın Almaniyada keçirilməsinin bu ölkə üçün əsas şans olduğuna inanmıram. Belə futbollarda meydan amili əsas rol oynamır. Hakim amili var, bəzən meydan sahiblərinin tərəfini tuturlar. Amma bu da nadir hallarda olur. Məsələn, bir fikir deyim. Türkiyənin oyunlarında azarkeş dəstəyi Almaniyanın oyunlarına olan dəstəkdən heç də az olmayacaq. Çünki, bu ölkədə milyonlarla türk yaşayır. Şabanın sözü olmasın, bir müddətdən sonra Almaniyada ana dili türk dili olacaq”.

Nişan və toy mərasimlərinə futbol oyunlarından daha çox adam gəlir" -  10.02.2019, Sputnik Azərbaycan

Kənan Məstəliyev 

İdman mütəxəssisi Kənan Məstəliyev favoritlərini açıqladı: “Növbəti futbol bayramını yaşayacağıq. Əla komandalar, əla stadionlar, əla ab-hava və gözəl bir turnir. Almanların təşkilatçılıq bacarığı məlumdur, onlar hər şeyi ən yaxşı səviyyədə edəcəklər. Oyunun özünə gəlincə, favoritlər Fransa, İngiltərə və Almaniyadır. Daha çox fransızları qeyd edə bilərəm, çünki heyətləri ulduzlar toplusudur, əsl qalaktikosdu. Hansısa fors-major hadisə baş verməsə Didye Deşamın yetirmələrinin çempion olmasına kimsə mane ola bilməyəcək. İngilislər də güclü və qələbəyə hazırdılar. Qaret Sautqeyt optimal bir heyət qurub, ən formada olan futbolçuları cəlb edib, qızıl medallara kökləyib. Almanlar da favoritdir, amma sırf meydan sahibi olduqları üçün. Onlarda hələ də nəsil dəyişikliyi gedir, prosesi bitirə bilməyiblər. Onların hətta finala çıxması belə sürpriz hesab ediləcək. Türkiyəyə gəlincə, qardaş ölkənin komandası gənc ulduzlarla doludur. Xüsusilə də, Arda Gülərin performansı hər kəsi maraqlandırır. Yoldaşlıq görüşlərində gördüyümüz Gülər çox yüksək səviyyədə oynamağa hazırdır, əla futbolçudur. Buna baxmayaraq, Türkiyəni turnirin favoritləri sırasına aid etmək olmaz. Potensial olaraq ən yaxşılardan olsalar da, ”ay-ulduzlular"ın komanda oyunu baxımından çətinlikləri var. Türkiyə bu turnirdə final da oynaya bilər, öz qrupunda qala da. Sabitlik əsas problemdir. Gürcüləri udub, çexiyalılarla ən azı bərabərə qalmaqla qrupdan çıxmağı təmin edə bilərlər, məncə bunu edə biləcəklər. Ancaq sonrası çətin məsələdir. Çünki AÇ-də rəqabət həmişə yüksək səviyyədə olub, bu mənada DÇ-dən üstün olublar. Burda hər xal, hər tur üçün ciddi mübarizə gedir. Türkiyəmizi çətin bir yarış gözləyir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2024

22 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR