İnsanlara hürriyət, millətlərə istiqlal!

Turan elinin bayraqdarının “Bayraktar”ı – Türkiyənin gücü və nüfuzu

Bu günlərdə Türk Dövlətləri Təşkilatının Türkiyədə keçirilən növbədənkənar sammitində Azərbaycan dövlətinin başçısı İlham Əliyev də iştirak və çıxış edib. Prezident əhatəli və məzmunlu çıxışı zamanı aşağıda iqtibas etdiyimiz fikirləri də səsləndirib: “Bu gün dünyada Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər. Türkiyə son 20 ildə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmiş, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir.

Musavat.com xəbər verir ki, daha sonra İ.Əliyev belə bir fikir də söyləyib: “Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün Türk dünyası üçün önəmli şərtdir”.

6655.jpg (367 KB)

Azərbaycan Prezidentinin bu sözlərinin altında illərin sınaqlarından keçmiş təcrübə, gerçəklik yatır.
Bir var, Türkiyənin beynəlxalq nüfuzu və hərbi gücü barədə qardaş ölkə ilə yeni-yeni yaxınlaşan, dost-müttəfiq olmaq istəyən dövlətlərdən birinin başçısı danışsın, bir də var, bu sözləri 44 günlük savaşdan əvvəl, savaş zamanı və ondan sonra Türkiyənin beynəlxalq arenadakı sözünün çəkisinin, iradəsinin yetərliyinin, hərbi gücünün çəkindirici amilinin faydasını real olaraq görmüş bir dövlətin başçısı dilə gətirsin.

Azərbaycan ikincilərdəndir. Ona görə də Prezident İlham Əliyevin bu fikirləri yüzdəyüz səmimiyyətə söylənmiş bariz həqiqətdir.

Əvvəllər heç də belə olmayıb. Ötən əsrin ortalarında Türkiyənin hərbi gücü böyük olsa da, beynəlxalq nüfuzu, iradəsi, sözünün keçərliliyi bu gücə uyğun olmayıb. Məsələn, hərbi qüvvələrinin şəxsi heyəti baxımından Türkiyə ən güclü NATO dövləti olub, alyansın bütün əməliyyatlarında can-başla və effektiv şəkildə iştirak edib, ABŞ-ın, Avropa dövlətlərinin düşmənlərinin önündə sipər olub, ancaq hansısa ciddi bir məsələnin müzakirəsi zamanı Türkiyə dövlətini idarə edənlərin rəyi heç vaxt Şimali Atlantika hərbi blokunda nəzərə alınmayıb, həlledici sayılmayıb. Bir növ Türkiyə NATO-da əsgər funksiyası yerinə yetirib, əmr qulu olub.

WaltonWalker&TahsinYazici.jpg (32 KB)

Cənubi Koreyada hələ də Türkiyə hərbçilərinin Koreya müharibəsindəki rəşadətini xatırlayırlar, bəs görək ABŞ-da, Avropada bu barədə nə düşünürlər? Demək olar ki, heç nə. Onlar hesab edirlər ki, Türkiyə NATO üçün nə edibsə, NATO Türkiyə üçün beşqat artığını edib. Əslində isə elə deyil. Türkiyə regionda NATO-nun vuran yumruğu, SSRİ kimi aqressiv dövlətin qarısında duran cənub qalası olub.
Ancaq Türkiyədə Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyası 2002-ci ildə hakimiyyətə gələndən sonra dövlətin bu istiqamətdəki siyasəti yavaş-yavaş dəyişməyə başladı. Türkiyə beynəlxalq aləmdə, xüsusilə də Avropada özünü saydırmağa başladı. 2005-2010-cu illər arasında Türkiyənin Avropa ailəsinin tamhüququlü üzvü olmaq çabaları bəzi qüdrətli Avropa dövlətlərinin (Fransa, Almaniya, Hollandiya və s.) qərəzli və məkrli siyasəti üzündən uğursuzluğa düçar olanda Türkiyə siyasətçiləri artıq anladıqlarını anladılar, Avropanın qəbul otağının qapısında gözlədilməyi sinirə bilmədilər və “qoca qitə”nin həddini bildirməyi vacib saydılar.

55444.jpg (66 KB)

Məhz ondan sonra artıq Avropa dövlətləri Türkiyənin gücünü görməyə başladılar, onu əvvəlki kimi buyruq qulu edə bilməyəcəklərini başa düşdülər, sözüylə, iradəsiylə hesablaşmağa məcbur oldular.
Bu gün NATO-ya üzv olan dövlətlərin hamısı anlayır ki, alyansın hərbi baxımdan ən mütəşəkkil, ən güclü ordusu Türkiyəyə məxsusdur, ən qorxmaz, möhkəm, səriştəli əsgərləri türk əsgəridir.
Bundan başqa, Türkiyənin hərbi sənayesi bütün Avropanı, hətta dünyanı heyrətləndirəcək səviyyədə inkişaf edib. 44 günlük savaşda Türkiyədə istehsal olunan “Bayraktar” markalı pilotsuz uçuş aparatlarının (PUA) İsraildə istehsal olunan “Harop”lardan əskik olmadığı, hətta üstün olduğu ortaya çıxdı. Müharibədən sonra bu PUA-lar daha da təkmilləşdirilib və dünyanın bir çox ölkələri onların alıcısı olublar.

Eyni zamanda Türkiyədə hava hücumundan müdafiə qurğuları da ciddi şəkildə inkişaf edib və artıq Türkiyənin Rusiyadan S-400, ABŞ-dan “Patriot” tipli silahlar almağa ehtiyacı yoxdur.
Beynəlxalq hərbi-siyasi arenada yaranmış mövcud situasiyada bunlar bir dövlətin və onun müttəfiqlərinin öz sərhədlərini toxunulmazlığını, millətin təhlükəsizliyini qoruması baxımından çox önəmlidir.

5544200.jpg (36 KB)

Azərbaycan dövlətinin başçısı bunu əla bildiyi üçün yuxarıdakı fikirləri səsləndirib, həm Türkiyə dövlətinin düzgün yolda olduğunu qeyd edib, həm də onun düşmənlərinə açıq mesaj verib.
Hərbi baxımdan güclü Türkiyənin beynəlxalq arenadakı nüfuzu ona böyük türk dünyasının, TDT-nin bayraqdarı olmaq görəvi verib. Bəzilərinin dünənə qədər utopik ideya hesab etdiyi Turan birliyinin gələcəyi, rifahı, təhlükəsizliyi məhz Türkiyədən, onun qüdrətindən və əhalisinin, siyasilərinin düzgün seçimlər etməsindən çox asılıdır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR