Onlayn ictimai-siyasi qəzet
“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” (TRIPP) icrası üzrə çərçivə sənədinin qəbul edilməsi 8 avqust Vaşinqton sammiti çərçivəsində əldə olunmuş razılıqlara ABŞ tərəfinin sadiqliyini bir daha nümayiş etdirməklə yanaşı, bu sahədə əməli işlərə başlamaq üçün mühüm addımdır. Bu, eyni zamanda, Ermənistanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi baxımından əhəmiyyət kəsb edir.
Musavat.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” (TRIPP) icrası üzrə çərçivə sənədinə dair yerli mətbuatın sualına cavabında söyləyib.
A.Hacızadə, həmçinin bildirib ki, Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi ölkəmizin əsas prioritetlərindən biridir. TRIPP marşrutu bununla yanaşı, daha geniş bölgədə ticarət və bağlantıların şaxələndirilməsi baxımından vacibdir.
Milli Məclisin deputatl Elçin Mirzəbəyli Musavat.com-a şərhində bildirib ki, Cənubi Qafqazda yeni geosiyasi reallıqlar artıq müzakirə mövzusu deyil, formalaşmış və geri dönüşü olmayan bir faktdır. Deputatın fikrincə, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra regionda əsas gündəm kommunikasiyaların açılması, iqtisadi inteqrasiya və davamlı sülhün institusional əsaslarının qurulmasıdır:
“TRIPP marşrutunun icra çərçivəsi məhz bu reallığın siyasi və iqtisadi ifadəsi kimi qəbul oluna bilər və faktiki olaraq Zəngəzur dəhlizinin beynəlxalq təminatlı formatda reallaşdırılması deməkdir. Bu o deməkdir ki, Zəngəzur dəhlizi artıq mübahisə predmeti deyil, qəbul edilmiş öhdəlikdir. Xatırladım ki, TRIPP İcra Çərçivəsində “Ermənistan ərazisində maneəsiz, multimodal tranzit əlaqəsinin yaradılması” birmənalı şəkildə təsbit olunur. Bu ifadə diplomatik ritorika yox, Azərbaycanın illərdir irəli sürdüyü prinsipial tələbin, yəni maneəsiz gediş-gəlişin təmin edilməsinin siyasi öhdəlik kimi qəbul olunmalıdır. Burada əsas məqam ondan ibarətdir ki, tranzit Ermənistanın daxili inzibati prosedurlarının girovuna çevrilmir, marşrut regional və beynəlxalq daşımalar üçün açıq elan olunur, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə texniki yox, siyasi səviyyədə təminata alınır. Beləliklə, Zəngəzur dəhlizi artıq terminoloji mübahisələrin mövzusu deyil, institusional çərçivəsi müəyyən edilmiş real nəqliyyat arteriyasıdır. TRIPP -in əsas fərqləndirici cəhəti layihənin icrasına ABŞ kimi qlobal hegemon gücün birbaşa siyasi təminat verməsidir. Bu, Cənubi beynəlxalq münasibətlər tarixində nadir presedentdir. ABŞ bu marşrutu Trans-Xəzər Ticarət Marşrutunun ayrılmaz hissəsi, Avropa-Asiya əlaqələrində alternativ və etibarlı xətt, kritik tədarük zəncirlərinin qorunması mexanizmi kimi təqdim edir. Bu yanaşma Zəngəzur dəhlizini yalnız regional layihə çərçivəsindən çıxararaq qlobal logistika arxitekturasının tərkib hissəsinə çevirir. Belə bir status isə layihənin təhlükəsizliyini, davamlılığını, siyasi müdaxilələrdən qorunmasını təmin edən əlavə mexanizmlər yaradır”.
E.Mirzəbəyli vurğulayıb ki, ABŞ-nin bu prosesdə iştirakı o deməkdir ki, marşrutun fəaliyyəti artıq lokal siyasi dalğalanmalardan asılı olmayacaq:
“TRIPP marşrutu Azərbaycanın milli maraqlarına tam uyğun gəlir və bir neçə istiqamətdə strateji üstünlük yaradır. Birincisi, Naxçıvanla birbaşa, maneəsiz əlaqə ölkənin ərazi bütövlüyünü funksional olaraq tamamlayır. İkincisi, Azərbaycan regional logistika mərkəzi statusunu daha da möhkəmləndirir. Üçüncüsü, Azərbaycan Trans-Xəzər marşrutu vasitəsilə Orta Asiya–Avropa xətti üzərində aparıcı aktora çevrilir. Ən vacib məqam isə budur ki, Azərbaycan bu layihədə qaydaları formalaşdıran tərəf kimi çıxış edir. Yəni maneəsiz gediş-gəliş artıq razılaşdırılmış norma statusu alır. TRIPP Ermənistan üçün də keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır. Sənəddə göstərilən hədəflər, yəni tranzit ölkəyə çevrilmək, investisiya cəlbi, ixrac bazarlarının genişlənməsi Ermənistanın regional izolyasiyadan çıxışının yeganə rasional yolunun inteqrasiya olduğunu təsdiqləyir. Bu çərçivədə Ermənistan kommunikasiya blokadası siyasətindən imtina edir, regional layihələrdə iştirak etməklə iqtisadi fayda qazanır, normallaşmaya ideoloji yox, institusional səviyyədə yanaşır. Beləliklə, TRIPP Ermənistan üçün seçim deyil, regional reallığa uyğunlaşma mexanizmidir. Bütövlükdə isə, TRIPP marşrutunun icra çərçivəsi göstərir ki, Cənubi Qafqazda sülh artıq abstrakt çağırış deyil, konkret iqtisadi və logistika mexanizmləri üzərində qurulan sistemdir. Zəngəzur dəhlizinin beynəlxalq siyasi təminatla reallaşdırılması qarşıdurma risklərini minimuma endirir, tərəfləri qarşılıqlı asılılıq modelinə daxil edir, regionun qlobal ticarət və təhlükəsizlik arxitekturasına inteqrasiya etməsinə genim imkanlar yaradır”.
Deputat həmçinin, diqqətə çatdırıb ki, Azərbaycan bu prosesdə həm siyasi qalib, həm də regional transformasiyanın əsas aparıcı qüvvəsi kimi çıxış edir:
“Maneəsiz gediş-gəlişin öhdəlik kimi qəbul edilməsi və ABŞ-nin siyasi təminatı TRIPP-i Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin real sütununa çevirir. Bu mənada TRIPP marşrutu yalnız yol deyil, regionun gələcək inkişaf trayektoriyasıdır”.
Nigar Həsənli,
Musavat.com
12 Iyun 2026
11 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ