İnsanlara hürriyət, millətlərə istiqlal!

“Xamenei ondan narahatdır ki, Məsud Pezeşkian prezident seçilsə...”

“İranda sərt xətt tərəfdarı olan namizədlərin ikisinin – Əmir Hüseyn Qazizadə Haşimi və Əlirza Zakaninin seçkilərdən geri çəkilməsi iki vacib məqamı özündə əks etdirir. Birincisi, mühafizəkarlar liberalların namizədi Məsud Pezeşkianın seçkilərdən qalib çıxa bilmək şanslarından narahatdırlar. İkincisi, onların “Seçkilərə stop” deməsi mühafizəkarların vahid namizəd ətrafında sıx birləşməsi üçün gediş idi”.

Bu sözləri politoloq Aqşin Kərimov İranda keçirilən prezident seçkisi ilə bağlı Musavat.com-a açıqlamasında deyib.

AQSİN.jpeg (208 KB)

Politoloq qeyd edib ki, İranda sərt xətt tərəfdarları arasında da fikir ayrılıqları mövcuddur:

“Bu, praqmatik mühafizəkar Məhəmməd Qalibaf və ultramühafizəkar Səid Cəlilinin mübarizəsində görünür. Qalibaf və Cəlilinin hər ikisinin seçkidə qalması onların ən azı sərt xətli səslərin bir hissəsini böləcəklərini təmin edir. Bu, həm də hər ikisinin qalib gəlmək üçün lazım olan çoxluğa çatmasına mane ola bilər. Bu, Məsud Pezeşkianın şanslarını artırır, ancaq diqqətçəkən məqam budur ki, SEPAH-da Pezeşkiana qarşı sərt cəbhəni birləşdirməyə çalışır”.

Aqşin Kərimov bildirib ki, ali rəhbər Seyid Əli Xameneinin də Pezeşkianın qalib gəlməsi şansına görə narahatlıqları mövcuddur.

“Bu, ən çox İrandakı hakimiyyət uğrundakı rəqabətdə Xameneinin mövqelərinin zəifləməsi ilə əlaqəlidir. Yəni Xamenei ondan narahat deyil ki, Pezeşkian prezident seçilsə, İranın xarici və daxili siyasətini dəyişəcək, heç bu, mümkün də deyil. Xameneinin narahatlığı bundan ibarətdir ki, Pezeşkian elitadakı qüvvələr nisbətinə təsir edib ali rəhbərin mövqelərinin tamamilə laxlaması üçün istifadə oluna bilər.

Xamenei əsl prosesləri gizlətməkdən ötrü isə “ABŞ hekayəsinə” istinad edir. Belə ki, prezidentliyə iddialılara müraciət edən ali lider xəbərdarlıq edib ki, seçiləcəkləri təqdirdə “Amerikasevər” məmurları təyin etməkdən çəkinsinlər.

Burada eyham Pezeşkianadır, görünür ki, İranda sandıqlardan “Pezeşkianın çıxma” ehtimallarına qarşı ali rəhbərlik və SEPAH-ın manipulyasiya imkanları formalaşdırılan ssenarilər arasındadır”, - deyə politoloq vurğulayıb.

Xatırladaq ki, bu gün İranda növbədənkənar prezident seçkisi keçirilir. Seçkidə prezidentlik uğrunda mübarizəyə İran İnqilabı Keşikçiləri Korpusunun keçmiş rəhbəri və parlamentin indiki sədri Məhəmməd Bağır Qalibaf, Ali Dini liderin ölkənin Təhlükəsizlik Şurasında nümayəndəsi Səid Cəlili, Tehran meri Əli Rza Zəkiyani, keçmiş ədliyyə naziri Mustafa Purməhəmmədi, Şəhid və Veteranlar Fondunun rəhbəri Əmir Hüseyn Qəzizadə-Haşimi və sabiq səhiyyə naziri Məsud Pezeşkian qatılsa da, daha sonra Əli Rza Zəkiyani və Əmir Hüseyn Qəzizadə-Haşimi öz namizədliklərini geri götürüblər.

Artıq seçkilərin favoritinə çevrilmiş yeganə azərbaycanlı namizəd “islahatçıları” tək təmsilçisi Məsud Pezeşkiandır. Onun seçki marafonunda Rəşid Behbudovun ifa etdiyi “Azərbaycanım” mahnısı səsləndirilib.

Onu da əlavə edək ki, namizədlərdən heç biri lazımi miqdarda səs yığa bilməsə, iyulun 5-də ən çox səs toplayan iki namizədin iştirakı ilə seçkilərin ikinci turu keçiriləcək.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyul 2024

30 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR